Məhkəmə qərarları › İş №2(046)-382/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-382/2022

31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-382/2022 31.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3325 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdehlə bir məktəbdə oxumuşdur. 18 avqust 2019-cu il tarixdə Cavid ona vacib pul lazım olduğu üçün ondan 525 manat borc pul istəmiş, uzun illərdir onu tanıdığı üçün ona 18 avqust 2019-cu il tarixdə geri qaytarmaq şərti ilə 525 manat borc vermiş və Cavid öz əlyazması ilə ondan 525 manat borc pul aldığını yazıb vermişdir. 14 iyul 2020-ci il tarixdə Cavid yenidən ona müraciət edərək yeni iş görəcəyini, gəlir əldə edəcəyini bildirib ondan 2800 manat borc pul istəmiş, ona inanmış, 2800 manat borc vermiş və Cavid öz əlyazması ilə ondan 2800 manat borc pul aldığını yazıb ona vermişdir. Dəfələrlə Cavidə müraciət etsə də, müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan boyun qaçırır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı 18 avqust 2019cu il tarixdə 300 manat pulu üzərinə 225 manat faiz gəlməklə almış və öz əlyazmam ilə təsdiq etmişdir. Həmin pulu 19 sentyabr 2019-cu il tarixdə İddiaçı geri qaytarmışdır. 14 iyul 2020-ci il tarixdə İddiaçı 2000 manat pulu üzərinə 800 manat faiz gəlməklə almış, əlyazmasında götürülən məbləği birbaşa 2800 manat qeyd etmişdir. Həmin məbləğ notariat üsulla verilməyib və notarial üsulla da qaytarılmayıb. Lakin şahidlərin iştirakı ilə ayda 200 manat olmaqla pulun 2000 manatını İddiaçı qaytarmışdır. İddiaçı notariusa getdikdən sonra orada notarial qaydada müqavilə bağlamaqdan boyun qaçırmışdır. İddiaçı özü çap şəklində qrafik təyin etmiş və qrafiklər hər ikisi İddiaçı qalmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 18.08.2019-cu il və 14.07.2020-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 18.08.2019-cu il tarixdə 525 manat və 14.07.2020-ci il tarixdə 2800 manat borc pul almışdır. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh 18.08.2019-cu il tarixdə 525 manat və 14.07.2020-ci il tarixdə 2800 manat borc vermiş, cavabdeh həmin borcu iddiaçıya qaytarmamışdır. İddiaçı məxsus 3325 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı Cavabdeh İddiaçı borc aldığı 3325 manat pulu qaytardığına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəməyə təqdim edilmiş 123351 nömrəli vəsiqədən görünür ki, X1 hərbi xidməti vəzifəsini yerinə yetirərkən yaralanmış və İİ qrup əlildir. Azərbaycan Respublikasının Dövlət X2 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3325 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3325 manat pul alınaraq İddiaçı verilsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar