Məhkəmə qərarları › İş №2(046)-445/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-445/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-445/2021 28.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmildi Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq sığorta müqaviləsinə əsasən 728 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, “VAZ 2101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ ********** nömrəli şəhadətnamə əsasında 17.11.2018-ci il tarixdən 17.11.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 25.05.2019-cu il tarixdə saat 10:30 radələrində Göyçay şəhəri Səməd Vurğun küçəsi idarəetmə hüququ olmadan idarəetdiyi “VAZ 2101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 728 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Göyçay RPŞ-nin DYPB-si tərəfindən qeydə alınmış, araşdırma nəticəsində cavabdeh Mübariz İsmaydov barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli Protokol tərtib olunmuşdur. “Volkswagen Jetta” markalı, **-NT-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdan 728 manat məbləğində müəyyən edilmişdir. Vurulmuş ziyana görən İddiaçı ASC tərəfindən 728 manat pul məbləği zərərçəkənin bank hesabına köçürülmüşdür. Buna görə də tələbin təmin edilməsini xahiş edilir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş 25.05.2019-cu il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 25.05.2019-cu il tarixdə idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə və sürücülük hüququ olmadan idarə edərkən “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sonuncuya maddi zərər dəymişdir. Buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Məhkəməyə təqdim edilmiş 18.06.2019-cu il tarixli Sığorta aktının surətindən görünür ki, Cavabdeh 25.05.2019-cu il tarixdə sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş, X2 məxsus “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 728 manat zərər dəymişdir. Məhkəməyə təqdim edilmiş 18.06.2019-cu il tarixli qəbzdən görünür ki, 728 manat məbləğində sığorta ödənişi X1 hesabına ödənilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh 25.05.2019-cu il tarixdə etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomaşınla “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 728 manat maddi ziyan dəymişdir. "xxxx" ASC maddi ziyan dəymiş “Volkswagen Jetta” markalı, **-NT-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X2 728 manat məbləğində sığorta ödənişi etmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə “VAZ 2101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyat vasitəsi arasında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» müqaviləsinə əsasən iddiaçının ödənilmiş əvəzin miqdarını geriyə tələb hüququ yaranmışdır. Göründüyü kimi iddiaçının tələbi əsaslıdır. İddia təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 728 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar