Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-132/2025 31.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5100 manat borc üçün verdiyi pulun və ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh borc üçün verdiyi 4080 manat, 600 dollar və ödənilmiş 72 manat məbləğind dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Göyçay rayonu, Bığır kəndində anadan olmuş və orada yaşayır. Məhkəməyə müraciət etməsinin səbəbi onunla qonşuluqda yaşayan doğma xalasıoğlu Cavabdeh onun etibarından sui-istifadə edərək dəfələrlə ondan borc pul alıb qaytarmamasıdır. 2019-cu ilin yay aylarında cavabdeh onlara gələrək uşağının müalicəsi üçün 500 dollar lazım olduğunu demiş və o da onun xalasıoğlu olduğu üçün tərəddüd etmədən bu məbləği cavabdehə vermiş, cavabdeh bir ay müddətində pulu qaytaracağını bildirmişdir. Bundan iki gün keçmiş yenə onlara gəlib 200 manat pul lazım olduğunu bildirmiş və iki gün sonra həyətində olan dananı kəsib pulunu qaytaracağını demişdir. Yenə tərəddüd etmədən pulu cavabdehə vermiş, çünki xalasıoğlu olduğu üçün cavabdehə inanmış və onlara gəlib-gedən olmuşdur. Cavabdeh üç gündən sonra yenə gəlmiş, toya gedəcətini 200 manat pul lazım olduğunu bildirmiş və cavabdehi əliboş qaytarmamışdır. O, hər dəfə cavabdehə pul verəndə dəftərində qeyd etdirmişdir. Az müddət keçdikdən sonra cavabdeh onlara gələrək bildirdi ki, təcili 1300 manat pul lazımdır, əvəzində atasına, anasına və özünə məxsus pensiya kartını ona verir, o da hər ayın sonu pensiya kartlarında olan 50,100,150 manat pulu 1300 manat əvəzinə götürəcəkdir. Cavabdeh növbəti dəfə onun yaşlı olmasından və ona inanmasından istifadə edib aldatmışdır. O, hər dəfə cavabdehə pul verəndə dəftərində borc verdiyi pulun məbləğini qeyd etmiş və cavabdehə imza etdirmişdir. Ayın sonunda Beynəlxalq Banka məxsus terminala yaxınlaşıb cavabdehin dediyi pulları götürmək istəyəndə məlum oldu ki, 150 manat dediyi karta pul yoxdur, o, yalnız 50 və 100 manat pul götürə bilmişdir. Dərhal cavabdehə zəng vurmuş və 150 manat dediyi kartda pul olmadığını bildirdikdə, o da ona “ola bilməz” deyərək dəstəyi asmışdır. Ondan sonraki gün o cavabdehin yaşadığı evə gedərək məsələni aydınlaşdırmaq istədikdə ona Göyçay rayonunda fəaliyyət göstərən Beynəlxalq Banka gedib aydınlaşdırmağı təklif etmiş və o, razılaşmışdır. Banka gəlib bu barədə bank işçisinə yaxınlaşmış, bu məsələni aydınlaşdırmağı xahiş etmişdir. Bank işçisi kartı yoxladıqda onlara bildirdi ki, kartda həqiqətən pul yoxdur. O onda başa düşdüki cavabdeh yalan danışır, kartda əvvəldən pul olmamışdır. Yalnız növbəti aydan pulu götürə bilmişdir. 8 ay ərzində 1274 manatı cavabdehin ona verdiyi kartdan götürə bilmişdir. 10 gün keçdikdən sonra cavabdeh yenə onlara gələrək oğlunun xəstəliyi ilə əlaqədar əlillik almaq üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Cavabdehə pulunun olmadığını bildirdikdə cavabdeh ona 1 ədəd qızıl üzük göstərərək onun 1500 manat dəyərində olduğunu və onu pulun əvəzində girov qoymaq istədiyini bildirimişdir. Bu söhbət gedərkən qardaşı X1 da onun yanında idi. Qardaşı ona inanaraq yeganə pulu olan 1500 manatı cavabdehə vermiş və cavabdeh üzüyü onlara verib getmişdir. Bundan sonra onlar nə qədər çalışsa da cavabdehi tapa bilmədilər. Dəfələrlə zəng etsələr də telefonu açmırdı. Artıq o və qardaşı aladandıqlarını hiss etmişdilər. Onlar məcbur olub Göyçay rayon Polis şöbəsinə müraciət etmişlər və onları polis şöbəsinə dəvət etdilər. Göyçay rayon Polis şöbəsində polis işçisinin otağında həmin şəxs tərəfindən izahatları alınan zaman polis işçilərinin gözü qarşısında cavabdeh qəflətən onun üz nahiyyəsinə zərbə endirdi. Polis işçiləri dərhal müdaxilə etdilər və onu Göyçay rayon mərkəzi xəstəxanasına apardılar. Bəzi müayinələr keçdikdən sonra onu evə buraxdılar və bildirdilər ki, müayinənin nəticəsi barədə arayışı polis şöbəsinə təqdim edəcəklər. Cavabdehi həmin gün polis şöbəsində saxladılar. Ertəsi gün onun barəsində araşdırma başlanıldı. Elə həmin gün məlum oldu ki, cavabdeh artıq azadlıqdadır və indiyə qədər araşdırmanın nəticəsi barədə məlumatları yoxdur. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tədbiqi barədə ərizə ilə müraciət edərək göstərmişdir ki, 2016-cı ildə İddiaçı 3 dəfə olmaqla 1300 manat faizə pul almışdır. Bunlardan sonuncuda bir ədəd nişan üzüyünü verərək 200 manat pul almışdır. Həmin pulu üstünün faizini ödəmək şərti ilə 2018-ci ildə əlil övladları Ülvinin, İlkinin və pensiya alan anasının pensiya kartları hesabına ödəmişdir. İddiaçının ona guya ondan 2019-cu ildən borca pul almağa başlamağı barədə göstərdikləri, onun iddia müddətinin axımının süni şəkildə uzadılmasına çalışmasıdır. Belə ki, əgər iddiaçı ona verdiyi pulların hesabatını aparırdırsa, kağızda qeyd etdiyi məbləğlərin qarşısından pulların verilmə tarixini qeyd etməli idi. İddiaçı onun savadsızlığından, istifadə edərək onu məhkəməyə vermişdir. İddiaçıdan 2016-cı ildə faizə aldığı 1300 manat pulu 2017-ci ildə üstünün faizini ödəməklə qaytarmışdır. Sadəcə iddiaçıya həmin pulu qaytararkən heç bir yerə imza etdirməmişdir. 2016-cı ildə iddiaçıdan borca pul almağı və həmin pulu 2017-ci ildə tam qaytarmasını nəzərər alsa 3 illik iddia müddəti keçmişdir. Bundan başqa onun iddaçıdan guya 2019-cu ildə pul alması barədə göstərdikləri yenə də iddia müddətinin keçməsi ilə nəticələnir. Belə ki, 3 illik iddia müddəti əsas götürələrsə onun cavabdeh qarşısında öhdəliyi 2019-ci ildən başlamışdır (onunla arasında pulu hansı müddətə ödəməsi barədə aralarında razılıq iddiaçının məhkəməyə təqdim etdiyi kağızda göstərilmir.) İddiaçı isə xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müracitə etmişdir. Məhkəmədən İddiaçı ona qarşı məndən 5100 manat borc pulun və 72 manat dövlət rüsumun tutulması müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdilər, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, o, İddiaçı 1300 manat borca pul almıdır. Həmin pulun əvəzinə cavabdehə 01 ədəd qızıl üzük vermişdir. Həmçinin iddiaçıya anasına məxsus 01 ədəd kartı, oğlanlarına məxsus kartı iddiaçıya vermiş. İddiaçı həmin kartlardan pul çıxarmışdır. İddiaçıya borcu qalmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialların əlavə edilmiş: Yazılı formada tərtib edilmiş 2022-ci ilə aid qəbzdən görünür ki, Cavabdeh cəmi 5100 manat məbləğində pul verilmiş, həmin puldan 1500 manat Əliağa tərəfindən verilmişdir. Həmin qəbz İddiaçı, Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı Göyçay rayon Polis Şöbəsinə müraciəti əsasında toplanmış materialın surətindən görünür ki, İddiaçı Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh ona 3200 manat borcu olduğunu və borcun qaytarılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Polis şöbəsində araşdırılma aparılmış, İddiaçı, Cavabdeh izahatları alınmış, Cavabdeh izahatında 2000-ci ildən 2024-cü ilə qədər İddiaçı Hacığağa qızından hissə-hissə borc pul aldığını, həmin pulun əvəzinə qızıl üzük və anasına, 2 oğluna məxsus bank kartını verdiyini, 14 aydan sonra kartları götürdüyünü, 14 ayda 1274 manat pul çıxarıldığını, İddiaçı borcu qalmadığını göstərmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2022-ci ildə borc verməklə ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə borca pul verilməklə aralarında mülki-hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə Cavabdeh tərəfindən borcun olduğunu təsdiq edən qəbz imzalanmışdır. Həmin qəbzi iş üzrə tərəflər imzalasa da, məhkəmə iclası zamanı müəyyən olundu ki, sözügedən borcdan 1500 manat İddiaçı deyil, onun qardaşı Əliağa adında şəxs tərəfindən cavabdehə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh o hissədə borc məbləğinin tələb edilməsi əsassızdır. Sözügedən qəbzə münasibətdə Cavabdeh borcunu tam olaraq qaytardığını, həmçinin borc məbləğinin iddiaçı tərəfindən artıq hesablandığını bildirmiş, lakin bunları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh borcu 2016-cı ildə alaraq 2017-ci ildə tam qaytarmasını göstərsə də, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icrası müddəti müəyyən edilmədiyindən müqavilə üzrə iddia müddətinin axımı iddiaçı borcverənin öhdəliyi icra etmə tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Borcluya tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırki iş üzrə isə Cavabdeh borc müqaviləsi üzrə öhdəliyin icrası müddəti barədə hər hansı bir sübutu təqdim etmədiyindən, məhkəmə hesab edir ki, icra müddəti müəyyənləşdirilməmiş öhdəlik üzrə Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə iddiaçının öhdəliyin dərhal icrasını tələb etdiyi andan hesablandığından iddia müddəti keçmədiyindən tətbiq edilməməlidir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, 2022-ci ildə imzalanmış qəbzlə Cavabdeh 600 ABŞ dolları və 4080 manat borcunun olduğu, bundan 1500 manatın iddiaçının qardaşı Əliağadan aldığı, qalan 2580 manatın isə İddiaçı aldığı müəyyən olmuşdur. Belə olan halda iddia qismən təmin edilməli, Cavabdeh 2580 manat və 600 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2580 (iki min beş yüz səksən) manat və 600 (altı yüz) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının məzənnəsi ilə hesablanaraq pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 72 (yetmiş iki) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-132/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-132/2025
31.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver