Məhkəmə qərarları › İş №2(046)-1259/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1259/2023

30.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1259/2023 30.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 16 Saylı Ucar Ərazi İdarəsinə qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 noyabr 1990-cı il tarixli, 1574-saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, Göyçay şəhəri, Əli Kərim küçəsi, 52 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16-saylı Ucar Ərazi İdarəsinin 01 avqust 2022-ci il tarixli məktubu ona təqdim edildikdən sonra məlum oldu ki, Göyçay Rayon Məhkəməsinin 23 noyabr 1998-ci il tarixli, 2/126-nömrəli qətnaməsi ilə Göyçay DNK-nun 29.11,1990-cı il tarixli, 79-nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmiş, lakin həmin şəhadətnamə əsasında Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 noyabr 1990-cı il tarixli, 1574-saylı qeydiyyat vəsiqəsi ləğv edilməmişdir. Hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 23 noyabr 1998-ci il tarixli, 2/126- nömrəli qətnaməsi ilə Göyçay DNK-nun xx.xx.1990-cı il tarixli, 79-nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyinə görə həmin şəhadətnamə əsasında Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 noyabr 1990-cı il tarixli, 1574-saylı qeydiyyat vəsiqəsi də ləğv edilməlidir. 2/126-nömrəli mülki işə baxılarkən və Göyçay Rayon Məhkəməsinin 23 noyabr 1998-ci il tarixli, 2/126-nömrəli qətnamə qəbul edilərkən Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 noyabr 1990-cı il tarixli, 1574-saylı qeydiyyat vəsiqəsindən xəbəri olmamışdır. Reyestr idarəsinə müraciət etdikdən və 01 avqust 2022-ci il tarixli imtina məktubu təqdim edildikdən sonra 29 noyabr 1990-cı il tarixli, 1574-saylı qeydiyyat vəsiqəsindən məlumatı olmuşdur. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 16 Saylı Ucar Ərazi İdarəsinin nümayndəsi iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1.25.9/2023 saylı, xx.xx.2023-cü il tarixli sərəncamının icrası ilə əlaqədar İddiaçı Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 1574 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə köməklik göstərilməsi ilə bağlı ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 1574 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsinə əsas müəyyən edilmədiyi üçün vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X11 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 16 Saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçını dinləyən,iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 23 noyabr 1998-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras ev bölgüsü və mənzilə köçürmə tələbinə dair iddiası təmin olunmuş, mərhum X6 adına verilmiş 29 noyabr 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin Göyçay şəhəri, Ə.Kərim küçəsi 30 saylı iki otaqlı miras evin ikidə bir hüququna dair hissəsi əsassız olduğu üçün ləğv edilməsi, X4 miras qalmış həmin Göyçay şəhəri, Ə.Kərim küçəsi 30 saylı iki otaqlı evin ikidə bir hissəsi mərhum X8 verilmiş 29 noyabr 1990-cı il tarixli birinci dərəcəli vərəsə kimi cavabdeh İddiaçı xüsusi mülkiyyətinə verilməsi, digər ikidə bir hissəsi isə qanun üzrə vərəsəlik hüququ olan iddiaçı X1 xüsusi mülkiyyətinə verilməsi, iddiaçı X1 uşaqları ilə birlikdə mülkiyyət hüququ olan Göyçay şəhəri, Ə.Kərim küçəsi 30 saylı mənzilə köçürülməsi qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin İddiaçı ünvanladığı 29 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Göyçay DNK-nun xx.xx.1990-cı il tarixli, 79 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 1574 saylı qeydiyyat vəsiqəsi ləğv edildikdən sonra təkrar müraciət edəcəyi təqdirdə təkrar müraciət qanuna müvafiq qaydada icra ediləcəkdir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X9 xx.xx.1998-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.5-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən 54 nömrəli fərdi yaşayış evinə dair Göyçay DNK-nun xx.xx.1990-cı il tarixli 79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 vərəsəsi X9 olmuşdur. Göyçay DNK-nun xx.xx.1990-cı il tarixli 79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X2 rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1990-cı il tarixində 1574 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Göyçay Rayon Məhkəməsinin 23 noyabr 1998-ci il tarixli qətnaməsi ilə Göyçay DNK-nun xx.xx.1990-cı il tarixli, 79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeydiyyat yazısı ləğv edilməmişdir. Məhkəmə hesab edir ki,daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş X6 adına verilmiş Göyçay DNK-nun xx.xx.1990-cı il tarixli 79 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən,həmin qeydiyyat ləğv edilməli,bununla da iddia təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Göyçay rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X6 adına verilmiş 29 noyabr 1990-cı il tarixli, 1574-saylı qeydiyyat vəsiqəsi (daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı) ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar