Məhkəmə qərarları › İş №2(046)-250/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-250/2022

17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-250/2022 17.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, 2019-cu ilin mart ayından 2020-ci ilin noyabr ayının sonunadək Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Təzə bazar” deyilən kənd təsərrüfatı məhsullarının satıldığı ticarət mərkəzində “təndir çörəyi” sexi kimi işləməsi üçün bütün avadanlıqları təşkil etməklə icarəyə yer götürüb işlətmişdir. Sonralar ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə getməli olmuş və həmin sexi icarəyə vermək qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayında Cavabdeh sexi icarəyə götürüb işlətmək istədiyini bildirmiş, sexi işlətmək üçün hazır vəziyyətdə ailəsi ilə də birlikdə söhbət etməklə ona vermək qərarına gəlmişdir. Cavabdehə məlum idi ki, bazarın pulu gündə 10 manat olmaqla ayda 300 manat təşkil edir və cavabdehə ona ödəniləcək məbləğin 600 manat olacağını bildirmişdir. Cavabdehin özü və ailəsi ilə birlikdə şifahi qaydada razılıq əldə etmiş və sexi avadanlıqları ilə birlikdə Cavabdeh təhvil vermişdir. Həmçinin bildirir ki, Cavabdeh işlədiyi vaxtlarda tanımışdır. 30.11.2020-ci il tarixdə həmin sexi bütün ləvazimatlar saxlanılmaqla cavabdehə təhvil vermiş və aylıq ödəniş 600 manat olmaqla razılaşmışlar. Cavabdeh həmin sexi 04.07.2021-ci ildək yəni 7 ay işlətmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh sexi 3 ay 600 mantadan, 4 ayı isə 500 manatdan işlətmişdir. Belə ki, cavabdeh 2021-ci ilin fevral ayında ona bildirdi ki, bazarın aylıq ödənişi 100 manat artıb yəni 300 deyil 400 manat ödəyir. Cavabdehə bildirmişdir ki, mart ayından etibarən 600 yox 550 manat ödəniş edər. 2021-ci ilin iyun ayında Cavabdeh artıq sexi işlətməyəcəyini bildirdi və sexi təhvil verməsi üçün görüşməşi istəmişdir. 2021-ci ilin iyul ayının 4-də sexi təhvil alarkən Mətanətdən ona borcu qalmış 2500 manat pulu istəmiş, mətanət 4 ayın pulunu 550 manatdan yox 500 manatdan ödəyəcəyini yəni 2300 manat qaytaracağını bildirmişdir. Amma cavabdeh qazandığı pulu bəzi problemlərinə xərclədiyini və imkanı olanda qaytaracağını bildirmişdir. Qeyd edir ki, Cavabdeh sexi 7 ay işlətmiş, 3 ay 600 manatdan 1800 manat, 4 ay 500 manatdan 2000 manat cəmi onun 3800 manat borcu olduğu halda müxtəlif tarixlərdə cəmi 1500 manat pul vermişdir ki, hazırda 2300 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən 2300 manat borcunun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr pulu qaytarmaqdan boyun qaçırtmışdır. Buna görə də 16.08.2021-ci il tarixdə Göyçay RPŞ-nə ərizə ilə müraciət etmiş, Cavabdeh polis şöbəsində verdiyi izahatında ona 1100 manat qaytardığnı bildirsə də ancaq etiraf edir ki Cavabdeh ona 1500 manat qaytarıb. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanuni sahibliyində olan Göyçay şəhərində yerləşən Təzə Bazar deyilən kənd təsərrüfatı məhsullarının satıldığı ticarət mərkəzində yerləşən obyekti Cavabdeh icarəyə verdiyini bildirir və cavabdehin icarə müqaviləsini pozaraq icarə haqqının ona ödəmədiyini iddia edir. Buna görə də İddiaçı Cavabdeh 2300 manat məbləğində icarə haqqının alınaraq ona verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, İddiaçı Göyçay şəhərində yerləşən Təzə Bazar deyilən kənd təsərrüfatı məhsullarının satıldığı ticarət mərkəzində yerləşən obyekti qanuni əsaslarla cavabdehə icarəyə verdiyini bildirsə də, həmin obyektə dair heç bir hüquq müəyyən edici sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh 2300 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar