Məhkəmə qərarları › İş №2(046)-1737/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1737/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1737/2021 01.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona vurulmuş 50.000 manat maddi ziyan, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 35.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 85.030 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu İslam Səfərli 41 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili aldığı anda heç bir təmiri olmamışdır. Hamam və mətbəxin təmiri olmamışdır. Otağın döşəməsi, divarı, hamamın və mətbəxin divarı olmuşdur. Bütün bunları 2001-ci ildə tam əla təmir etdikdən sonra həmin mənzilə köçmüşdür. Lakin həmin vaxt Cavabdeh aldığı mənzil təmirsiz, su kranları bərbad vəziyyətdə olmuşdur. 3 otaqlı - 100 m2-ə yaxın olan bu mənzili aldığı gündən, evi təmirsiz halda kirayəşinlərə verərək qazanc əldə etmişdir. Cavabdehin kirayəşinləri də dəfələrlə onun evinə yuxarıdan aşağı su tökərək evini, mətbəxini, hamamı bərbad, təmirsiz, məişət avadanlıqlarını istifadəsiz vəziyyətə qoymuşdur. Dəfələrlə bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin buna etinasız yanaşaraq əhəmiyyət verməmişdir. Mülkiyyətində olan qeyd olunan mənzilin yuxarı mərtəbəsində, yəni ona məxsus mənzilin üstündə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu İslam Səfərli 41 ünvanlı mənzili yerləşmişdir. 2001-ci ildə ona məxsus olan mənzil əsaslı şəkildə təmir olunmuşdur. Lakin cavabdehin mülkiyyətində olan mənzildən dəfələrlə ona məxsus mənzilə su axıdılmış və əsaslı təmir etdiyi mənzil bərbad vəziyyətə düşmüşdür. Belə ki, 2013 və 2015-ci illərdə həmin mənzildən ona yuxarıdan dəhşətli çirkab su axıdılaraq su anbarı olan 2 elektrik Ariston 2 dəfə yandırılıb sıradan çıxmış, soyuducu su axımından istifadəsiz hala düşmüş və sıradan çıxmışdır, nəmişlikdən mətbəxin döşəməsi çürümüş, mətbəxin tavanı və divarları bərbad vəziyyətə, otağın divarlarının oboyları çürümüş, divarlar rütubətdən çat verərək tam təmirsiz hala düşmüşdür. Nəmişlikdən (rütubətdən) evi güvə basmış, bütün yorgan-döşək, pal-paltarı güvə yeyilib-dağıtmışdır. Çürümüş döşəməni siçovullar dağıdaraq evinin pal-paltarını, yorğan-döşəyini yeyib dağıtmışlar. Axırıncı su basma halı yataq otağınının, mətbəxinin döşəməsi, xalçasının və mətbəxdə yerləşən soyuducunun çürüməsinə, dağılmasına səbəb olmuşdur. Belə bir vəziyyətdə 1 il evindən didərgin düşmüş və həmin evdə yaşaya bilməmiş, Neftçala rayonunda qardaşının yanında yaşamışdır. Həmin vaxt 2015-ci il tarixdə 42 saylı Mənzil-kommunal və İstismar idarəsinə müraciət etmişdir. MKİS-in əməkdaşları mənzilə, hamama, mətbəxə baxdıqdan və araşdırma apardıqdan sonra suyun cavabdehə məxsus mənzildən Cavabdeh tərəfdən axıdıldığı müəyyən erdilmiş və bu barədə müvafiq akt da tərtib edilmişdir. Cavbdeh Cavabdeh mülkiyyətində olan mənzildən ona məxsus mənzilə 2001-ci ildən - 2015-ci ilə qədər, 2013-dən 2015-ə qədər isə mütəmadi və hədsiz dərəcədə ziyanverici halda çirkab su axıdılmışdır. Sonuncu dəfə evdə olmadığı vaxtda mənzilinə 2015-ci ildə cavabdehə məxsus mənzildən su axıdılmışdır. Lakin bunu bildiyi halda ona heç bir məlumat verməmişdir. Qonşular ona zəng edərək bildirmişlər və gələndə evlərinin suyun içində olduğunun şahidi olmuşdur. Lakin cavabdeh onun çağırışına belə məhəl qoymayaraq buna əhəmiyyət verməmişdir. Cavabdehin yuxarıda qeyd etdiyi hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, su axıdılması nəticəsində ona məxsus mənzilin yataq otağına, mətbəxə daha çox ziyan vurulmuş, tavan, divarlar, eləcə də döşəmə hissəsi çürüyərək bərbad vəziyyətə düşmüşdür. Məişət avadanlıqları Ariston, su kranları, soyuducu, mikser, pərdələr, qaz sobası, su altı şkaf su axmadan çürümüş və istifadəsiz vəziyyətə düşmüşdür. Yataq otağında döşəmə rütubətdən çürümüş, hətta divarlarda çatlar əmələ gəlmiş, rütübətdən divar kağızları və divarlar ovulub tökülmüşdür. Yataq otağının döşəməsi tamamilə sıradan çıxmışdır. Buna görə də iddianı təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən, iddiaçının mənzilindən üstdəki mərtəbədə yerləşən mənzil ona məxsus olmuşdur. Həmin mənzili əldə etdiyi vaxtdan satdığı vaxta qədər müxtəlif şəxslərə kirayə vermişdir. Mənzil təmirli, normal şəraitli mənzil olmuşdur və su boruları, kanalizasiya xəttlərində hər hansı problem olmamışdır. Hər ehtimala qarşı mobil telefonun nömrəsini ərazi üzrə MKİS-ə bildirmişdir, MKİS həmin nömrəni müvafiq siyahıda qeyd etmiş, zərurət olduğu halda zəng vuracaqlarını bildirmişlər. Mənzili aldığı vaxtdan satdığı vaxta kimi nə iddiaçı, nə MKİS əməkdaşları, nə də digər şəxslər ona su sızıntısı ilə bağlı hər hansı müraciət etməmişlər. Kirayəşinlərlə həmişə əlaqə saxlamış, qonşuları hər hansı şəkildə narahat etməmələrini, qonşularla ümumi yaşayış qaydalarına uyğun rəftar etmələrini tövsiyə etmiş, əgər hər hansı narazıçılıq yaranarsa, ona dərhal məlumat vermələrini tapşırmışdır. Kirayəşinlər də ona su sızıntısı ilə bağlı hər hansı məlumat verməmişlər. Bundan başqa, iddiaçının MKİSdən aldığı arayış və akt sübut kimi qiymətləndirilə bilməz. Belə ki, akt tərtib olunarkən onun, eləcə də iddiaçının iştirakı təmin edilməmiş, mənzilinə hər hansı baxış keçirilməmiş, akt və arayış formal olaraq tərtib edilmişdir. Aktın formal tərtib edilməsinin digər göstəricisi digər qonşuların hal şahidi kimi dəvət olunmamalarıdır. İddianın əsassız olduğunun digər bir bariz nümunəsi də, su sızıntısının baş verdiyi iddia edilən tarixdən, yəni 2015-ci ildən 6 il keçəndən sonra qaldırılmasıdır. İddiaçının ona qarşı nə üçün iddia qaldırdığını anlaya bilmir. Bundan başqa, mənzilə mütəxəssis tərəfindən baxış keçirilməmişdir, əgər su sızması halı baş vermişdirsə belə, həmin su sızıntısının onun mənzilindən iddiaçının mənzilinə axıb-axmaması sual altındadır. Həmçinin, əgər onun həmin dövrdə mülkiyyətində olmuş mənzildən iddiaçının mənzilinə su axıdılmış olsa idi belə, bunun üçün məsuliyyəti o deyil, həmin dövrdə mənzildə yaşamış kirayəşin, yaxud kirayəşinlər daşıya bilər. Qeyd etdiyi kimi, iddia hərtərəfli əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Çünki, iddiaçının məhkəməyə təqdim etdiyi, 42 saylı MKİS-in rəisi və mühəndisi tərəfindən tərtib edilmiş 16 may 2015-ci il tarixli akt mötəbər sübut kimi qiymətləndirilə bilməz. Akt tərəflərin iştirakı olmadan tərtib edilmiş, hal şahidi kimi qonşular dəvət edilməmiş, ən başlıcası isə cavabdehin iştirakı ilə mənzilə baxış keçirilməmişdir. Həmin akta əsaslanaraq verilmiş 06.07.2021-ci il tarixli 35 saylı arayış da mötəbər sübut hesab edilə bilməz. Çünki yuxarıda qeyd edilən sübut etmə yükü olmayan, 6 il öncə tərtib edilməsi qeyd edilən akta istinad edilməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbraycan Respublikası MPM-in 14.2-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda sadalanmış maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırki mübahisə üzrə iddiaçının mülkiyyətində olan mənzilə su sızması nəticəsində iddiaçının mənzilinə və mənzildə olan əşyalara ziyan dəyməsinə, dəymiş ziyanın məhz cavabdehin təqsirli hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə mülki hüquq pozuntusu nəticəsində vurulması sübuta yetmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir.Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar