Məhkəmə qərarları › İş №2(046)-1252/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1252/2021

08.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1252/2021 08.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştiriakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 08 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1850 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 26.08.2020-ci il tarixdə 2000 manat borc pul vermiş, cavabdeh həmin pulu hər ay 50 manat ödəmək şərti ilə qayataracağını öz üzərinə götürmüşdür. Digər Cavabdeh2 isə digər cavabdehin həmin pulu ödəməyəcəyi təqdirdə qaytaracağını öz üzərinə götürmüşdür. Cavabdeh həmin puldan 150 manatını qaytarmış, 1850 manat borcu qalmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdehlər bu günə qədər həmin puldan ona heç bir ödəniş etməmişlər. Buna görə də tələbinin təmin olunması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı onun bacısıdır. İddiaçıdan pul almamış ona borcu yoxdur. Lakin valideyinlərdən miras qalmış fərdi yaşayış evindən iddiaçının imtina etməsinə görə ona 2000 manat pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin puldan 150 manatını qaytarmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə baxışında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı borc pul almamışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı qaldırılan hissədə rədd, Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 2000 manat borc pul almış, 28.06.2020ci il tarixdən hər ay 50 manat ödəməklə qaytarmaqı öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı 2000 manat borc pulu qaytara bilməyəcəyi təqdirdə həmin pulu pensiyası hesbaına ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı 2000 manat borc pul almış, həmin pulu 26.08.2020-ci il tarixdən hər ay 50 manat ödəməklə qaytaracağını öz öhdəsinə götürmüş, Cavabdeh2 Cavabdeh1 iddiaçıdan götürdüyü borc pulu qaytara bilməyəcəyi təqdirdə ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlərdən müştərək qaydada qeyd edilən 1850 manat pul tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı 1850 manat pul tələbi Cavabdeh2 aid hissədə əsassızdır. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsinin Plenumunun 04.09.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi) Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cı maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 tərəfindən imzalanmış iddiaçı tərəfindən zaminlik müqaviləsi kimi hesab edilən qəbzdən görünür ki, həmin qəbz iddiaçı (kreditor) İddiaçı tərəfindən imzalanmamış, qəbzdə tərtib edildiyi tarix və yer qeyd edilməmişdir. Qanunun mənasından görünür ki, zaminlik müqaviləsi hər iki (kreditor, zamin) tərəfindən imzalanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 tərəfindən tərtib edilmiş qəbz zaminlik müqaviləsi hesab edilə bilməz. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, İddiaçı Cavabdeh1 2000 manat borc pul vermiş, 26.08.2020-ci il tarixdən hər ay 50 manat ödəməklə qaytaracağını öz öhdəsinə götürmüşdür. Cavabdeh qeyd edilən müddət ərzində iddiaçıya olan borcundan 150 manat ödəmiş, 1850 manat borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Həmin Məcəllənin 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu digər iştirakçıya (borc alana) verməyi, digər iştirakçı borc alan isə aldığı pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Qanunun mənasından göründüyü kimi hazırda İddiaçı məxsus 1850 manat məbləğində pul Cavabdeh1 qanunsuz istifadəsindədir. İddiaçı özünü məxsus 1850 manat pulun Cavabdeh1 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh1 aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1850 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 1850 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar