Məhkəmə qərarları › İş №2(046)-2268/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2268/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2268/2024 29.11.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı cavabdehlərin qeyri-yaşayış obyektindən çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş ünvan 1 ünvanda yerləşən 28 kv.metr qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin qeyri- yaşayış obyekti boşaldılaraq onun istifadəsinə verilməsi və 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə geri qaytarılmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə "xxxx" MMC ilə bağlanmış və müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, icarə müqaviləsini əlavə etmiş, həmin müqavilənin sonunda müqavilənin 2026-cı il tarixədək uzadılması barədə qeyd olmasına baxmayaraq, müqaviləni bağlamış tərəflərdən heç biri müvafiq qaydada imzalamamışdır. Eləcə də iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş həmin müqavilə notarial qaydada təsdiqlənməmiş, həmçinin həmin müqavilə tərəfə veriləcək sayda iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-89.3-cü maddələrinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçı iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı cavabdehlərin qeyri-yaşayış obyektindən çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu X1 qaytarılsın. İddiaçı göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar