Məhkəmə qərarları › İş №2(046)-316/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-316/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-316/2021 30.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 30 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FİNCA Azerbaijan MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 4943 manat əsas kredit borcu, 1466 manat faiz borcu, 149.70 manat cərimə borcu olmaqla cəmi 6558.70 manat kredit borcunun və 30 manat dövlət rüsumunun FİNCA Azerbaijan MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsini xahiş etmişdir. FİNCA Azerbaijan MM QBKT tələbi belə əsaslandırmışdır ki, 17.02.2020-ci il tarixdə FİNCA Azerbaijan MM QBKT ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə Cavabdeh1 illik 27 faiz olmaqla 24 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Buna müvafiq olaraq, kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin və faizlərinin borclu tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Cavabdeh1 ilə bağlanmış müqavilənin təminatı kimi 17.02.2020-ci tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Zaminlik müqaviləsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi üzrə Cavabdeh1 banka cəmi 6558.70 manat borcu vardır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən borc məbləği banka qaytarılmamışdır. Buna görə də cavabdehlərdən müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə bildirişləri göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 17.02.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə FİNCA Azerbaijan MM QBKT arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh1 illik 27 faiz olmaqla 24 ay müddətinə 5100 manat məbləğində krediti verilmişdir. Zaminlik müqaviləsindən görünür ki, 17.02.2020-ci il tarixdə Cavabdeh1 borc öhdəliyinin təmini kimi Cavabdeh2 və Cavabdeh3 ilə FİNCA Azerbaijan MM QBKT arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin cavabdehlərdən müştərək qaydada 149.70 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab edir və həmin dəbbə pulunun 9.70 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4943 manat əsas kredit borcu, 1466 manat faiz borcu, 9.70 manat cərimə borcu olmaqla cəmi 6418.70 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MM QBKT-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4943 manat əsas kredit borcu, 1466 manat faiz borcu, 9.70 manat cərimə borcu olmaqla cəmi 6418.70 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq FİNCA Azerbaijan MM QBKT-na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar