Məhkəmə qərarları › İş №2(046)-2180/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2180/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2180/2025 22.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6008 manat 22 qəpik (5612 manat 06 qəpik + 396 manat 16 qəpik) pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 81 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6089 manat 22 qəpik məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə hazırkı iş üzrə Cavabdeh arasında bank tərəfindən sonuncuya 10000 ABŞ dolları məbləğində kreditin verilməsinə dair 03 dekabr 2014-cü il tarixli 020CASA********** nömrəli müqavilə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərinin təmini məqsədilə İddiaçı və digər şəxs X3 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməməsi səbəbindən "xxxx" ASC tərəfindən Cavabdeh (əsas borclu), İddiaçı (zamin) və şəxs X2 (zamin) qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-2032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2014-cü il tarixli 020CASA********** nömrəli kredit müqaviləsi ləğv edilmiş, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada ümumilikdə 10632 ABŞ dolları pul manat ekvivalenti ilə və dövlət rüsumu olaraq ödənilmiş 26 manat 09 qəpik pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-2032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədinin icrası Göyçay rayon icra şöbəsi tərəfindən onun pensiyasına yönəldilmişdir. Qeyd edilən qətnamə üzrə ondan 5612 manat 06 qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə, 396 manat 16 qəpik isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilmişdir. Bildirir ki, 03 dekabr 2014-cü il tarixli 020CASA********** nömrəli kredit müqavilə üzrə əsas borclu olan Cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən və müqavilə üzrə yaranmış borc məbləği onun tərəfindən ödənilməməsi səbəbindən müvafiq qətnaməyə əsasən zamin olaraq onun pensiya məbləğindən "xxxx" ASC-nin xeyrinə ödənilmiş 5612 manat 06 qəpik və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına keçirilmiş 396 manat 16 qəpik Cavabdeh tərəfindən həmin məbləğdə olan pul vəsaiti ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Cavabdeh bankdan kredit götürmüşdür. O da Cavabdeh zamin durmuşdur. Cavabdeh kredit borcunu ödəmədiyinə görə kredit borcu onun pensiya kartından tutulmuşdur. Onun pensiya kartından ümumilikdə 6008 manat 22 qəpik pul tutulmuşdur. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, qardaşına pul lazım olduğu üçün "xxxx" ASC-dən kredit götürmüşdür. Kredit götürülən zaman İddiaçı və X3 ona zamin durmuşdur. Kredit götürüləndən sonra 4-5 ay müddətinə kredit borcundan ödənişlər etmişdir. Sonradan ABŞ dolları qalxdığı üçün ödəyə bilməmişdir. Maddi imkanı olmadığından borcunu ödəməmişdir. İddiaçıya qalan borcunu hissə-hissə ödəyə bilər. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)- 2032/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2014-cü il tarixli, 020CASA143370003 saylı kredit müqaviləsi ləğv edilmiş, 03 dekabr 2014-cü il tarixli, 020CASA143370003 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 9404 ABŞ dolları kreditin əsas məbləği, 796 manat ABŞ dolları faiz borcu, 432 ABŞ dolları cərimə olmaqla, cəmi 10632 ABŞ dolları pul manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 26 manat 09 qəpik pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək haqqından xx.xx.2015-ci il tarixli 2(046)-2032/2015 saylı icra sənədi üzrə 5612 manat 06 qəpik tutularaq "xxxx" ASC-nin xeyrinə, 396 manat 16 qəpik isə Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Göyçay rayon İcra və Probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kreditor "xxxx" ASC-i ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq zamin İddiaçı ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən kreditorun iddia tələbi Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(046)-2032/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh, İddiaçı və X1 müştərək qaydada 9404 ABŞ dolları kreditin əsas məbləği, 796 manat ABŞ dolları faiz borcu, 432 ABŞ dolları cərimə olmaqla, cəmi 10632 ABŞ dolları kredit borcunun və ödənilmiş 26 manat 09 qəpik dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, zamin İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliyini ona aid hissədə icra etmiş, bu səbəbdən kreditorun hüquqları öhdəliyin icra edilmiş hissəsinə mütənasib həcmdə zamin İddiaçı keçmişdir. Məhkəmə hesab edir ki, zamin İddiaçı tərəfindən 5612 manat 06 qəpik məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan, zamin İddiaçı kreditorun yerini tutaraq öhdəliyin icrasına sərf etdiyi vəsaiti geriyə tələb etmək (reqres) hüququna malik olmuş, ona görə də iddiası əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 81 manat məbləğində pul alınaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5612 manat 06 qəpik və Göyçay rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmiş 396 manat 16 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 81 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar