Məhkəmə qərarları › İş №2(046)-2566/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2566/2025

12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2566/2025 12.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1400 manat pulun və 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhərində yerləşən "xxxx" MMC-də klyonka istehsalı üzrə operator vəzifəsində çalışır, müəyyən dövrlərdə işəgötürən müəssisə əmək haqqının əvəzinə istehsal olunmuş klyonka məhsulu vermişdir. 2023-cü ilin əvvəllərindən etibarən həmin məhsulları Mırtı kəndində tanış şəxslərə, həmçinin qonşu kəndlərin sakinlərinə nisyə satmışdır. Qeyd edir ki, qonşu kəndin sakinlərindən tanımadığı şəxslərə klyonka yalnız tanıdığı şəxslərin iştirakı ilə satılmışdır. Cavabdeh X1 da ondan nisiyə mal almış və nəticədə 1400 manat məbləğində borc öhdəliyi yaranmışdır. Bu barədə cavabdeh Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatında da borcunun mövcudluğunu etiraf etmişdir Bu isə borc öhdəliyinin hüquqi təsdiqi kimi çıxış edir. Buna baxmayaraq, uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamış, müxtəlif bəhanələrlə öhdəliyin icrasından boyun qaçırmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı tanımır, aralarında heç vaxt klyonkanın nisyə alqı-satqısına dair müqavilə bağlanmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay RPŞ-nin İTB-nin sahə rəisi Babək Lətifov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Göyçay RPŞ-nə müraciət edərək kənd sakinlərinin ona olan pul borclarının geri qaytarılmasını xahiş etmişdir. İddiaçı müraciəti mülki xarakterli olduğundan məkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd: İddiaçı müraciəti əsasında Göyçay RPŞ-də araşdırma aparılmış, lakin İş üzrə Cavabdeh izahatı alınmamış, borclu şəxs kimi Göyçay RPŞ-nə dəvət edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Рespublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsindən əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərədə tutulan müddətdə, müqavilədə belə müddət nəzərədə tutulmadıqda isə bu məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyat keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında nisyə alqı-satqı müqavilisə bağlandığını iddia edir və Cavabdeh müqaviləsi üzrə ona 1400 manat borcu qaldığını və həmin borcun alınaraq ona verilməsini xahiş edir. Tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh ilə aralarında nisyə alqı-satqı müqaviləsinin bağlandığına və həmin müqavilə üzrə Cavabdeh ona 1400 manat pul borclu olduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı tanımır və onunla aralarında nisyə alqı-satqı müqaviləsi bağlanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh qarşı 1400 manat pulun alınaraq ona verilməsi barədə tələbi tam əsassızdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 34 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1400 manat pulun alınaraq ona verilməsi barədə tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 1400 manat pulun alınaraq ona verilməsi barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar