Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1574/2023 03.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X1 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərində tam pay olmaqla mülkiyyət hüququnun **********67-10301 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 143,3 kv.m olan fərdi yaşayış evinə dair X5 ilə aralarında bağlanılacaq olan bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu Polad Nəcəfliyə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 143,3 kv.m olan fərdi yaşayış evi üzərində tam pay olmaqla mülkiyyət hüququ **********67-10301 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarış və torpaq sahəsinin planı-ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsini oğlu X2 bağışlamaq niyyəti ilə cavabdeh Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu Polad Nəcəfliyə müraciət etmişdir. Cavabdeh Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu Polad Nəcəfli onun mülkiyyət hüququnu məhdudlaşdıraraq (sərəncam vermək hüququnu) bağışlama müqaviləsini təsdiq etməsi üçün həmin evdə qeydiyyatda olan digər şəxslərin razılığını tələb etmişdir. Cavabdeh Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu Polad Nəcəfli ilə razılaşmadığı üçün o bağışlama müqaviləsini təsdiq etmədən, ona məhkəməyə müraciət etməyi barədə xx.xx.2023-cü il tarixli, 124 saylı imtina məktubu vermişdir. Cavabdeh Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu Polad Nəcəflinin hərəkətlərini qanunsuz hesab edir. Hesab edir ki, onun tərəfindən bağışlama müqaviləsinin təsdiq edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mülkiyyətçiyə verilən əmlak barəsində sərəncam vermək və ümumiyyətlə mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması və mülkiyyət hüququna qəsddir. Tam paya malik mülkiyyətçi olaraq mülkiyyətində olan əmlak barədə sərəncam vermək hüququnun digər şəxsin razılığından asılı vəziyyətə gətirilməsinin qanunsuzluqdan başqa adı yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh Göyçay rayon Notariat Ofisinin notariusu məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 izahat verərək bildirdi ki, Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 143,3 kv.m olan fərdi yaşayış evi babasından qalmışdır. Həmin ev babasından sonra nənəsinin adına, sonra isə anasının adına keçmişdir. 2012-ci ildə Ayaza Abşeron rayonu Masazır qəsəbəsində torpaq alıb, üzərində ev tikilmişdir. Ayazın evi olduğundan ona anasının evindən pay düşmür. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 izahat verərək bildirdi ki, Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 143,3 kv.m olan fərdi yaşayış evi babasından qalmışdır. Həmin fərdi yaşayış evində və torpaq sahəsində onun da payı vardır. Lakin iddiaçı onun razılığı olmadan fərdi yaşayış evini və torpaq sahəsini qardaşı Gündüzün adına bağışlamaq istəyir.Ona görə də bağışlama müqaviləsinin bağlanmasına razı deyil. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və X6 məhkəməyə gəlməmişlər. İşə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 izahat verərək bildirmişdir ki,anası İddiaçı məxsus olan Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin qardaşı Gündüz Əliyevə bağışlanmasına etirazı yoxdur,razıdır. Məhkəmə hazırlıq iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 izahat verərək bildirmişdir ki, Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinin Gündüz Əliyevə bağışlanmasına razıdır. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Çərəkə kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi təsərrüfatında X5, X8, X13, X20, X17, X18, X21 və X23 qeydiyyatdadır. İşə əlavə edilmiş Göyçay rayon İHB-nın Çərəkə kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ailə üzvləri oğlu X5, oğlu X8 və qızı X4r. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 20 iyun 2023-cü il tarixli arayışından görünür ki, X7 ilə İddiaçı arasında nikah 20 iyul 1977-ci il tarixdə Göyçay rayon Çərəkə kənd icra nümayəndəliyində bağlanmışdır. İşə əlavə edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsinin 21 iyun 2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X1 atası X7,anası X19r. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1993-cü ildə vəfat etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli MA ******* saylı çıxarışdan görünür ki, Göyçay rayonu Çərəkə kəndində 0,38 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 29 mart 2023-cü il tarixli məktubundan görünür ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı alınması nəzərdə tutulduğundan İddiaçı Göyçay Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq normaları: "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 8-ci bəndində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə birbiri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1 -ci, "Notariat haqqında” Qanunun 41 -ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1. 1 -ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndinə əsasən: - Yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. -Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli qərarında verilmiş şərhə görə , bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin tələbinə görə mülkiyyət hüququ mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur,mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan suiistifadə olmasın,mülkiyyətçi öz əmlakının müqəddəratını təyin etmək üçün həmin əmlak barəsində müəyyən hərəkətlər etməlidir.Sərəncam hüququ əmlakın satılması,bağışlanması, dəyişdirilməsi, icarəyə verilməsi və sair hüquqi hərəkətlərlə həyata keçirilir.Lakin mülkiyyətçinin öz əmlakı üzərində sərəncam hüququ iki halda məhdudlaşır:1) qanunvericilikdə müəyyən edildiyi halda,2) mülkiyyətçinin iştirakçısı olduğu müqavilələrdə nəzərdə tutulduğu halda.Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallardan biri Mülki Məcəllənin 667.1-ci maddəsində qeyd edilmişdir.Belə ki, mülki qanunvericilik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 08 yanvar 2021-ci il tarixli qərarında verilmiş şərhə görə bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 143,3 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı həmin evdə qeydiyyatda olan mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 razılığı olmadan və birinci növbədə qanun üzrə vərəsə olaraq vərəsəlik hüququnu nəzərə almadan bağışlama yolu ilə öz əmlakı üzərində sərəncam hüququnu həyata keçirtmək istəmişdir.Halbuki bu halda bağışlama müqaviləsi əvəzsiz xarakter daşıdığından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 vərəsəlik hüququnun olması nəzərə alınaraq bağışlamaya dair belə bir məhdudiyyət müəyyən edilmişdir.Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 razılığı olmadan bağışlama müqaviləsinin təsdiq edilməsindən imtina edən notariusun hərəkəti əsaslı olmuşdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı Göyçay rayonu Çərəkə kəndi ərazisində yerləşən 0,38 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 143,3 kv.m olan fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin təsdiq edilməsi vəzifəsinin Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu Polad Nəcəfliyə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1574/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1574/2023
03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver