Məhkəmə qərarları › İş №2(046)-561/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-561/2022

29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-561/2022 29.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat pulun, Kapital Banka ödədiyi əlavə 2100 manat pulun, fiziki və mənəvi zərər əvəzi olaraq müalicəyə xərclədiyi 2100 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin yanvar ayında Moskvada biznes fəaliyyəti ilə məşğul olan dostu Elxan ona zəng edərək Ayaz adlı tanışı ilə danışıb oradan maşınlara pomidor yükləyib Rusiyaya göndərəcəyini bildirmişdir. Ayazla telefon əlaqəsi saxlamış, bir neçə gündən sonra Ayazla görüşmüş, həmin vaxt Ayazın yanında cavabdeh Abdulla da olmuşdur. Ayaz Abdulla ilə birlikdə Moskvaya pomidor göndərəcəklərini bildirmişdir. Dostu Elxanın nümayəndəsi kimi cavabdehlə birlikdə pomidor alqı-satqısı ilə məşqul olmaq istəmişdir. Ayaz və Abdulla maşınları yükləyib Rusiyaya yola salmışlar. Maşınlar Rusiya ərazisinə keçə bilmədiyi üçün geriyə Azərbaycana qayıtmış, Abdulla və Ayaz həmin maşınlardakı pomidorları Azərbaycan bazarlarında satmışlar. Sonradan həmin avtomaşınları yenidən yükləyib Rusiyaya göndərmək qərarına gəlmişlər. Ayaz və Abdulla ilə yenidən görüşüb Ramanada yerləşən istixanaya getmişlər. Abdulla istixananın müdirini tanımış, Abdulla istixanaya girmiş, Ayaz ilə bayırda gözləmişlər. Abdulla istixanadan çıxıb Ayaza və ona 30.000 manat pul vermək lazım olduğunu bildirmişdir. 15 000 manatın onun, 15.000 manatın isə onların verməli olduğunu bildirmişdir. Ayaz Elxanla əlaqə saxladıqdan sonra razılığa gəlmişlər. Elxan ona 15 000 manatı tapmağını bildirmiş, əvvəlcə 5000 manat pulu Abdullaya istixanın qarşısında vermişdir. Abdulla istixanaya girib pulu Zeynal adlı şəxsə verdiyini və maşınların yüklənəcəyini bildirmişdir. Bir neçə gündən sonra Ayazla birlikdə yenidən istixanaya gedib 10.000 manat pulu Zeynal adlı şəxsə vermişlər. Amma maşınlar yüklənmədiyi üçün avtomaşınlar Rusiyaya boş qayıtmışdır. Bundan sonra məlum olmuşdur ki, Abdulla onu aldatmışdır. Daha sonra Sonra Abdulla və Ayaz ilə görüşmüş, Abdulla 5000 manat pulun qaytarılmasına görə Nicat və Ayazın iştirakı ilə yazılı iltizam yazmışdır. Lakin Abdulla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hər dəfə yalan vədlər verərək pulun pulun yalnız 1500 manatını qaytarmışdır. 08.09.2021-ci ilin tarixdə Nərimanov rayon prokurorluğuna müraciət etmiş, cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Cavabdeh ona qarşı etdiyi əməllər maddi zərər çəkməyi ilə yanaşı fiziki və mənəvi zərər də çəkməyinə səbəb olmuşdur. Belə ki, həmin vaxt Kapital Bankdan pul götürüb Abdullaya pul verməyinə görə həmin müddətdən bu günə qədər banka əlavə 1600, bankdan pul götürərkən 500 manat sığorta pulu çıxılaraq birlikdə 2100 manat məbləğində əlavə ziyana düşmüşdür. Bundan əlavə Abdullaya dəfələrlə zəng edən zaman telefonu açmaması, qaçıb gizlənməsinə əsəbləşdiyindən səhhətində problem yarandığı üçün Rusiya Federasiyasında özünü müalicə etdirmişdir. Həmin müalicəyə 2100 manat pul xərcələmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştiraki olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş 23.02.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 5.000 manat pulu 20.04.2021-ci il tarixədək qaytaracağını öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18.09.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh İddiaçı borcu olduğunu etiraf etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, ...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. ... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh onun etibardan sui istifadə edərək alverlə məşqul olmaq niyyəti ilə ondan 5.000 manat pul aldığını, həmin pula pomidor məhsulu alaraq Rusiya Federasiyasına göndərəcəyini, əldə ediləcək gəlirə şərik olacağını öhdəsinə götürmüş, bu məqsədlə iddiaçıdan 5.000 manat pul almış, lakin həmin pulu mənimsəmişdir. Hazırda iddiaçı cavabdehin qanunsuz sahibliyində olan 3.500 manat pulu, 5.000 manat pulu cavabdehə verərkən həmin pulun KapitalBank ASC-dən götürdüyü kredit hesabına ödədiyini göstərir və kreditə görə 2100 manat faiz hesabı ilə ziyanın və cavabdehin ona qeyd edilən məbləğdə pulu ödəmədiyinə görə mənəvi ziyana məruz qaldığına görə 2100 manat pulu cavabdehdən tələb edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşma əsasında pomidor alqı-satqısı ilə məşqul olmaq niyyəti ilə 5000 manat pul almış, həmin pulu pomidor alışına sərf etməmiş, iddiaçını aldadaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçının tələbindən sonra cavabdeh 5.000 manat pulu qaytaracağı barədə 23.02.2021-ci il tarixdə iltizam yazmış, həmin vaxtdan 1500 manatını iddiaçıya qaytarmışdır. İddiaçı məxsus 3.500 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı əlavə xərclər çəkdiyinə görə 2.100 manat pulun və hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə görə 2100 manat pulun cavabdehdən tutulmasına əsas verə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun 55 manatı cavabdehə aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 55 manat vəsait alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.500 manat məbləğində pul və 55 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar