Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1552/2025 04.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 1500 manat pulun və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarı ilə X3, Cavabdeh1, Cavabdeh2 və Cəbiyeva (İsrayılova) Aysel Şahmurad qızına Göyçay rayonu Bəydövül kəndi ərazisindən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN 102 seriyalı Dövlət Aktı verilmişdir. X1 2013-cü ilin iyun ayının əvvəllərində ona müraciət edərək, səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq özünün və ailə üzvlərinin mülkiyyətində olan yuxarıda qeyd edilən torpaq sahəsini təcili satmaq istədiyini, həmin torpaq sahəsini almağı təklif etmişdir. X5 düşdüyü çətin durumu başa düşüb, torpaq sahəsini almaq qərarına gəlmişdir. 2.35 ha torpaq sahəsini 1500 manata almağa razılaşmış və müvafiq sənədləşməyə başlamışdır. X7 əsas alğı-satqı müqaviləsi bağlananadək ilkin müqavilə kimi yazılı şəkildə izahat yazaraq, özünün və ailə üzvlərinin mülkiyyətində olan 2.35 ha torpaq sahəsini 1500 manata ona satdığını, gələcəkdə həmin torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaratmayacaqlarını bəyan etmişlər. Yazılan izahata X7 özü, cavabdehlər imza edərək, torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə birlikdə ona təqdim etmişlər. Əsas alğısatqı müqaviləsini isə Şahmurad Cəbiyevin bağlamaq imkanı olmamışdır. Belə ki, razılaşmamızdan bir müddət sonra Şahmurad Cəbiyev vəfat etmişdir. 2013-cü ilin iyun ayından 2025-ci ilin may ayının əvvəllərinədək həmin torpaq sahəsi sahibliyində və istifadəsində olmuşdur. 2025-ci ilin may ayının əvvəllərində aldığı torpaq sahəsinə gedərkən tanımadığı şəxs ona yaxınlaşaraq, 2.35 ha torpaq sahəsini cavabdehlər ona notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında satdığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehlər 2.35 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədin nüsxəsini əldə edərək, torpaq sahəsini xəbəri və məlumatı olmadan başqa şəxsə satmışlar. Lakin aldıqları 1500 manat pulu qaytarmamışlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya olan borcunu 200 manat olmaqla hər ay ödəyəcəkdir. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş məhkəməyə təqdim edilmiş xx.xx.2013-cü il tarixli izahatdan görünür ki, X4 yazılı olaraq bildirmişdir ki, özünə və ailə üzvlərinə aid olan torpaq sahəsini İddiaçı min beş yüz (1500) manat pula daimi olaraq satır. Ailə üzvlərindən heç kəsin torpaq iddiasında olmayacaq. X2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 və İddiaçı tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim edilmiş Məhkəmə-xəttşunaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 4/1651 saylı ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində olan xx.xx.2013-cü il tarixli “İzahat”ın aşağı hissəsində “Cavabdeh3:” yazılarının qarşısında olan imza - Cavabdeh3 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində olan xx.xx.2013-cü il tarixli “İzahat”ın aşağı hissəsində “Cavabdeh2:” yazılarının qarşısında olan imza - Cavabdeh2 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 6-cı vərəqində olan xx.xx.2013-cü il tarixli “İzahat”ın aşağı hissəsində “İsraCavabdeh1:” yazılarının qarşısında olan imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cəbiyev Şahmurad oğlu ilə Göyçay rayonu, Bəydövül kəndində yerləşən 2,35 hektar torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağladığını bildirmişdir. İddiaçı göstərmişdir ki, həmin torpaq sahəsinin dəyəri kimi 1500 (bir min beş yüz) manat pul vəsaitini cavabdehlərə ödəmişdir. Lakin sonradan cavabdehlər qeyd edilən torpaq sahəsini başqa şəxsə satmış, buna baxmayaraq iddiaçı tərəfindən ödənilmiş pul vəsaitini ona geri qaytarmamışlar. Bu səbəbdən iddiaçı cavabdehlərdən 1500 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Keçirilmiş məhkəmə iclaslarında Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, qeyd edilən alqı-satqı müqaviləsindən onun və digər cavabdehlərin xəbəri olmamış, həmin sənəd onlar tərəfindən imzalanmamışdır. Bu səbəbdən o, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, habelə iddia tələbinin əsaslılığının yoxlanılması məqsədilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli “İzahat” sənədində olan imzalar cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən icra edilmişdir. Lakin həmin sənəddə olan imzanın Cavabdeh1 tərəfindən icra edilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 qarşı qaldırılmış hissədə təmin edilə bilməz. Bundan əlavə, məhkəmə baxışı zamanı Cavabdeh2 iddia tələbini etiraf edərək iddiaçıya borclu olduqları 1500 manat pul vəsaitini qaytaracaqlarını bildirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 1500 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilmə və ekspertiza xərci olan 124 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1500 manat pul vəsaiti və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1500 manat pul vəsaiti və 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 qarşı qaldırılan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 124 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1552/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1552/2025
04.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver