Məhkəmə qərarları › İş №2(046)-1169/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1169/2022

19.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1169/2022 19.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 6800 manat borcun və 88.4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2017-ci ildə cavabdehlərdən 8200 ABŞ dolları dəyərini ödəməklə salfetka istehsal edən dəzgah almışdır. Lakin dəzgahı lazımı qaydada işlədə bilmədiyindən, həmin dəzgahı satmaq qərarına gəlmişdir. Ona görə də sözügedən dəzgahı cavabdehlərdən onun satılmasına köməklik göstərməsini xahiş etmiş, bir müddətdən sonra cavabdehlər ona zəng edərək həmin dəzgahi ona satdıqları qiymətə yəni 8200 ABŞ dollarına almaq istədiklərini bildirmiş,eyni zamanda həmin pulu 2018-ci ilin avqust ayınadək hissə-hissə ödəyəcəklərini bildirməklə razılığa gəlmişlər. Aralarında müsbət münasibət yarandığından cavabdehlərin sözlərinə inanmışdır. Bundan sonra 12 mart 2018-ci il tarixdə şahidlərin iştirakları ilə qəbz yazaraq ona təqdim etmiş və salfetka istehsal edən dəzgahı nəqliyyat vasitəsinə yükləyərək çıxıb getmişlər.Ötən dövr ərzində cavabdehlər həmin məbləğdən ümümilikdə 4200 ABŞ dolları ödəmişlər. 2018-ci ilin avqust ayından sonra 4000 ABŞ dolları ödənilməmiş qalmışdır.Cavabdehlərdən ödənilməmiş qalan 4000 ABŞ dollarını ödənilməsini onlardan tələb etsə də cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirərək ondan uzaqlaşmış, dəzgahın dəyərindən ödənilməmiş qalan 6800 manat borcu ödəməkdən qəsdən yayınmışlar. Axır vaxtlar isə etdiyi zənglərimə cavab verməmiş və sonradan onunla əlaqə yaratmamışlar. Aralarında yaranmış vəziyyətlə əlaqadar müxtəlif vaxtlarda cavabdehlərin yaşadıqları ünvana gedərək cavabdehlərlə və onların atası Elbəniz ilə fərdi söhbətlər aparmışlar. . Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər ondan aldığı dəzgahın pulunu bu günədək qaytarmamışdır. Lakin 2019-2021-ci illərdə müxtəlif vaxtlardan borcundan 300-400 manat qaytarmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı 8200 ABŞ dolları borcu olmağı ilə bağlı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən 8200 ABŞ dolları pulun 2018-ci ilin avqust ayına qədər ödəyəcəyini öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əməl edərək həmin pulu 2018-ci ilin avqust ayınadək iddiaçıya qaytarmışdır. Eləcə də bildirir ki, digər Cavabdeh1 iddiaçı ilə heç bir müqavilə bağlamamış, iddiaçı qarşısında heç bir öhdəlik götürməmişdir. Hal-hazırda iddiaçıya heç bir borcları yoxdur. Bundan başqa iddiaçı əsassız iddia qaldırıraq 4.000 ABŞ dolları pul tələb edir. Belə ki, İddiaçı öhdəliyinin müddəti 2018-ci ilin avqust ayında bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı 8200 ABŞ dolları dəyərində dəzgah almış, həmin dəzgahın dəyərinin 2018-ci ilin avqust ayındakək ödəyəcəyini öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376.-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 8200 ABŞ dolları dəyərində dəzgahı nisyə satmış, cavabdehlərin həmin dəzgahın dəyərini 2018-ci ilin avqust ayınadək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərin dəzgahın ümumi dəyərindən 4200 ABŞ dollarının qaytardığını, qalan 4000 ABŞ dollarının bu günədək ödəmədiyini iddia edir və 4000 ABŞ dollarının cavabdehlərdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi 2018-ci ilin avqust ayınadək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bu da üç illik iddia müddətinin iddiaçı tərəfindən buraxılmasına dəlalət edir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə isə Ona görə təmin edilə bilməz ki, Cavabdeh1 İddiaçı qarşısında pul ödənilməsi ilə bağlı öhdəliyinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 88.4 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar