Məhkəmə qərarları › İş №2(046)-1685/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1685/2024

05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1685/2024 05.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4500 manat pulun və öədnilmiş 65 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Göyçay rayon Yekəxana kənd tam orta məktəbinə ədəbiyyat fənni tədris etmək üçün müəllim kimi işə başlamışdır. Bir müddət işlədikdən sonra məktəbin direktoru Cavabdeh ondan xahiş edərək 11000 manat bankdan kredit götürməyini, həmin kreditin aylıq ödənişlərini ödəyəcəyini bildirdi. Cavabdeh məktəb direktoru olduğu üçün məcbur qalaraq razılaşmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-dən 11000 manat kredit götürərək cavabdehə borc olaraq vermişdir. Cavabdeh əvvəllər ödənişlərini etmiş, 11000 manat puldan 6500 manatını ödəmiş, lakin 4500 manat borcu qalmışdır. Hal-hazırda həmin pulu banka o ödəyir. Cavabdehə verdiyi borcun qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh pulu ödəməmişdir. Bununla bağlı Göyçay rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində ona olan borcunu etiraf etmiş, borcunu tezliklə ödəyəcəyini bildirsə də bu günədək ödəməmişdir. Hazırda ona məxsus 4500 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında illik 25 faiz olmaqla 36 ay müddətinə 11000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 4428 manat 62 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu cəmi 4453 manat 62 qəpik pul tutulsun. İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, Cavabdeh göstərmişdir ki İddiaçı 2021-ci ildə öz adına köməklik üçün kredit götürüb ona vermiş və o da "xxxx"dan öz adına 10000 manat kredit götürərək köməklik etmişdir. Hər ay onun kreditini onun adından ödəməklə 30 ay 450 manat olmaqla ödəniş etmişdir. Son vaxtlar maddi sıxıntıları (beş altı) ay olar ki, krediti ödəyə bilməməyi hadisəni daha da dərinləşdirmiş, yəni İddiaçı tərəfindən məhkəməyə verilməyini o yeni öyrənmişdir. Onun "xxxx"ya olan kredit borcu tamamilə onun borcudur. Söz verir ki, xx.xx.2024-cü il tarixədək İddiaçı "xxxx"ya olan qalıq borcunun tamamını ödəyəcəkdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb,belə bir qənaətə gəlir ki,tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Məhkəmə hesab edir ki,tərəflər arasında 11000 manat borcun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilməsədə, 2021-ci ildə borc münasibətlərinin yaranması Göyçay rayon Polis Şöbəsində cavabdehin yazılı izahatı ilə təsdiq olunmuşdur. Borc məbləğinə gəldikdə isə ,məhkəmə İddiaçı "xxxx" ASC-ən götürdüyü kreditin onun adından Cavabdeh tərəfindən qismən ödənilməsi, qalan ödənilməyən borcun ona aid olması barədə cavabdehin Göyçay rayon Polis Şöbəsində verdiyi izahatını nəzərə alıb,hesab edir ki,qaytarılmalı olan borc məbləği icra qeydində olan məbləğ həcmində müəyyən olunmalıdır. xx.xx.2024-cü il tarixli icra qeydinə görə "xxxx" ASC xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı vaxtında ödənilməmiş 4428 manat 62 qəpik və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu cəmi 4453 manat 62 qəpik pul tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Ona görə də məhkəmə borcun 4453 manat 62 qəpik məbləğində olmasını nəzərə alıb, hesab edir ki, Cavabdeh 4453 manat 62 qəpik məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinin həll edilməsinə gəldikdə, məhkəmə nəzərə alır ki, iddia təmin edildiyindən İddiaçı «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad olunduğundan məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 65 manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4453 manat 62 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 65 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar