Məhkəmə qərarları › İş №2(046)-210/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-210/2022

14.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-210/2022 14.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan fərdi yaşayış evində naturada bölünməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Nizami küçəsində yerləşən 50 saylı fərdi yaşayış evinin naturada 7/12payda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 7/12 hissədə İddiaçı, 1/12 hissədə Cavabdeh1, 1/12 hissədə Cavabdeh2, 1/12 hissədə X5, 1/12 hissədə X3 və 1/12 X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlə bir neçə il mübahisəli fərdi yaşayış evində mehriban yaşasalar da, son vaxtlar cavabdehlə yaşayış evi, eləcə də digər məsələlərlə bağlı mübahisə yaranmış, bunun nəticəsində hüquq-mühafizə orqanları tərəfindən yaranmış mübahisəyə hüquqi qiymət verilmişdir. Halhazırda da paylı mülkiyyətdə olan fərdi yaşayış evindən istifadə ilə bağlı mübahisə davam edir ki, bunun nəticəsində yaşayış üçün dözülməz vəziyyət yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həlli üçün tərəfindən səylər göstərilsə də, yəni hər bir mülkiyyətçinin payına uyğun olaraq naturada payının ayrılmasını təklif etsəm də, cavabdeh buna razı olmamış, nəticə də yeni-yeni mübahisələrin baş verməsinə zəmin yaratmışdır.Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 7/12 hissədə, Cavabdeh1 1/12 hissədə, Cavabdeh2 1/12 hissədə, X5 1/12 hissədə, X3 1/12 hissədə və X2 1/12 hissədə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/6127 saylı rəydən görünür ki, İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında qeyd olunanlara əsasən Göyçay şəhəri Nizami küçəsi 50 ünvanında yerləşən fərdi yaşayış evinin 7/12 hissədə naturada ayrılması texniki cəhətdən mümkündür (plan-sxem rəyə əlavə edilmişdir). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 2 37.8 kv m2 yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 50 manat iddiaçıdan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan ünvan 2 37.8 kv m2 yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi 7/12 hissədə naturada bölünməlidir. (Bölgü ekspert rəyinə əlavə olunmuş sxem üzrə aparılmalıdır.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı, Cavabdeh1 və qeyrilərinin ümumi paylı mülkiyyətində olan ünvan 2 37.8 kv m2 yaşayış, 37.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı nisbətdə 7/12 hissədə naturada bölünsün. (Bölgü ekspert rəyinə əlavə olunmuş sxem üzrə aparılsın.) İş üzrə ekspertiza xərci olan 50 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar