Məhkəmə qərarları › İş №2(045)-928/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-928/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-928/2023 13.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 387 manat telefonun kredit pulunun, ərizənin hazırlanıb məhkəməyə verilməsinə qədər çəkdiyi 50 manat xərc və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 467 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 5 il olar tanıyır. Belə ki, onunla günəmuzd fəhlə kimi gündəlik işə getmişdir. Fəhlə kimi işə gedən zaman Cavabdeh əlində Samsung A13 markalı telefon görmüş və həmin telefonu istəmişdir. O, həmin telefonu özünə təzə aldığını bildirmişdir. Nahid ona yalvarmış və telefonun kreditini hər ay özü ödəyəcəyini bildirmişdir. O, Nahidə inanmış və telefona 1 illik ayda 43 manatdan pul ödəyəcəyini bildirmişdir. Nahid 3 ay hər ay 43 manatdan olmaqla onlayn şəkildə Bakı şəhərində “Kontakt Home” mağazasına ödəniş etsə də, yerdə qalan ayları ödəməmişdir. 4 ay kreditin pulunu, yəni 172 manat pulu o, özü ödəmişdir. Bu gün də telefonun pulundan ödənişlər edir. Dəfələrlə Nahidə pulu ödəməyini bildirsə də hər dəfə bəhanələr edərək pulu ödəməmişdir. Telefon hazırda Nahidin istifadəsindədir. Telefonu Nahid işlədir. Məsələ ilə bağlı Goranboy rayon Polis Şöbəsinə şikayət etmiş, bu barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh həmin qərarda verdiyi izahatında telefonu ondan aldığını və ödəniş etmədiyini özü etiraf etmişdir. İşin sivil qaydada öz həllini tapması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində göstərdi ki, iddianı qismən qəbul edir. İddiaçı 387 manat borcu vardır. Həmin pulu yaxın zamanda iddiaçıya ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zəmanət talonu”ndan görünür ki, İddiaçı “Kontakt home” mağazasından xx.xx.2022ci il tarixdə Samsung Galaxy A13 markalı telefon almışdır; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı tanıyır, ondan 2022-ci ilin avqust ayında Samsung A13 markalı telefon almış və sonuncuya telefonun kreditini hər ay 43 manat olmaqla ödəyəcəyini demişdir. O, 3 ay telefonun kreditini ödədikdən sonra pulu olmadığı üçün ödəyə bilməmişdir; Cavabdeh məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, iddianı qismən qəbul edir. İddiaçı 387 manat borcu vardır. Həmin pulu yaxın zamanda iddiaçıya ödəyəcəkdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan Samsung A13 markalı telefonu almış, onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyinin bir hissəsini icra etsə də öhdəliyini tam icra etməmiş və nəticədə cavabdehə 387 manat borcu qalmışdır. Cavabdeh iddianı qismən, yəni iddiaçıya 387 manat borcu olması hissəsində etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin ərizənin hazırlanıb məhkəməyə verilməsinə qədər çəkilmiş 50 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən tələb bu hissədə təmin olunmamalıdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 387 (üç yüz səksən yeddi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 387 (üç yüz səksən yeddi) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar