Məhkəmə qərarları › İş №2(046)-1113/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1113/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1113/2024 25.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə,İddiaçı Cavabdeh qarşı reqress hüquq əsasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqress hüququ əsasında 2206.81 manat borcun və 43 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəmə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbi belə əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək "xxxx" BOKT MMC-dən kredit götürmək istədiyini bildirmiş və buna görə də ona zamin durmağını xahiş etmişdir. Mehmanı tanıdığı üçün onunla razılaşmış və Mehmana zamin durmuşdur. Sonradan Mehman bankın borcunu ödəməmiş, Göyçay rayon Məhkəməsinin 2015-ci il Qətnaməsinə əsasən ödənilməmiş məbləğ kredit götürəndən və zaminlərdən tutulması qət edilmişdir. 2023-cü ilin oktyabr ayına qədər heç bir tutulma olmamışdır. 2023-cü ilin oktyabr ayından onun kart hesabından tutulmalar başlanmışdır. Beləliklə Mehmanın bankda olan borcu üçün ümumilikdə kart hesabından 2150.9 manat və həmin məbləğin 7% olan 151.11 manat tutulmuşdur. Dəfələrlə Mehmana onun yerinə Banka ödədiyi 2150,9 manat və həmin məbləğin 7% olan 151.11 manat pulu geri qaytarmasını tələb etsə də o buna əməl etməmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh əvvəlki məhkəmə hazırlıq iclasında izahatından göstərmişdir ki, İddiaçı ona zamin durmuşdur. Maddi imkanın olmadığından banka olan borcunu ödəyə bilməmiş, bank iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bundan sonra Rəşad həmin borc məbləğndən 2206.81 manat ödəniş etmişdir. Həmin məbləği İddiaçı qaytaracaqdır. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)-175/2015 saylı qətnamədən görünür ki, kredit müqaviləsi üzrə cəmi 1745 ABŞ dolları borcun İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)- 175/2015 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq İddiaçı əmək haqqından 2206.81 manat pul "xxxx" BOKT MMC-nin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə "xxxx" BOKT MMC-nə ödənilmiş 2206.81 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2206.81 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2206.81 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 43 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar