Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1144/2021 25.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «payların müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 ha torpaq sahəsində paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara, o cümlədən cavabdehə Göyçay rayonu Qarabaqqal kəndi ərazisindən 0,4139 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. 0,4139 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən JN-564 nömrəli Dövlət Aktı verilmişdir. Sözügedən torpaq sahəsi mülkiyyətlərinə verildiyi müddətdən bir neçə ay öncəyə kimi təyinatına uyğun istifadə etsələr də, son zamanlar cavabdehlə aralarında olan ixtilaf səbəbindən paylı mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Cavabdehlə torpaq sahəsindən istifadə ilə bağlı yaranmış narazılığa aydınlıq gətirib həll etmək istəslər də, sonuncu işin sülh yolu ilə həllindən yayınmış və nəticə də mülkiyyətçi olaraq onların hüquqları pozulmuşdur. Bu səbəbdən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə (paylı) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 08 avqust 2018-ci il tarixli A seriyalı 262171 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi birgə (paylı) mülkiyyətində olan 0,4139 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin kadastr göstəriciləri və sair zəruri parametrlər əks olunmuşdur. İddiaçıların bildirdiklərinə görə, ümumi birgə (paylı) mülkiyyətdə olan torpaq sahəsindən istifadə olunması ilə bağlı cavabdehlə aralarında anlaşılmazlıq, mübahisə var. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Göründüyü kimi, mübahisə edilən torpaq sahəsi iddiaçıların və cavabdehin paylı mülkiyyətində olmaqla, onların hər birinin öz payı üzərində Dövlət tərəfindən tanınan və qorunan hüquqları vardır. İddiaçılar hazırda ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində öz paylarının müəyyən edilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh hər birinin 1/4 hissədə payı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,4139 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə, İddiaçı3 1/4 hissədə və Cavabdeh 1/4 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1144/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1144/2021
25.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver