Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1562/2021 30.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində 30 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7035 ABŞ dolları borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh onun banka borcu olduğu üçün və ata məhləsindəki evlərini satmaq istədiyinə görə 2010-cu ilin aprel ayının 20-də 6000 ABŞ dolları borc vermiş və bir müddətdən sonra yəni 2012-ci ilin yay aylarında yenə də 3000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin borc pulu ona 3 ay müddətində qaytaracağını söz vermişdir. 2020-ci ilin avqust və sentyabr aylarında hissə-hissə 1965 ABŞ dolları qaytarmışdır. Hal-hazırda cavabdehin ona 7035 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə cavabdehə borc pulu qaytarılması barədə müraciət etsə də, lakin cavabdeh pulu ona qaytarmamışdır. Buna görə də cavabdehdən 7035 ABŞ dolları borc pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçıdan 2010-cu ildə 6000 ABŞ dolları, 2012-ci ildə isə 3000 ABŞ dolları borc pul almışdır. Həmin puldan 2020-ci ildə 2136 ABŞ dollarını qaytarmışdır. İddiaçıya qalan borcunu qaytarmaqdan boyun qaçırmır, lakin hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 2010-cu il tarixdə 6000 ABŞ dolları, 2012-ci il tarixdə isə 3000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin puldan 2020-ci il tarixdə 2136 ABŞ dollarını iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh ona 7035 ABŞ dolları borclu olduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən 7035 ABŞ dolları həddə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı məxsus 6864 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdehun qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6864 ABŞ dolları borcunun Azərbaycan manatı ilə məzənnəsi və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6864 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan manatı ilə məzənnəsi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-1562/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1562/2021
30.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver