Məhkəmə qərarları › İş №2(046)-107/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-107/2024

25.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-107/2024 25.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 45.000 manat pulun və 225 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X7 ilə aralarında 15 avqust 2022-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış müqavilənin predmeti ondan ibarətdir ki, X2 övladları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 125 2.6-cı maddələri ilə təqsirləndirilən şəxslər X12 və X5 cinayət işi üzrə zərər çəkmiş şəxs kimi ona 70.000 (yetmiş min) manat məbləğində maddi və mənəvi ziyan vurması ilə razılaşaraq tələbini qəbul etmişdir. Müqaviləyə əsasən ona vurulmuş 70.000 (yetmiş min) manat məbləğində maddi və mənəvi ziyanın 25.000 manatı təqsirləndirilən şəxslər X11, X10 və anaları cavabdeh X7 tərəfindən ona nağd olaraq ödənilir, qalan 45.000 manat məbləğində pulun altı ay müddətinə ödənilməsi barədə X7 ilə aralarında öhdəlik müqaviləsi bağlanılır. X7 öhdəlik götürmüşdür ki, hazırkı müqavilə bağlanıldığı gündən başlayaraq altı ay ərzində hissəhissə olmaqla 45.000 manat pulu ona şəxsən və ya onun vəkili və nümayəndəsi X13 vasitəsi ilə tam olaraq ödəyəcəkdir. İlkin ödəniş barədə və sonradan hər ay ödəniləcək pul barədə müqavilədə qeydlər aparılacaq və tərəflərin imzaları ilə təsdiq ediləcəkdir. Onun tərəfindən öhdəlik götürülmüşdür ki, ilkin ödəniş ona ödənildikdən və tərəflər arasında öhdəlik müqaviləsi bağlanıldıqdan dərhal sonra təqsirləndirilən şəxslər X12, X10 ilə barışmaları, onlardan hər hansı şikayətinin və maddi tələbinin olmaması barədə ərizə yazaraq notariat qaydada təsdiqlənmiş surətdə tərəfə təqdim edir. Müqavilədə qəbul edilmiş öhdəliklər vaxtında, lazımı qaydada icra edilməzsə digər tərəf pul tələbi, maddimənəvi ziyanla bağlı məhkəməyə müraciət edə bilər. Müqaviləni bağlayarkən müqavilədən irəli gələn bütün hüquq və vəzifələri bilərək, tam sərbəst, könullu olaraq imzalamışdır. Müqavilədə təsbit olunmuşdur ki, müqaviləni pozan tərəf Azərbaycan Respublikası Mülki Qanunvericliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Müqavilədə qeyd olunan 70.000 manat pul vəsaitindən 25.000 manat hissəsi ona ödənilsə də, qalan 45.000 manat pul vəsaiti ödənilməmişdir.Cavabdehə müraciət edərək, müqavilə öhdəlikləri tam şəkildə icra etməsini tələb etsə də, cavabdeh müqavilə üzrə ödəməli olduğu 70.000 manatın 45.000 manat hissəsini ödəməmişdir. İddiaya etiraz: Cavabdeh X7 iddiaya qarşı etiraz və mülahizə təqdim edərək göstərmişdir ki, iddiaçı ilə arasında razılaşdırılmış məbləği ona tam şəkildə ödəmiş, bundan sonra İddiaçı ona notarial qaydasında imzalanmış ərizə verərək oğlu ilə barışdığını,ona vurulmuş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsinə dair ərizə yazılaraq Şəki Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Bu ərizəyə əsasən məhkəmənin qərarı ilə oğlu Ə.Əsədzadəyə CM-nin 70-ci maddəsi tətbiq edilmişdir. Həmin qərarda da İddiaçı cinayət nəticəsində vurulmuş zərərin tam şəkildə ödənilməsi göstərilmişdir. Heç bir qanuna uyğun olmayaraq iddiaçı müqavilə bağlayıb pul qazanmaq niyyətindədir. Bundan başqa, öhdəliyin yaranması üçün tərəflər arasında müqavilə olmalıdır. Cinayət nəticəsində yaranmış maddi və mənəvi zərər razılaşdırlmış qaydada zərərçəkmişə ödənilmişdir. Bu ödənişlə zərərçəkmiş İddiaçı razılaşmış və müvafiq ərizə yazmışdır. Yəni artıq zərər vurulmasından yaranmış öhdəlik yerinə yetirilmişdir. İddiaçı cinayət işi üzrə ona vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aldıqdan sonra oğlundan şikayət edəcəyi cəzasının artırılacağı, həbs etdirəcəyi ilə hədələyərək, onu bu əlavə “müqaviləni” bağlamağa məcbur etmişdir. Oğullarının barəsində olan cinayət işi zərərçəkmiş İddiaçı kassasiya şikayəti əsasında Ali Məhkəmənin qərarı ilə ləğv olunduğundan onun bu hədələrini real qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı teleqram vasitəsi ilə məkhəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda həmin hökmlə X11 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X8 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Qeyd edilən hökmdə iddiaçı (zərərçəkmiş şəxs) İddiaçı təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirmişdir. İş üzrə mülki iddiaçı olan zərərçəkmiş İddiaçı təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddianın əsaslarına dair zərərçəkmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən zərərçəkmiş İddiaçı təqsirləndirilən şəxslər X4 və X6 100.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın tutulmasına dair mülki iddiası baxılmamış saxlanılmışdır. Şəki Apellyyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı X19 tərəfindən verimiş apellyasiya protesti, təqsirləndirilən şəxslər X10 və X8 müdafiəçisi X14 və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X10 və X8 Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə məhkum olunmalarına dair Göyçay Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(046)-2/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum X11 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, apellyasiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı X19 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Göyçay Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(046)-2/2021 saylı hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarda təqsirləndirilən şəxs X11 zərəçəkmiş şəxsin (İddiaçı) iddia etdiyi maddi zərəri tam olaraq ödədiyi və onunla barışdığı, hazırda zərəçəkmiş şəxsin təqsirləndirilən şəxs X6 heç bir şikayət və tələbinin olmadığı, gələcəkdə də olmayacağı göstərilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı ilə cavabdeh X9 arasında bağlanmış öhdəlik müqaviləsindən görünür ki, X7 övladları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 145.2.5 və 125.2.6-cı maddələri ilə təqsirləndirilən şəxslər X12 və X5 cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 70.000 (yetmiş min) manat məbləğində maddi və mənəvi ziyan vurması ilə razılaşaraq İddiaçı Qəzənlər oğlunun tələbini qəbul edir. İddiaçı vurulmuş 70.000 (yetmiş min) manat məbləğində maddi və mənəvi ziyanın 25.000 (iyirmi beş min) manatı təqsirləndirilən şəxslər X12, X10 və anaları X7 tərəfindən İddiaçı nağd olaraq ödənilir, qalan 45000 manat məbləğində pulun altı ay müddətinə ödənilməsi barədə X7 ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanılır.X7 öhdəlik götürür ki, hazırki müqavilə bağlanıldığı gündən başlayaraq altı ay ərzində hissə-hissə olmaqla 45000 manat pulu İddiaçı şəxsən və ya onun vəkili və nümayəndəsi X13 vasitəsi ilə tam olaraq ödəyəcəkdir.İkin ödəniş barədə və sonradan hər ay ödəniləcək pul barədə müqavilədə qeydlər aparılacaq və tərəflərin imzaları ilə təsdiq ediləcəkdir.İddiaçı öhdəlik götürür ki, ilkin ödəniş ona ödənildikdən və tərəflər arasında öhdəlik müqaviləsi bağlanıldıqdan dərhal sonra təqsirləndirilən şəxslər X12, X10 ilə barışmaları, onlardan hər hansı şikayətinin və maddi tələbinin olmaması barədə ərizə yazaraq notarial qaydada təsdiqlənmiş surətdə tərəfə təqdim edir.Müqavilədə qəbul edilmiş öhdəliklər vaxtında, lazımı qaydada icra edilməzsə digər tərəf pul tələbi, maddi-mənəvi ziyanla bağlı məhkəməyə müraciət edə bilər. xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 145.2.5 və 125.2.6-cı maddələri ilə təqsirləndirilən şəxslər X12 və X10 ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, X12 və X4 şikayəti və maddi tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X10 və X11 qabaqcadan əlbir olan qrup halında birləşərək anası X7 ilə İddiaçı arasında intim münasibət olmasından, eyni zamanda mərhum atasından miras qalmış pul və qızıl zinət əşyalarını anası X17 Şahbaziyə verməsindən şübhələnərək, həmin məsələyə aydınlıq gətirmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə İddiaçı pivə içmək bəhanəsi ilə ünvan 2 ünvanında yerləşən yaşadıqları evə dəvət etmişlər. İddiaçı həmin gün saat 15:30 radələrində evə daxil olduqda Fikrət Əsədzadə sərxoş vəziyyətdə ona təpik və yumruqla zərbələr endirib alt çənədə ön 7 (yeddi) dişin travmatik düşməsi, alt çənə sümüyünün ikitərəfli açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər yetirərək Ənvər Əsədzadə ilə birlikdə İddiaçı əllərini istintaqa məlum olmayan kəndirlə (iplə) bağlayıb sağ mil-bilək oynağı və sol əlin baş barmağının dairəvi zolaqvari sıyrığı xəsarəti almasına səbəb olaraq istintaqa məlum olmayan silah kimi istifadə olunan əşyadan istifadə etməklə sonuncunu döyərək ona hər iki saidin, sağ budun və sağ baldırın, sağ tış topuq nahiyəsinin qançırı-hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, qarının ön səthinin qançırları, hər iki diz oynaq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə saat 15:30 radələrindən saat 20 radələrinədək İddiaçı qanunsuz olaraq azadlıqdan məhrum etmişlər. Bu hərəkətlərinə görə X10 və X11 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Göyçay Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(046)-2/2021 saylı hökmü ilə onlar həmin maddələrlə təqsirli bilinərək, barələrində cəza təyin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə X5 və X8 İddiaçı xəsarət yetirmələri tam sübuta yetirilmişdir. İşin mübahisəsiz halıdır ki, X10 və X11 İddiaçı xəsarət yetirmiş, aldığı xəsarətə görə sonuncu uzun müddət müayinə və müalicə olunmuş, sağlamlığını bərpa etmək üçün vəsait xərcləmişdir. Mübahisə doğuran əsas hal X5 və X8 təqsirli hərəkəti nəticəsində iddiaçının sağlamlığına vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlıdır. İddiaçı iddiasının əsası kimi cavabdeh X7 ilə xx.xx.2022-ci il tarixdə bağladığı müqaviləyə istinad etsə də, lakin məhkəmə yuxarıda istinad olunan maddi hüquq normalarının tələbi baxımından iddiaçının iddiasını uğurlu hesab etmir. Çünki, zərərin əvəzinin ödənilməsi ümumi müdafiə üsullarından biri olub, hüququ pozmuş şəxsdən (hüquq pozuntusu törətmiş şəxsdən) vurduğu zərərin əvəzinin alınmasını nəzərdə tutur. Ümumi qaydaya görə, zərərin əvəzini ödəmə üsulunun vasitəsi ilə əmlak hüquqları müdafiə olunur. Başqa sözlə desək, zərərin əvəzini ödəmə əmlak hüquqlarının bilavasitə müdafiə üsulu hesab edilir. Bununla belə, zərərin əvəzini ödəmə üsulu şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə sıx surətdə bağlıdır. Belə halda zərərçəkən şəxs ona vurulmuş zərərin əvəzini (çəkdiyi xərclərin əvəzini) zərər vurandan tələb edə bilər. Bu tələbin zəruri əsaslarından biri isə qeyri-maddi nemətin pozulması hesab edilir. Bununla zərərin əvəzini ödəmə üsulu pozulmuş qeyri-maddi nemətin müdafiəsinə xidmət edir. Qeyri-maddi nemətlər sırasına sağlamlığı da daxil etmək olar. Çünki, fiziki şəxsə xəsarət yetirilir və onun sağlamlığı pozulur. Bunun nəticəsində həmin şəxs işə çıxmır, qazancdan (gəlirdən) məhrum olur, habelə sağlamlığının pozulması ilə bağlı əlavə xərclər çəkir, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və s. xərclər çəkir. Zərərvuran şəxs çəkilən bu cür xərclərin əvəzini ödəməlidir (MM-in 1118-ci maddəsinin 1ci bəndi). Göründüyü kimi, şəxsi qeyri-maddi nemətlərin (şəxsi qeyri-əmlak hüquqlarının) pozulması nəticəsində maddi (əmlak) zərər vurularsa, onda zərərin əvəzini ödəmə kimi ümumi müdafiə üsulundan istifadə olunur. Bu zaman mülki qanunvericiliyin delikt məsuliyyətini tənzimləyən normaları tətbiq edilir (MM-in 9-cu bölməsi). Vurulmuş maddi (əmlak) zərərin əvəzi məhz həmin normalar əsasında ödənilir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Hazırki işin hallarından görünür ki, X5 və X8 təqsirli hərəkəti nəticəsində iddiaçının sağlamlığı pozulmuş və ona maddi ziyan vurulmuşdur. Belə olan halda, yalnız delikt törətmiş şəxslər X10 və X11 mülki hüquq məsuliyyətinə cəlb edilə və onların üzərinə törətmiş olduqları əməllər nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəmək öhdəliyi qoyula bilər. Məhkəmə İddiaçı ilə cavabdeh Kəmalə Əsədova arasında bağlanmış müqaviləyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verərək qeyd edir ki, həmin müqavilənin şərtləri tərəflərin istəyinə uyğun olsa da, lakin Fikrət və Ənvər Əsədzadələrin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərərə görə cavabdeh Kəmalə Əsədovanın öhdəlik daşımasına dair müqavilənin şərti Mülki Məcəllənin tələbləri ilə uyğunluq təşkil etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin tələbinə görə hüquqa zidd əməl nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına vurulmuş zərəri ödəmək öhdəliyi yalnız zərərvuranın üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanan məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh X7 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Fikrət və Ənvər Əsədzadələrin təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına vurulmuş zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə cavabdehin iddia ərizəsinə qarşı verdiyi etirazın dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı notarial qaydada ərizə verərək təqsirləndirilən şəxslərlə barışması, ona vurulmuş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsi, qanuni qüvvəsini almış məhkəmə aklarında İddiaçı cinayət nəticəsində vurulmuş zərərin tam şəkildə ödənilməsinin göstərilməsi iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsini istisna etmir. Belə ki, bu işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3351/2023 saylı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. İş materiallarında olan müqavilədən görünür ki, X7 övladları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 145.2.5 və 125.2.6-cı maddələri ilə təqsirləndirilən şəxslər X12 və X5 cinayət işi üzrə zərər çəkmiş şəxs İddiaçı 70.000 (yetmiş min) manat məbləğində maddi və mənəvi ziyan vurması ilə razılaşaraq İddiaçı Qəzənlər oğlunun tələbini qəbul edir. İddiaçı vurulmuş 70.000 (yetmiş min) manat məbləğində maddi və mənəvi ziyanın 25.000 (iyirmi beş min) manatı təqsirləndirilən şəxslər X12, X10 və anaları X7 tərəfindən İddiaçı nağd olaraq ödənilir, qalan 45000 manat məbləğində pulun altı ay müddətinə ödənilməsi barədə X7 ilə İddiaçı arasında öhdəlik müqaviləsi bağlanılır. X7 həmin müqavilə ilə öhdəlik götürmüşdür ki, hazırki müqavilə bağlanıldığı gündən başlayaraq altı ay ərzində hissə-hissə olmaqla 45000 manat pulu İddiaçı şəxsən və ya onun vəkili və nümayəndəsi X13 vasitəsi ilə tam olaraq ödəyəcək. Göründüyü kimi təqsirləndirilən şəxslər X12, X10 və anaları cavabdeh X7 tərəfindən müqavilənin bağlandığı tarixdə, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı sağlamlığına 70.000 manat məbləğində zərər dəyməsi ilə razılaşaraq, həmin zərərin 25.000 manat hissəsini nağd qaydada sonuncuya ödəmiş, qalan məbləğin hissə-hissə ödənilməsinə dair razılağa gəlinmişdir. İddia tələbindən göründüyü kimi İddiaçı sağlamlığına vurulmuş zərəri qiymətləndirdiyi kimi tam həcmdə deyil, 45.000 manatını tələb edir. İddiaçının cinayət prosesi zamanı təqsirləndirilən şəxslərlə barışması və onlara qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə ərizə təqdim etməsi və həmin ərizənin qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınması iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməsini istisna etmir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 225 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1 45.000 manat pulun və 225 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh X1 45.000 manat pulun və 225 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar