Məhkəmə qərarları › İş №2(046)-558/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-558/2021

19.05.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-558/2021 19.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs müdiri X2 iştirakı ilə, qeydiyyatın düzgün olmamamasının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 19 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 03.05.2008-ci il tarixli 34 saylı nikahın pozulması akt qeydinin düzgün olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, X3 ilə 04.02.1994-cü il tarixdə Göyçay rayon İHB- nın Potu kənd icra nümayyəndiliyində rəsmi nikah qeyd etdirməklə, ailə həyatı qurmuşdur. X3 ilə birgə nikahlarından uşaqları olmamışdır.1990-cı ilin dekabr ayında həyat yoldaşı Şirxan Mehdiyev itkin düşmüşdür. Bundan sonra Göyçay rayon məhkəməsinin 05 iyul 2002-ci il tarixli qətnaməsi ilə X3 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Daha sonra Şirxan Mehdiyevin öldürüldüyü müəyyən edilmiş və Göyçay rayon məhkəməsinin qətnaməsi ilə Şirxan Mehdiyev ölmüş elan edilmişdir. Şirxan Mehdiyevlə birgə nikah dövründə olduqları müddət ərzində Aqrar İslahat Komissiyasının qərarı ilə Göyçay rayonu Üngütlü kəndi ərazisindən ayrılmış torpaq sahəsində Şirxan Mehdiyevə çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Notariat Kontoruna müraciət edərkən, onunla 04.02.1994-cü il tarixdə Göyçay rayon İHB-nın Potu kənd icra nümayyəndiliyində qeydə alınmış nikahın pozulduğunu bildirmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Şirxan Mehdiyevin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə Göyçay rayon məhkəməsinin 05 iyul 2002-ci il tarixli qətnaməsi ilə 04.02.1994-cü il tarixdə qeydə alnmış nikahın pozulması haqqında akt qeydi tərtib edilmişdir. Bundan sonra Maraqlı şəxsnə müraciət edilərək, sözügedən akt-qeydinin ləğv edilməsi xahiş olunmuşdur. Müraciətinə cavab verən Qeydiyyat şöbəsi bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Buna görə də ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs müdiri Məmmədova Könül Sabir qızı akt qeydinin ləğv edilməsinə etirazı olmadığını bildirmişdir. Ərizəçini və maraqlı tərəfin nümayəndəsini dinləyən və iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında çıxarışdan görünür ki, X3 ilə Ərizəçi 04.02.1994-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında çıxarışdan görünür ki, X3 18.08.2011ci il tarixdə ölmüşdür. Məhkəməyə təqdim edilmiş nikahın pozulması haqqında çıxarışdan görünür ki, X3 ilə Ərizəçi arasında 04.02.1994-cü il tarixdə bağlanmış nikah 03.05.2008-ci il tarixdə pozulmuşdur. (akt qeydinin nömrəsi 34) Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 05.07.2002-ci il tarixli qətnaməsindən görünür ki, X3 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 22.06.2011-ci il tarixli qətnaməsindən görünür ki, X3 ölmüş elan edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 05.02.2021-ci il tarixli imtina məktubundan görünür ki, Göyçay rayon məhkəməsinin 05.07.2002-ci il tarixli 2/112 saylı qətnaməsi əsasında texniki səhv olaraq 03.05.2008-ci il tarixdə 34 saylı nikahın pozulması haqqında akt qeydi qeydə alınmışdır. Akt qeydinin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, X1 rayon Məhkəməsinin 05.07.2002-ci il tarixli qətnaməsinə əsasən itkin düşmüş elan edilmiş, Göyçay rayon Məhkəməsinin 22.06.2011-ci il tarixli qətnaməsinə əsasən X3 ölmüş elan edilmişdir. Maraqlı şəxs texniki səhv edərək Göyçay rayon Məhkəməsinin 05.07.2002-ci il tarixli qətnaməsini əsas gətirərək X3 ilə Ərizəçi arasında 04.02.1994-cü il tarixdə bağlanmış nikahı 03.05.2008-ci il tarixdə pozmuşdur. Azərbaycan Respublikası Ailə Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Belə olan halda məhkəmə hesab edir ki, X3 ilə Ərizəçi arasında 04.02.1994-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması barədə 03.05.2008-ci il tarixli 34 saylı akt qeydi ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 ilə Ərizəçi arasında 04.02.1994-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması barədə 03.05.2008-ci il tarixli 34 saylı akt qeydi ləğv edilsin. Qətnamənin icrası Göyçay rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar