Məhkəmə qərarları › İş №2(046)-1492/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1492/2025

18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1492/2025 18.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 2370 manat ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Cavabdeh Göyçay rayon Bığır kəndində özünə məxsus mal-qaranı ötürərəkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə onun idarə etdiyi “Nissan Note” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyişmişdir. Bu fakt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. Hadisə nəticəsində ona 2370 manat məbləğində maddi və mənəvi zərər dəymişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı ilə əvvəl aralarında razılığa gələrək dəymiş zərərin 700-800 manat olduğunu demiş, indi isə ondan 2370 manat tələb edir. O, bilərəkdən ona məxsus iri buynuzlu heyvanı nəzarətsiz çölə buraxmamışdır. İddiaçı hadisə vaxtı avtomobili asta sürətlə idarə etsəydi hadisənin qarşısını ala bilərdi İş materialların əlavə edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(046)-240/2025 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə tənbeh növü təyin edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, UNİ/O 89-719/2025 nömrəli ekspert rəyindən görünür ki, “Nissan Note” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri 1510 (bir min beş yüz on) manat təşkil etmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı: Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində özünə məxsus mal-qaranı ötürərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə İddiaçı idarə etdiyi “Nissan Note” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bir ədəd iri buynuzlu heyvanı vurmuşdur. Nəticədə İddiaçı idarə etdiyi “Nissan Note” markalı **- XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu Bığır kəndi ərazisində 1 baş iri buynuzlu heyvanı nəzarətsiz asvalt-beton örtüklü yola buraxmış və İddiaçı idarə etdiyi “Nissan Note” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehə məxsus heyvanı vurmuşdur. Nəticədə iddiaçıya maddi ziyan dəymiş, bu fakt qanuni qüvvəsini almış Göyçay Rayon Məhkəməsinin 3(046)-240/2025 saylı, 21 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində İddiaçı vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə İddiaçı “Nissan Note” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın 2370 manat olduğunu bildirsə də ekspert rəyi ilə müəyyən edilmiş nəticələri şübhə altına alan və ya təkzib edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv şəkildə qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçının göstərdiyi məbləğ iş materialları ilə, o cümlədən xüsusi bilik tələb edən məsələlərin həlli üçün təyin olunmuş məhkəmə ekspertizasının nəticələri ilə təsdiqini tapmamışdır. Aparılmış ekspertiza nəticəsində dəymiş maddi ziyanın faktiki məbləği iddiaçı tərəfindən tələb ediləndən daha az müəyyən edilmişdir. Ekspert rəyini nəzərə alınaraq, məhkəmə həmin rəyi etibarlı və kifayət qədər mötərəbr sübut kimi qiymətləndirmişdir. Mülki prosesessual qanunvericiliyinə uyğun olaraq, iddianın tələbləri yalnız sübut edilmiş hissədə təmin oluna bilər. İddiaçının tələb etdiyi daha yüksək məbləğ sübutlarla təsdiqlənmədiyindən, məhkəmə iddianı qismən təmin etmiş və ekspertiza ilə müəyyən edilmiş məbləğin tutulmasına qərar vermişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1510 manat tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib ərizəsində dövlət rüsumu ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ödəmiş tərəfin özünə aid edilməlidir. Ekspertiza xərcinin dəyəri 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1510 (bir min beş yüz on) manat pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinin dəyəri 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Məhkəmə xərci iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar