Məhkəmə qərarları › İş №2(046)-199/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-199/2021

29.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-199/2021 29.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat məbləğində borcun və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh 2020-cı ilin mart ayında ondan öz adına bankdan 1500 manat pul götürərək ona verməsi barədə xahiş etmişdir. İlqar çox israr etdiyi üçün və əlil olduğu üçün ona yardım etməyə razılaşmışdır. İlqar ona söz vermişdir ki, 2 aya bankın borcunu tam ödəyəcək. xx.xx.2020-ci il tarixdə «xxxx» MMC-dən 1500 manat kredit götürərək İlqara vermişdir. Banka isə əvəzində 2162,2 manat qaytarmalı idi. İlqar 4 ay banka borclu olan puldan ödəməyə köməklik etmiş, bir neçə dəfə onun özünə pul vermişdir. İndi isə banka pulu qaytarmaqdan imtina edir. Dəfələrlə İlqardan pulu istəsə də, evinə getsə də bir nəticəsi olmamışdır. Cavabdeh barəsində Göyçay rayon Polis şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Bankda isə onun adına cərimə hesablanır. Dəfələrlə İlqara müraciət etsə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. İlqar ona «mən əliləm deyə heç kəs mənə heç nə edə bilməz» deyərək hara şikayət edirsən et demişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 1500 manat borc pul verdiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışı zamanı iddiaçı ilə cavabdeh arasında qanunda nəzərdə tutulmuş formada borc müqaviləsi bağlanması və cavabdehin üzərinə 1500 manat məbləğində pulun iddiaçıya ödəyəcəyini öhdəlik götürdüyü barədə heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1500 manat məbləğində borcun və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh 1500 manat məbləğində borcun və 30 manat dövlət rüsumu alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar