Məhkəmə qərarları › İş №2(046)-1245/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-1245/2025

14.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-1245/2025 14.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlu, İddiaçı Cavabdeh qarşı topraq sahəsinin naturada ayrılması tələbinə dair Ağdaş rayon Məhkəməsindən aidiyyəti üzrə daxil olmuş mülki işə Göyçay şəhərində baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsünə əsasən Ağdaş rayonu Pirkəkə kəndi ərazisində yerləşən paylı mülkiyyətə verilmiş 1.5894 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun payının 0.7947 hektarının torpaq sahəsinə gediş-gəliş və su yolu nəzərə alınmaqla naturada ayrılması qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə Cavabdeh Göyçay rayon Müskürlü kəndinddə qeydiyyat olduğuna görə mülki iş ərazi aidiyyəti üzrə Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********88 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağdaş rayonu Pirkəkə kəndində yerləşən yerləşən 1.5894 ha torpaq sahəsi İddiaçı və X2 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, mərhum X1 1988-ci ildə X5 ilə evlənərək ailə qurmuşdur. Onların birgə nikahlarından bir uşaqları anadan olmuş, uşaq anadan olandan bir müddət sonra vəfat etmişdir. Torpaq islahatı zamanı mərhum bacısı və ailəsinə Ağdaş rayonunun Pirkəkə ərazisindən ümumi birgə mülkiyyətlərinə 1.15894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X1 2012-ci ildə, keçmiş əri X5 isə 2014-cü ildə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmişdir. Cavabdeh mərhum X3 arvadıdır. Mərhum bacısının qanun üzrə birinci növbə vərəsələri olmadığına görə qanun üzrə ikinci növbə vərəsə kimi mərhum keçmiş əri ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.5894 ha torpaq sahəsinin ona çatası ½ hissəsinə Ağdaş rayon notariat ofisində vərəsəlik işi açdırmışdır. Reyestrdə 2V-967 nömrə ilə 02 noyabr 2023-cü il tarixdə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mərhumların ümumi birgə mülkivvətlərinə verilmiş 1.5894 ha torpaq sahəsindən mərhum bacısına çatası payından tam hissədə irs almışam. Bundan sonra həmin torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində ümumi birgə mülkiyyət hüququ əsasında onun və mərhum X2 adına qeydə alınmışdır və bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2024cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. X7 yeganə qanun üzrə birinci növbə vərəsəsi olan Cavabdeh ərinin ölümündən sonra vərəsəlik açdırmadığına görə və payları naturada ayrılmadığına görə həmin torpaq sahəsi üzərində hüquqlarını keçən müddət ərzində istəyinə uyğun həyata keçirə bilməmişdir. Bu səbəbdən də mərhumun qohumları ilə aralarında narazılıqlar yaranmışdır. Mülkiyyətçi kimi mərhumla hər birinə çatası ½ hissə torpaq sahəsi üzərində hüquqları öz istəklərinə uyğun həyata keçirmək məqsədilə cavabdehlə mərhumun ölümündən sonra vərəsəlik işi açdıraraq və mirası qəbul edərək payına düşən torpaq sahəsinin öz aralarında qarşılıqlı razılaşma əsasında ayrılmasım təklif etsə də, cavabdeh vərəsəlik işi açdırmadığına görə torpaq sahəsinin naturada ayrılıb verilməsi ilə əlaqədar ümumi razılığa gələ bilməmişlər. Bütün bunlar da mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın (mülkiyyətçinin) və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Göründüyü kimi hazırki iddia tələbi iddiaçının mülkiyyət hüququnun pozulması ilə əlaqədardır. Belə ki, iddiaçı (mülkiyyətçi) ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ½ hissəsindən istifadə edə bilmir və mülkiyyət hüquqularının pozulmasını bu xüsusatla əsaslandırır və mülkiyyət hüququnun pozulmasının aradan qaldırılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı topraq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə ərazi aidiyyəti qaydalarının məsələsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35,39, 44, 45, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı topraq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə ərazi aidiyyəti qaydalarının məsələsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar