Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1877/2025 05.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16600 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o bir müddət Xətai rayonu, H.Aslanov metrosu yaxınlığında gözəllik salonu işlətmişdir. Pəri ilə həmin salonda tanış olmuşdur. O, salonda dırnaq ustası olaraq işləmişdir. Pəri ilə tanışlıqları həmin salonda başlamışdır. Münasibətləri normal olmuş, problemləri olduqca ona kömək etmiş, heç vaxt narahatçılıqları olmamışdır. Sonradan o iş yerini dəyişərək özü üçün ayrıca salon açaraq işləməyə başlamışdır. Ona ustalar lazım olduğundan tanışlardan ustaya ehtiyacı olduğunu söyləmiş, Pəri də dırnaq ustası olaraq köhnə salondan onun salonunda işləməyə gəlmişdir. Təxminən bir il həmin salonda bərabər işlədikdən sonra o salonu təhvil vermiş və fəaliyyətini dayandırmışdır. Pəri də onun yanından çıxıb başqa bir salona işləməyə getdi. Həmin vaxt o işsiz qalmamaq üçün Moskva ünvermağındakı tanışları vasitəsilə qızıl alıb satmağa başladı. Satdığı qızılları özünə məxsus nömrənin 'whatsapp" tətbiqi vasitəsilə paylaşımlar edərək satırdı. Pəri də paylaşdığı qızılları görərək ondan qızıl almağa başladı. 2022-ci ilin oktyabr ayından etibarən Pəri ondan qızıl almağa başladı və hər dəfə qızılları aldıqca ilkin ödəniş qismində qızılın qramına uyğun olaraq ona ödəniş edir qalan hissəni isə qızılları satandan sonra gətirib verirdi. Bu qayda ilə Pəri ondan 2022-ci ilin oktyabr ayından 2024- cü ilin yanvar ayına qədər müddətdə bir neçə dəfəyə olmaqla ümumi məbləği 21.886 manat dəyərində 198.97 qram çəkidə 585 əyarlı qızıl almış, həmin qızılların pulundan hissə-hissə olmaqla ona ümumilikdə 5286 manat pul qaytarmış, yerdə qalan 16.600 manat pulunu isə bu günə qədər qaytarmamışdır. Pəri ona sonuncu dəfə 2024-cü ilin fevral ayında pul ödəmiş həmin vaxtdan etibarən ondan qızılların pullarını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqdan boyun qaçırmışdır. Əvvəllər onunla telefon əlaqəsi saxlaya bilsə də son zamanlar telefonlarına da cavab verməmiş, atdığı səslərə isə qulaq asaraq cavablandırmamışdır. Beləliklə o Pəri ilə heç cür əlaqə saxlaya bilməmişdir. Ümumiyyətlə bildirir ki, ona Cavabdeh tərəfindən 16.600 manat maddi ziyan dəymişdir. Bunlara sübut olaraq onun Pəriyə verdiyi qızılların siyahısı və onunla aralarında olan ’‘whatsapp"yazışmaları və səsləri var. O, Pəriyə inanıb etibar etdiyi üçün onunla heç vaxt müqavilə bağlamamışdır. Pəri isə ona olan etibarından sui-istifadə edərək onun pulunu mənimsəmiş, qanunsuz yolla ələ keçirmişdir. Pərinin pulunu qaytarmadığını və onunla əlaqə saxlaya bilmədiyi üçün məcbur qalıb Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis bölməsində toplanan materiallara baxıldıqdan sonra bu işdə dələduzluq cinayətinin tərkibinin olmaması əsas gətirilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, sözügedən işin mülki xarakterli olması və bunun üçün məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Qeyd etmək istəyir ki, Pəri ilə onun arasında adi biznes münasibətləri mövcud olmuşdur. Şifahi formada da olsa razılaşma belə olmuşdir ki, qızılların bir hissəsini əvvəlcədən ödəmək şərtilə götürüb aylıq hissə-hissə ödəniş edərək ona olan borcunu ödəyəcək. İlk əvvəllər Pəri bu formada işləsə də, sonradan pulların qalan hissəsini 16 000 manatı ödəməkdən boyun qaçırmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul etdi və izahat verərək bildirdi ki, qızı Cavabdeh İddiaçı 8000 manat borcunun olduğunu, həmin borcu ödəməkdən boyun qaçırmadığını, işləmədiyi üçün və körpə uşağı olduğuna görə borc məbləğini tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Razılığa gələcəkləri halda həmin borcu qızı Pəri İddiaçı hissə-hissə ödəyəcəkdir. O qızının 8000 manat borcunun olduğunu bilir. İş materialların əlavə edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/456 nömrəli material üzrə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Flash kartda olan səs yazısında Cavabdeh İddiaçı 14000 manat borcunun olduğunu, həmin borcdan ilk ödəniş olaraq 4000 manat ödəyəcəyini, qalan məbləği hər ay kredit kimi ödəniş edəcəyini bildirmişdir. Eyni məzmunlu yazı WhatsApp mobil tədbiqi vasitəsi ilə tərəflər arasında aparılmış yazışmaların fotoşəkillərində də öz əksini tapmışdır. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 140 manat 60 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halı: İddiaçı ilə Cavabdeh arasında qızıl alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən İddiaçı Cavabdeh ilkin ödəniş qismində qızılın qramına uyğun olaraq qızıl almış, həmin qızılın pullarını iddiaçıya ödəməyi öhdəsini götürmüş, lakin borclu olduğu pulu tam şəkildə geri qaytarmamışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi:
Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında qızıl alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuşdur. Cavabdeh İddiaçı 2022-ci ilin oktyabr ayından etibarən qızıl almağa başlamış və hər dəfə qızılları aldıqca ilkin ödəniş qismində qızılın qramına uyğun olaraq ona ödəməsini, qalan hissəni isə qızılları satandan sonra gətirib verməsi barədə razılaşmışlar. Bu qayda ilə Cavabdeh iddiaçıdan 2022-ci ilin oktyabr ayından 2024-cü ilin yanvar ayına qədər müddətdə bir neçə dəfəyə olmaqla qızıl almış, həmin qızılların pulunu hissə-hissə olmaqla qaytarmış, qalan borcu isə bu günə qədər qaytarmamışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh 16.600 manat pul tələb etsə də, Cavabdeh flash kartda olan səs yazısında və "WhatsApp" mobil tədbiqi vasitəsi ilə tərəflər arasında aparılmış yazışmaların fotoşəkillərində 14000 manat borcunun olduğunu, həmin borcdan ilkin ödəniş olaraq 4000 manat, qalan borcu isə hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdehin Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qızının 16.600 manat borcunun olmadığını, 8000 manat borcunun olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14000 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə:
Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14000 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova