Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1311/2024 11.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Müslim qızından onun ondan aldığı qızılların dəyəri olaraq ona ödəməli olduğu lakin ödəmədiyi 4500 manatın, həmin məbləğin illik 5%-ni təşkil edən (2022-ci ilin aprel ayından 2024-cü ilin iyul ayınadək olan müddətdə hesablanmış=26 ay) 487 manat 50 qəpik kompensasiyanın (əldən çıxmış fayda), 200 manat bu məsələ ilə bağlı hüquq-mühafizə, məhkəmə və digər qurumlara getdiyində xərclədiyi (xərcləyəcəyi) yol xərcləri (Bakı şəhərində yaşayır) və 72 manatlıq dövlət rüsumunun alınaraq o, toplam 5259 manat 50 qəpik məbləğində pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o artıq illərdir qızıl alveri ilə məşquldur. Müxtəlif yerlərdə yerləşən qızıl dükanlarında işləmişdir. Bunu bütün çevrəsində olan insan bilir. Məlum məsələdir ki, bir müddət alver etdiyin insanla səmimiyyət yaranır, nisyə alverdə onların işində normal haldır. Cavabdeh ilə o onun qohumu vasitəsi ilə tanış olmuşdur. Qonşu olmuşlar həmdə sonuncu dəfə cavabdehə ümumilikdə 4600 manat dəyərində qızılzinət əşyalarını satmışdır. Cavabdeh ona olan pul borcunu qısa zamanda verəcəyini vəd etsədə, ümumi borcundan cəmi 2022-ci ilin aprel ayının 13-də qızılları ondan aldığı gün 100 manat ödəniş etmişdir. Onunla əlaqə saxladıqda mübahisə yaradır, pul borcunu ödəməkdən boyun qaçırır. Hər dəfə əlaqə yaratdığında mübahisə yaradır. Cavabdeh ondan qızılları götürdükdə aralarında müqavilə bağlanmış, qızılları götürdüyünə və qısa zamanda ödəniş edəcəyinə dair yazı yazıb və imza atmışdır. Ümumilikdə Gülnar, ondan 5,52 qr. qızıl qolbağ 585 əyyar, 7,33 qr qızıl qolbağ 585 əyyar, 10,1 qr dəst üzük sırğa 585 əyyar, 10,1 qr dəst üzük sırğa 585 əyyar, 2 qr uşaq sırğası 585 əyyar, 3,27 qr sep- kulon 750 əyyar, 1,56 qr açar kulon 750 əyyar. Adı çəkilən qızıl-zinət əşyaların ümumi dəyəri 4600 manat edir. Cavabdehdən istənilən, tələb olunan pul tələbi özünün müsbət həllini tapmayıb. Ona görə də o çıxış yolu olaraq məhkəmə müdafiəsinə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh SMS bildiriş vasitəsilə və xx.xx.2024cü il tarixdə şəxsi elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilərək məlumat verilmiş, lakin o,məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli malın nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında dəyəri 4600 manat olan qızılları 5 ay müddətinə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqısı barədə müqavilə imzalanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh xx.xx.2022ci il tarixli müqaviləyə görə 2022-ci ilin sentyabr ayının sonunadək hər ay ödəmək şərtilə cəmi dəyəri 4600 manat olan 7 adda (5,52 qram qızıl qolbağ 585 əyyar, 7,33 qr qızıl qolbağ 585 əyyar, 10,1 qr dəst üzük sırğa 585 əyyar, 10,1 qr dəst üzük sırğa 585 əyyar, 2 qr uşaq sırğası 585 əyyar, 3,27 qr sep- kulon 750 əyyar, 1,56 qr açar kulon 750 əyyar) qızıl əşyalarını nisyə satmışdır.Cavabdeh ilkin olaraq 100 manat ödəniş etmiş, qalan 4500 manatı ödəməmişdir. Məhkəmə qeyd edir ki,tərəflər arasında xx.xx.2022-ci il tarixli qızıl-zinət əşyaların satılması ilə bağlı nisyə alqı-satqı müqaviləsi bağlandığından, qızıl-zinət əşyalarını təhvil almış alıcı Cavabdeh razılaşdırılmış müddət ərzində qızıl-zinət əşyalarının dəyərini tam ödəməmişdir. Belə olan halda satıcı İddiaçı pozulmuş hüququnun bərpası üçün 2 hüquqi müdafiə üsulunu seçə bilər: ya verilmiş əşyanın ödənilməsini, ya da ki, ödənilməmiş malın qaytarılmasını. Məhkəmə hesab edir ki, nisyə satılmış qızıl-zinət əşyalarının dəyərinin tam ödənilməsi müəyyən edilmədiyindən, satıcı İddiaçı satılmış malın qalıq hissədə olan dəyərini borcludan tələb etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh qızıl-zinət əşyaların satışı ilə əlaqədar ödənilməmiş 4500 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia bu hissədə təmin olunmalıdır. Cavabdehdən icranı gecikdirdiyinə görə 2022-ci ilin aprel ayından 2024-cü ilin iyul ayınadək olan müddət üçün illik beş faiz məbləğində pulun tutulması hissədə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki,nisyə alqı-satqı zamanı pul məbləğinin ödənilməsinin razılaşdırılmış müddəti 2022-ci ilin sentyabr ayının son günüdür.Məhkəmə hesab edir ki,Cavabdeh aldığı malın dəyərinin ödənilməsini gecikdirdiyindən, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Gecikdirilmiş müddətə gəldikdə, məhkəmə hesab edir ki, öhdəliyin icrası üçün müəyyən edlmiş müddət 2022-ci ilin sentyabr ayının son günü müəyyən edildiyindən,cavabdehin icranı gecikdirməsi həmin tarixdən sonra baş vermiş sayılmalı, 2022-ci ilin oktyabr ayından başlayaraq məhkəməyə müraciət edildiyi 2024-cü ilin iyun ayının 20-dək bir il səkkiz ay icranı gecikdirmə müddəti hesab olunmalıdır.Məhkəmə nəzərə alır ki,ödənilməyən məbləğ 4500 manatdır,həmin məbləğin illik beş faizi 225 manat təşkil edir.Ümumilikdə gecikdirmə müddəti 20 ay təşkil etdiyindən, həmin müddət üçün illik beş faizi aşağıda göstərilən qaydada hesablanmalıdır.Belə ki,ödənilməyən məbləğin illik beş faizi 225 manat təşkil etdiyindən,bir ay üçün həmin məbləğ 18 manat 75 qəpik təşkil edir (225:12=18,75). Belə olan halda 8 ay üçün bu məbləğ 150 manat təşkil etməlidir (18,75x8=150). Beləliklə gecikdirilmiş 20 (12+8) ay vaxt üçün illik beş faiz hesablanmaqla,bu məbləğ 375 (225+ 150=375) manat təşkil etməlidir. Beləliklə bu hissədə tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki,gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla bu məbləğ 375 manat təşkil etməli, iddia bu hissədə qismən təmin olunmalıdır. Hüquq-mühafizə, məhkəmə və digər qurumlara gedib-gəldiyinə görə 200 manat yol xərclərinin tutulması tələbi,məhkəmə hesab edir ki,İddiaçı bu barədə hər hansı bir sübut təqdim etmədiyindən və bununla da istinad etdyi halı sübut edə bilmədiyindən təmin oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 75 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməyən 4500 manat məbləğində, həmçinin həmin məbləğin 2022-ci ilin oktyabr ayından başlayaraq 2024-cü ilin iyul ayınadək illik 5 % hesablanmış 375 manat məbləğində, cəmi 4875 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh 75 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1311/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1311/2024
11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver