Məhkəmə qərarları › İş №2(046)-719/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-719/2025

06.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-719/2025 06.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat məbləğində borc pulun, eləcə də 60 manat ödənilmiş dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh və onun ailə üzvləri ilə yaxın münasibətləri olub. 2023-cü ilin əvvələrində özünə məxsus olan evi satmışdır. 2023cü ilin yanvar ayında cavabdeh ondan 4000 manat borc pul istəmiş və bildirmişdir ki, həmin pulu yaxın müddətdə qaytaracaqdır. O da, cavabdehin səmimiliyinə uzun müddət ailəvi dostluq münasibətinin olduğunu nəzərə alaraq, cavabdehə 4000 manat borc pul vermişdir. Bundan sonra dəfələrlə cavabdehdən pulunu tələb etsə də, ona olan 4000 manat borcu qaytarmamış və hər dəfə onunla əlaqə saxlayanda qaytaracağını bildirmişdir. Qeyd etdiyi kimi cavabdehlə yaxın ailəvi gediş-gəlişi olduğu üçün münasibətlər davam edirdi. Sonuncu dəfə ondan pulunu tələb etdikdə ona təklif etdi ki, pulu cəm olaraq qaytara bilmir. «Mənə yaxşılıq etmisən, bu dəfədə köməklik et, gəlininin qızıl-ziynət əşyalarını banka girov qoyaq 4000 manat kredit götürək sənin borcunu qaytarım. Bankın hər ay ödənişini sənin kart hesabına köçürdüm krediti ödəyərsən.» demişdir. Bu dəfədə ona inanaraq təklifini qəbul etmişdir. Təxminən iki dəfə ayrı-ayrı vaxtlarda kreditin ödənişindən cəmi 25 manat hesabına pul köçürmüş, bundan sonra ödəniş etməmiş və ona aid olan qızıl-zinət əşyalarınıda bank tərəfindən satışa çıxarıldı. Beləliklə hər iki halda cavabdeh ona xeyli ziyan vuraraq ondan aldığı borcu qaytarmamışdır. Artıq cavabdehin ona olan borcu ödəməkdən boyun qaçırdığını görüb bu barədə Göyçay rayon Polis Şöbəsinə şikayət etmişdir. Şikayətindən sonra cavabdeh polis şöbəsinə çağrılmış və şöbədə ona həqiqətən 4000 manat borcunun olduğunu öz izahatında qeyd edərək, qısa müddət ərzində qaytaracağını bildirmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki,cavabdeh hazırda borcun olmasını etiraf etməsə də,onun səsyazısı var.Həmin yazıda borcun məhz 4000 manat olmasını bildirmşdir.Həmin səsyazısında cavabdeh onun oğluna etiraf edir ki,4000 manat borcu var.Səsyazısının bir hissəsi silinmişdir ondan ötrü ki,orada nalayiq ifadələr işlədilmişdir.Cavabdeh tərəfindən onun kartına 45 manat pul köçürülmüşdür.İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, iddiaçı ilə ailəvi dost olmuşlar. İddiaçıdan 2022-2023-cü il tarixdə hissə-hissə qaytarmaq adı ilə 100 manat, 150 manat olmaqla ümumilikdə 1300 manat pul almışdır. İddiaçı ona pulu faizə vermişdir. Həmin pulun üstünü qaytara bilməmiş və iddiaçı ona 4000 manat borcu qaldığını bildirmişdir. İddiaçıdan aldığı 1300 manat pulun çox hissəsini qaytarmış,sadəcə olaraq qəbzləri saxlamadığından sübut edə bilmir,lakin 45 manata dair qəbzləri vardır,onları təqdim etmişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş İddiaçı Göyçay rayon Polis Şöbəsinə müraciət etdiyi xx.xx.2024cü il tarixli ərizədən görünür ki, o, ailəvi dostu olan Cavabdeh ona olan 4000 manat pul borcunun geri qaytarılmasına görə şikayət etmişdir. İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, İddiaçı 2022-ci ilin sonunda hissə-hissə qaytarmaq adı ilə 1300 manat pul almışdır. Həmin məbləğin faizini hər ay İddiaçı terminal ilə ödəmişdir. 12 ay hər ay 15 manat İddiaçı kartına pul yerləşdirmişdir. 15 manatlıq çeklər onda olmadıqdan qalanlarını tullamışdır. Öz adına lombarddan qızıl götürüb hər ay 170 manat onun kreditini ödəmişdir. Ümumilikdə İddiaçı hissə-hissə 1300 manat pul almışdır. 1300 manatdan çoxunu ödəmişdir. İddiaçı ərizədə göstərdiyi 4000 manat borcunun olmasının yalnış olduğunu göstərmişdir. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə 15 manat, xx.xx.2024-cü il tarixdə 15 manat və xx.xx.2024-cü il tarixdə 15 manat pul köçürmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2025-ciil tarixli, 4/713-4/845 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertiza təqdim olunan 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir.

2. Ekspertizaya təqdim olunan 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tətbiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur.

3. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Vebratim” markal CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olundu. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mübahisəli fonoqram eyni bir yazı qurğusuyla qeydə alınmış, bütövlükdə bir fonoqramın tam olmayan hissəsidir. Ekspertiza tədqiqatının dəyəri 250 manatdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər, həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən (şəxslərdən) vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehlərin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə tərəflərin hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə nəzərə alır ki,tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. İddiaçı Cavabdeh ilə 2023-cü ilin yanvar ayında borc münasibətlərinin yaranmasını bildirdiyindən və borcun predmetinin 4000 manat məbləğində təşkil etməsini göstərdiyindən,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı- tərəflər arasında borc müqaviləsinin bağlanmasını sübut etməlidir. Məlumdur ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.Yazılı formada müqavilə isə sadə və ya notariat qaydada bağlanmalıdır.Sadə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə,notariat qaydada bağlanmış müqavilə isə tərəflərin imzaladığı sənədin notariat qaydada təsdiq edilməsi yolu ilə bağlanır. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan İddiaçı ilə Cavabdeh arasında etibarlı borc müqaviləsinin bağlanması müəyyən edilməmiş,iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki,iddiaçının iddiasını cavabdehin etirafından başqa dəlillərlə təsdiq edə bilmədiyini nəzərə alınsa,iddia yalnız cavabdehin etiraf etdiyi pulun alınmasına münasibətdə əsaslı hesab oluna bilər. Belə ki, tərəflər arasında 4000 manat məbləğində borcun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilməsə də,məhkəmə hesab edir ki, 2023-cü ildə borc münasibətlərinin yaranması Göyçay rayon Polis Şöbəsində cavabdehin iddiaçıdan 1300 manat borc alması hissədə yazılı və məhkəmə iclasında verdiyi izahatları ilə təsdiq olunduğundan, həmin borc məbləğindən Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 15 manat, xx.xx.2024-cü il tarixdə 15 manat və xx.xx.2024-cü il tarixdə 15 manat, cəmi 45 manat məbləğində pulun İddiaçı məxsus kart hesabına köçürülməsi nəzərə alınmaqla, Cavabdeh 1255 manat məbləğində pul alınaraq İddiaçı qaytarmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə olan səs yazısında ekspert rəyinə görə montaj əlamətlərinin müəyyən olunmasını,həmin yazının bütövlükdə bir fonoqramın tam olmayan hissəsi olmasını nəzərə alıb,sübut qismində nəzərə almamışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddianın 31 faizi təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib məhkəmə xərclərinin 31 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri 60 manat məbləğində ödənilmiş dövlət rüsumundan və 250 manat məbləğində ekspertiza tədqiqatının dəyərindən ibarət olduğundan, məhkəmə xərclərinin 31 faizi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1255 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 31 faizi cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh ekspertiza xərcinin 36 manat 10 qəpik hissəsi alınaraq dövlət nəfinə keçirilsin. İddiaçı ekspertiza xərcinin 213 manat 90 qəpik hissəsi alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar