Məhkəmə qərarları › İş №2(046)-680/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-680/2021

09.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-680/2021 09.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştiraki ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 09 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə mülkiyyətlərində olan Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.222 ha torpaq sahəsində payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər iddiaçıya məhkəmə baxışının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək göstərmişlər ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara və cavabdehə Qarabaqqal kəndində yerləşən 0.222 ha torpaq sahəsi verilmişdir. Birgə mülkiyyətdə olan torpaq sahəsi İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən RX ******* nömrə ilə 08.08.2018-ci il tarixdə qeydə alınmışdır. Lakin qeyd edilən torpaq sahəsinin paylara uyğun bölgüsü müəyyən edilməmişdir. Bu bölgünün aparılmaması torpaq sahəsinin mülkiyyətçilərinin həmin əmlaka dair hüquqlarını məhdudlaşdırır. Cavabdeh bölgünün aparılması ilə bağlı müraciət etmədyinindən, payların müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda birgə mülkiyyətdəki Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən 0.222 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsinin paylara uyğun ¼ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ucar ərazı idarəsi tərəfindən verilmiş 08.08.2018-ci il tarixli RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh ümumi-birgə mülkiyyətlərinə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.222 ha torpaq sahəsi verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçılar öz paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.222 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D I: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.222 ha torpaq sahəsinin ¼ hissədə hər birinin payının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışa əsasən İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh ümumi birgə mülkiyyəti olan 0.222 ha torpaq sahəsinin ¼ hissədə paylarının müəyyən edilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar