Məhkəmə qərarları › İş №2(046)-1216/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1216/2024

10.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1216/2024 10.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 310 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Köhnə bazar deyilən ərazidə avtomobil təmiri sexində usta kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə işlədiyi sexə Cavabdeh gəlib Qazel markalı avtomaşının mühərrikinin sıradan çıxdığının bildirib təmir etməyini xahiş etmiş, işlərinin çoxluğu ilə əlaqədar imtina etmək istəmiş, amma işlə əlaqədar maşının onun üçün çox vacib olduğunu bildirdikdə,onun vəziyyətini başa düşüb razılıq vermişdir. Cavabdeh tərəfindən bütün təmir xərci maşın təhvil verildikdən sonra ödəniləməsi barədə razılaşmışlar. Ertəsi gün cavabdeh avtomobilini işlədiyi sexə gətirmiş, həmin gün təmir işlərinə başlamışdır. Mühərriki sökdükdən sonra cavabdehə zəng vurub sexə gəlməsini xahiş etmişdir. Cavabdeh gəldikdən sonra ona sıradan çıxmış ehtiyyat hissələrini göstərmiş və mühərrikin birləşdirici çubuqların(şatun) yenisinin alınmasını bildirmişdir. Cavabdeh çubuqların yenisini almağa imkanı olmadığını, mühərrikin üstündən çıxan çubuqlardan istifadə etməyi təklif etmiş, bunun riskli olduğunu bildirdikdə o,”heçnə olmaz, hər nə olsa mənlikdir, işinin gör” deyib getmişdir. Növbəti gün Göyçay rayon Avtovağzalının yanında yerləşən ehtiyyat hissələri mağazasından lazım olan ehtiyyat hissələrini öz hesabına alıb sexə gətirmiş, iki gün sonra mühərriki tam təmir edib, cavabdehə zəng edib gəlməyini bildirmişdir. Cavabdeh gəldikdən sonra ona ehtiyyat hissələrinin hesabatını göstərib,mağazaya cəmi 860 manat borclu olduğunu bildirmişdir. Cavabdeh həmin gün pul verməmiş və pulu hamısını yaxın günlərdə verəcəyini bildirmiş və qardaşı ilə maşına oturub getmişlər. 860 manat pulun 250 manatı onun usta əziyyət haqqı, yerdə qalan 610 manat isə ehtiyyat hissələrinin pulu olmuşdur. Bir müddət keçdikdən sonra ehtiyyat hissələri mağazasının sahibi ona zəng vurub mağazadan götürdüyü ehtiyyat hissələrinin pulunun ödəməyini tələb etmiş, həmin vaxt bilmişdir ki, cavabdeh mağazanın pulunu verməmişdir. Cavabdehə zəng vurub,bu barədə ona irad bildirdikdən sonra cavabdeh ehtiyyat hissələrinin pulunu qısa müddətdə ödəyəcəyinə söz vermiş, ondan usta pulunu soruşduqda “bir aya sənin pulunu da verəcəm” bildirmişdir. 10 gündən sonra cavabdeh qardaşı ilə sexə gəlib maşının mühərrikində səs əmələ gəlidiyini və bunun onun günahının ucbatından əmələ gəldiyini dedikdə, haqlı olaraq onlara mühərriki təmir edərkən köhnə çubuqladan istifadə edilməsinin riskli olduğunu ona bildirdiyini xatırlatmışdır.Cavabdeh isə razı olmadığını bildirdi. Mübahisə yaranmasın deyə mühərriki yenidən sökmək qərarına gəlmiş, mühərriki sökdükdən sonra mühərrikin piston deyilən hissəsinin yenisini almağın, mühərrikin mil hissəsinin isə yonulmasının vacib olduğunu bildirmişdir. Cavabdeh ona bütün işləri gör, iş qurtarandan sonra hesablaşacağını bildirmişdir. Yenidən mühərriki təmir edib, maşını saz vəziyyətdə cavabdehə təhvil vermişdir.Bütün bu təmir işlərinin görülməsində cavabdehin ona 310 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən 310 manat pulun ödənilməsini tələb etsə də ayrı-ayrı bəhanələrlə aldatmış və sonda zənglərinə cavab verməyərə telefonunu söndürmüşdür. 2024-cü il 20 mart tarixində ona zəng vurub borcunun ödənilməsini tələb etdikdə nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu barədə Göyçay rayonu Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ona məxsus avtomobili iddiaçı təmir etmişdir. Lakin təmir etdikdən sonra avtomobil yenidən sınmış, daha sonra avtomobilini yenidən İddiaçı təmir etmiş, yenə də avtomobili sınmışdır. Avtomobilin ehtiyyat hissələrinin pulu ödəmiş, lakin İddiaçı 250 manat əziyyət haqqın kəsmişdir. Buna səbəb isə avtomobilini düzgün təmir etməməsi olmuşdur. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Cavabdeh tərəfindən Göyçay RPŞ-də verilmiş izahatdan görünür ki, 2023-cü ilin sentyabr ayında özünə məxsus avtomobili təmir edilməsi üçün İddiaçı vermişdir. Lakin İddiaçı ona məxsus avtomobili düzgün təmir etmədiyi üçün 250 manat əziyyət haqqını kəsmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Göyçay şəhərində avtomobil təmiri sexində usta işləyir. Cavabdeh 2023-cü ilin sentyabr ayında özünə məxsus avtomobili İddiaçı təhvil vermiş, təmir bitdikdən sonra zəhmət haqqı olaraq 250 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsinə dair aralarında razılaşmışlar. İddiaçı qeyd edilən avtomobili təmir edərək cavabdehə təhvil vermişdir. Bundan sonra cavabdeh Avtomobildə yenidən nasazlıq olduğundan avtomobili təmir edilməsi üçün yenidən İddiaçı vermiş, İddiaçı avtomobili yenidən təmir etmişdir. Lakin Cavabdeh 250 manat pulu iddiaçiya ödəməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla və tərəflərin verdiyi izahatlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı 250 manat pulu ödəməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 250 manat pul Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı 310 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 250 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar