Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1190/2022 10.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2230 manat pulun və 42.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin may ayında Cavabdeh ona birlikdə Bakı şəhərində ev təmiri işləri ilə məşğul olmağı təklif etmiş və razılaşmışdır.İlk öncə Xırdalan şəhərində Murad adlı şəxsin evində, eyni zamanda Binəqədi ərazisində Ramiz adlı şəxsin evində, sonradan adını bilmədiyi polis nəfərinin evində, Sumqayıt şəhərində əmisi oğlu Əkbər adlı şəxsin evində və nəhayət sonda Vüsalə adlı xanımın evində təmir işləri aparmışlar. Adlarını sadaladığı şəxsləri heç vaxt tanımamış, təmir işləri apardığını evlərin sahibləri ilə Hikmət tanış olmuş və təmir üçün haqq ödənilməsi barədə danışıqları da Hikmət aparmışdır. Təmir işləri danışılan şəxslərlə pul haqq-hesabını da Hikmət özü aparmış, lakin onun alınan məbləğlərdən məlumatı olmamış, sadəcə olaraq ona pul verərkən şifahi şəkildə görəcəkləri işləri neçəyə danışdığını və nə qədər pul aldığını ona bildirmişdir. Həmin təmir işlərini birlikdə həyata keçirməyinə baxmayaraq görülmüş işlərdən bu günə qədər də Cavabdeh ona borclu olduğu zəhmət haqqı olan məbləğlər olmuşdur. Murad adlı şəxsin mənzilin təmirindən ona 175 manat, adını bilmədiyi polis əməkdaşının mənzilində apardıqları təmir işlərindən 150 manat, Ramiz adlı şəxsin evində apardıqları təmir işindən 255 manat, Sumqayıt şəhərində əmisi oğlu Əkbərin evində apardıqları işlərdən 1000 manat və sonuncu birgə işlədikləri Vüsalə adlı xanımın evində apardıqları təmir işlərindən 650 manat olmaqla ümumilikdə ona 2230 manat zəhmət haqqı borcu vardır. Dəfələrlə həmin pulun verilməsi üçün Cavabdeh ilə üzbəüz və ya telefon söhbətləri olmuşdur. Hər dəfəsində də cavabdeh ona verməli olduğu məbləği verməmək üçün müxtəlif bəhanələr uyduraraq puldan boyun qaçırtmışdır. Sonuncu dəfə cavabdehin ünvanına 06 mart 2022-ci il tarixdə rəsmi qaydada məktub göndərmiş və bu məsələnin məhkəmədən kənar həll edilməsini təklif edərək birgə işlədikləri işlərdən ona borclu olduğu ümumilikdə 2230 manat məbləğində zəhmət haqqı borcunun könüllü olaraq verilməsi üçün ona 5 (beş) gün vaxt vermiş, bu müddət ərzində ona verilməli olan məbləği tam şəkildə verməyəcəyi təqdirdə həmin pulun ondan məcburi qaydada alınması üçün aidiyyəti Məhkəməyə müraciət edəcəyimi bidirmişdir. Lakin göründüyü kimi həmin məktubun cavabdehin ailə üzvü olan atası tərəfdən rəsmi qaydada alınmasına,həmin məktubdan sonra cavabdehin ona bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlamasına baxmayaraq bu günə qədər cavabdeh tərəfindən heç bir pul ödənməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, müxtəlif mənzillərdə və evlərdə apardıqları təmir işləri zamanı Cavabdeh ilə şərik işləmişlər. Şərik kimi işlədikləri evlərin zəhmət haqqını Cavabdeh ona borclu qalmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2021-ci ilin may ayında İddiaçı ilə birlikdə Bakı şəhər Yasamal rayonunda Vüsalə adlı xanımın evində təmir işlərinin həyata keçirilməsi barədə razılığa gəlmişlər. Təmirlə bağlı siyahı tutmuş, görülməli işlərin qiymətini danışmışlar. Bəxtiyarla bu işi şərikli görməyə başlamışlar. İşə başlamazdan əvvəl, Vüsalə xanıma, Sumqayıt şəhərində başqa işlərinin olduğunu bildirmişlər. İşin axırında Vüsalə xanım onlara çatası 2600 manat pulu verməmiş, onları şərləyərək polis şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhərində işlədikləri obyektin santexnik işlərinin görülməsini 5.000 manat danışmışlar, lakin Vüsalə xanım onları aldatdığı üçün Bəxtiyar onu tək qoyaraq Göyçay şəhərinə qayıtmışdır. Bəxtiyarla birlikdə şərik kimi işlədikləri evlərdən və obyektlərdən aldıqları pulun yarısını Bəxtiyara vermişdir. Bəxtiyara borcu qalmışdır. Buna görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmədə şahid qismində izahat vermiş X3 göstərmişdir ki, 2021-ci ilin iyun ayında özünə məxsus Bakı şəhəri Yasamal rayonunda yerləşən mənzilin təmir edilməsi məqsədi ilə Cavabdeh ilə razılaşmışdır. Bundan sonra Hikmət mənzilin təmiri üçün lazım olan materialları almaq üçün ondan pul almış, onu aldadaraq ucuz qiymətə aldığı materialları baha satmaq istəmişdir. Buna görə də Cavabdeh barəsində Bakı şəhər Yasamal rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçı ona məxsus evdə təmir işləri aparmışdır, lakin Hikmətin Bəxtiyara nə qədər zəhməthaqqı ödədiyi və nə qədər borclu qaldığı barədə məlumatı yoxdur. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh və Bəxtiyar Hacıyev barəsində cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı zəhməthaqqı borcu qaldığı barədə xüsusat əksini tapmamışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə şərikli şəkildə müxtəlif vaxtlarda vətəndaşların mənzillərində təmir işlərinin aparılması və əldə edilmiş zəhməthaqqını buna uyğun bölünməsi barədə razılığa gəlmişlər. İddiaçı qeyd edilən mənzillərin təmirindən əldə edilmiş zəhmət haqqından Cavabdeh ona 2230 manat borclu qaldığını iddia edir. Cavabdeh X1 məxsus mənzildə təmir işlərinin aparılması ilə bağlı Vüsalənin ödədiyi pulun 650 manatını tələb edir, halbuki, Vüsalənin mənzilin təmirinə görə zəhmət haqqını ona ödəməmiş və onları şərləyərək polisə vermişdir. Digər şəxslərin mənzillərinin təmiri ilə bağlı İddiaçı ödənilməli olan zəhmət haqqını ona ödədiyini bildirir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından və şahid izahatından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh müxtəlif vaxtlarda mənzillərin təmiri ilə məşğul olmuş, təmirdən əldə ediləcək zəhmət haqqını bölünməsi barədə razılıq əldə etmişlər. İddiaçı müxtəlif vaxtlarda təmirində iştirak etmiş mənzillərə görə Cavabdeh tərəfindən alınmış zəhmət haqqının 2230 manatını cavabdehdən tələb edir, lakin iddiaçının ona bu məbləğdə borclu qaldığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmir. Buna görə də hesab edir ki, İddiaçı Cavabdeh mənzilin təmiri ilə əlaqədar ondan pul tələbi tam əsassızdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 42.50 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh 2230 manat pulun tutulması barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh 2230 manat pulun tutulması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1190/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1190/2022
10.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver