Məhkəmə qərarları › İş №2(046)-232/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-232/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-232/2022 08.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Union Lizinq ASC-yə qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Union Lizinq ASC-dən 2080.20 manat məbləğində vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" QSC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəinin iştirakı olmadan keçrilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" QSC-nin iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-də 30 mart 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış "BAİC Al 15" markalı 90PE945 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 06 yanvar 2020-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan "Daewoo Gentra" markalı 90PD429 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Nərimanov DYPŞ-nin protokolu ilə Cavabdeh1 qeyd olunan yol- nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 2080,20 manat məbləğində sığorta ödənişi verilmişdir. Bundan başqa "Daewoo Gentra" markalı 90PD429 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında "xxxx" ASC-yə məxsus olduğundan, hadisə zamanı avtomobili etibarnamə olmadan Cavabdeh1 tərəfindən idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Union Lizinq ASC məhkəməyə iddia ərizəsinə etiraf ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 ASC ilə X2 arasında 05 mart 2019-cu il tarixdə UNİ- 1299 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və Cavabdeh2 ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Lizinq alan X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X1 xahişi əsasında şirkət tərəfindən Cavabdeh1 lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. İddia tələbində Cavabdeh1 etibarnaməsinin olmadığı qeyd olunmuşdur. Cavabdeh1 Cavabdeh2 ASC tərəfindən 19.12.2019-cu il tarixli PƏA********** saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 28.01.2020-ci il tarixdə bitmişdir. Həmin etibarnamədən göründüyü kimi hadisə zamanı Cavabdeh1 avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Həmçinin lizinq alan 12.06.2020-ci il tarixdə AL-1299 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri yerinə yetirmiş və şirkət tərəfindən lizinq obyekti olan avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunmuşdur. Buna görə də iddianın onlara qarşı qaldırılan hissədə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sığorta aktından görünür ki, BİAC A115 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2080.20 manat ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" ASC tərəfindən Sirena MMC-nin hesabına 2080.20 manat ödənilmişdir. Məhkəməyə təqdim edilmiş TP ******* saylı X3 Haqqında qərardan görünür ki, Cavabdeh1 İXM-nin 469.3 və 327.1-ci maddələri təqsirli bilib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş 19.12.2019-cu il tarixli POA********** saylı etibarnamədən görünür ki, Union Lizinq ASC tərəfindən Cavabdeh1 Daewo Gentra markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobil 28.01.2020-ci il tarixədək etibar edilmişdir. Sadalananlardan görünür ki, sığorta olunmuş Cavabdeh1 idarə etdiyi "xxxx" markalı **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sirena MMC-yə məxsus idarə etdiyi BİAC A115 markalı **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərəçəkmişə 2080.20 manat məbləğində ziyan dəymiş və həmin ziyan Günay Sığorta QSC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, cavabdeh Union Lizinq ASC tərəfindən Cavabdeh1 Daewo Gentra markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobil qanuni əsaslarla etibar edildiyindən, iddia cavabdeh Union Lizinq ASC-yə qarşı qaldırılan hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilməli, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2080.20 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 2080.20 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. X5 ASC-yə qarşı qaldırılan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar