Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-30/2021 07.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı xxxx ASC-nin X4 İdarəsinin nümayəndəsi X3 və Cavabdeh2 Fazil qızının iştirakı ilə, X4 İdarəsinin cavabdehlər Cavabdeh2 Fazil qızına və Cavabdeh1 qarşı suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikillərin sökülməsi tələbinə dair mülki işə Göyçay şəhərində 07 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Qarabaqqal kəndində yerləşən X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 10 metrlik mühafizə zolağındakı cavabdehlər tərəfindən zəbt olunmuş ərazinin və özbaşına tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı xxxx ASC-nin X4 İdarəsinin nümayəndəsi X5 iddianı müdafiə edərək göstərmişdir ki, X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının mühafizə zolağı cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlər tərəfindən həmin mühafizə zolağında tikililər tikilmişdir. Həmin kanallara xidmət edilməsi və əhalinin su ilə təmin edilməsi çətinləşmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 Fazil qızı iddianı qəbul etməyərək göstərmişdir ki,iddiaçının balansında olan suvarma arxını zəbt etməmişdir. Belə ki, özünə məxsus torpaq sahəsini hasara almışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.05.2008-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş xxxx Açıq Səhmdar Cəmiyyətinin TP3.Magistral kanalın texniki pasportlarından görünür ki, Şəkər-Alpoud suvarma arxları X4 İdarəsinin balansındadır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli mütəxəssis rəyindən və sxemdən görünür ki, Elektron məlumat bazasında mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumat olmadığına görə Alpout və Şəkər suvarma arxlarının mühafizə zolağını müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin zəbt edilib- edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəyinin verilməsi üçün xərci 445.20 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29.10.2020-ci il tarixli 10/466 saylı rəyindən görünür ki, xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş magistral kanalının texniki pasportuna əsasən, Göyçay ərazisində yerləşən Şəkər arxı su buraxma qabiliyyəti 0,8 kub.metr/san və Alpout arxı su buraxma qabiliyyəti 1,5 kub.metr/san təşkil etdiyini nəzərə alaraq, Göyçay rayonu, Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolaqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən 5,0 metr olduğu müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 65 metr olduğunu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0kv.m. hissəsi istifadə olunur. X1 arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 108,0 metr olduğu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, E.Fətəliyev tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 540,0kv.m. hissəsi istifadə olunur. Cavabdeh2 və X2 istifadəsində olan torpaq sahələri hasara alındığını nəzərə alaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsi Cavabdeh2 və 540 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdehlər tərəfindən mühafizə zolağında yerləşən torpaq sahəsi hasara alınmışdır. İşin mübаhisəsiz hаllаrındаn göründüyü kimi, X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağı cаvаbdеhlərin mülkiyyətində dеyildir. Cavabdehlər tərəfindən hasara salınmış torpaq sahəsi «xxxx» ASC-nin sahibliyində оlаn tоrpаq sаhəsidir. Qаnunvеriciliyə görə xxxx ASC-nin mühafizə оlаn tоrpаq sаhəsi üzərində hüquqlаrı məhdudlаşdırılа bilməz. Digər mülkiyyətçilər kimi «xxxx» ASC-nin mülkiyyət hüququnа Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsı ilə təminаt vеrilmişdir və qаnunvеriciliyə əsаsən həmin hüquqlаr müdаfiə оlunur, qоrunur. Azərbaycan Respublikasının Su Məcəlləninin Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutulan 103-cü maddəsinin müvafiq bəndinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda—5 m; 3—10 kbm/san olduqda—10 m. Qeyd edilən Şəkər suvarma arxının uzunluğu 11.1 km, su buraxma qabiliyyəti 0.8 kbm/san, Alpoud suvarma arxının uzunluğu 21.4 km, su buraxma qabiliyyəti 1.5 kbm/san. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfındən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» 14 fevral 2003-cü il tarixli Plenumunun 6-cı maddəsində izah olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X4 İdarəsinin iddiası qismən təmin edilməli, X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılmalı, həmçinin cavabdehlər tərəfindən mühafizə zolağında inşa edilmiş hasar cavabdehlərin öz vəsaitləri hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən ayrı-ayrılıqda 10 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq ekspertiza mərkəzinə və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 445.20 manat məhkəmə xərci Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılsın. X4 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasar cavabdehlərin hesabına sökülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən 10 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 445.20 manat məhkəmə xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-30/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-30/2021
07.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver