Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1137/2021 14.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində 14 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər İddiaçı və Cavabdeh2 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5000 manat mənəvi ziyana görə pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, keçmiş əri Hicran Salmanov 20 oktyabr 2020-ci il tarixdə iki azyaşlı uşağı ilə görüşmək adı altında apararaq, onları geri gətirməmişdir. Bu məsələdə ona köməklik göstərməsindən ötrü tanışı Cavabdeh1 müraciət etmiş, Pərvin internet saytında bu məsələni ictimailəşdirməsini bildirmişdir. Cavabdeh1 bu məqsədlə ona tanışı olan digər Cavabdeh2 ilə görüşdürərək bildirmişdir ki, Cavabdeh2 ona təmənnasız hüquqi yardım göstərəcəyini bildirmişdir. Lakin sonradan ərizə və müraciətlərin tərtib edilməsi üçün müxtəlif vaxtlarda ona “Milli Ön” elektron ödəmə terminalından 30 və 35 manat pul göndərmişdir. Sonradan isə Cavabdeh1, ünvan 1 ünvanında hüquqi yardım göstərmək adı ilə hər ikisi aldadaraq 700 manat alaraq, Cavabdeh2 “xidmət göstərilməsinə dair” onunla 30.11.2020 tarixli müqavilə bağlamışdır. Cavabdehlərə uşaqlarının ona qaytarılmasına kömək etmələri məqsədilə dediklərini təqdim etməyinə baxmayaraq, uşağını ona qaytara bilməmişlər. Cavabdehlərin hər ikisinin qanunsuz hərəkətlərindən Bakı şəhərinin Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət etmişdir. Təhqiqatçı tərəfindən araşdırma aparılaraq müvafiq iş materialları toplandıqdan sonra cinayət işinin qaldırılması məqsədilə həmin materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərmişdir. Bundan sonra müstəntiq E.Mehtiyev onların izahatını alınmış, hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və sair istintaq hərəkətləri aparılsa da, sonradan, 08 yanvar 2021 -inci il tarixində, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. İş materiallarında olan izahatlardan da göründüyü kimi, cavabdehlər ondan ümumilikdə 765 manat pulu aldıqlarını etiraf etmişlər. Onunla bağlanılan “xidmət göstərilməsinə dair” müqavilədə işin və xidmətlərin göstərilməsi üçün 700 manat göstərilmişdir. Halbuki, tanışı olan cavabdeh Cavabdeh1 digər cavabdehin təmənnasız yardım edəcəyini bildirmişdir. Beləliklə, cavabdehlər ona verdikləri vədlərini yerinə yetirmədiklərindən dolayı, onu aldadaraq maddi ziyan vurmuşlar. Baş vermiş hadisə zamanı psixoloji sarsıntılar keçirdiyindən cavabdehlərdən mənəzi ziyan tələb edir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı ona uşaqlarının alınıb ona verilməsi ilə bağlı müraciət etmiş, müraciəti əsasında tanışı Cavabdeh2 baş vermiş hadisələri danışmış və iddiaçı ilə Cavabdeh2 arasında hüquqi yardım edilməsi ilə bağlı müqavilə bağlanmışdır. Cavabdeh2 iddia ərizələri tərtib edərək məhkəmə göndərmişdir. Cavabdeh2 ona e-manat ödəniş portalı vasitəsi ilə 200 manat pul göndərmişdir. Həmin pulu iddiaçıya qaytarmışdır. İddiaçıya heç bir ziyan vurmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə iddia ərizəsinı etiraz göndərərək bildirmişdir ki, İddiaçı ilə aralarında hüquqi yardım göstərilməsi ilə bağlı yazılı müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən iddiaçıya kömək etmək məqsədi ilə iddia ərizələri tərtib etmiş və məhkəmədə iddialar qaldırmışdır. İddiaçı tərəfindən ona ödənilmiş 700 manatın 200 manatını digər Cavabdeh1 e-manat ödəniş portalı vasitəsi ilə ödəmişdir. Müqavilədən yaranan öhdəliklərini yerinə yetirmişdir. Buna görə də hesab edir ki, iddiaçıya heç bir ziyan vurmamışdır. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xidmətin göstərilməsinə dair 30.11.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin qiyməti 700 manat müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı özünə hüquqi yardım göstərilməsi ilə bağlı jurnalist fəaliyyəti ilə məşqul olan Cavabdeh1 müraciət etmiş, Pərvin iddiaçıya hüquqi yardım göstərilməsi ilə bağlı tanışı digər Cavabdeh2 ilə tanış etmişdir. 30.11.2020-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında xidmətin göstərilməsinə dair müqavilə bağlanmış, İddiaçı Cavabdeh2 700 manat pul ödəmişdir. Cavabdeh2 müqavilə üzrə hüquqi yardım göstərmişdir. İddiaçı Cavabdeh1 pul tələb etməsinə baxmayaraq, Cavabdeh1 hər hansı şəkildə pul verdiyinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa İddiaçı Cavabdeh2 ilə 30.11.2020-ci il tarixdə hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmış müqavilə üzrə, Cavabdeh2 üzərinə düşən hansı öhdəliyi yerinə yetirmədiyi ilə bağlı heç bir xüsusatı təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşaqlarının cavabdeh tərəfindən alınıb ona vermədiyini əsas gətirərək, Cavabdeh2 müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi barədə göstərdikləri müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı zamanı iddiaçı cavabdehlərdən müştərək qaydada 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5.000 manat mənəvi ziyanın tutulmasına əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələb üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh2 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5000 manat mənəvi ziyana görə pulun tutulması barədə tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh2 müştərək qaydada 765 manat müqavilə üzrə pulun, dövlət rüsumuna görə 62 manat pulun və 5000 manat mənəvi ziyana görə pulun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1137/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1137/2021
14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver