Məhkəmə qərarları › İş №2(046)-768/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-768/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-768/2025 10.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 iyul 2012-ci il tarixdə Göyçay rayon DNK-da alqı-satqı müqaviləsi bağlayaraq, Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 15.800 manata (AZN) almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarış ve texniki pasport sənədi əldə etmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən, Cavabdeh4 bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə mülkiyyətində olan evdən özü və yaxın qohumları olan cavabdehlər qeydiyyatdan çıxacaq. Cavabdeh4 mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxsa da, lakin ötən bu müddət ərzində cavabdehlər mülkiyyətində olan evdən qeydiyyatdan çıxmamış və nəticədə onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, hal-hazırda mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə sözügedən evi satmaq qərarına gelmişdir. Notarius alqı-satqı müqaviləsini rəsmiləşdirərkən, cavabdehlərin evinin satılmasına razılıq verməsinə dair ərizəsini tələb edir ki, cavabdehler da həmin evdə yaşamadığından həmin ərizəni onlardan ala bilməmişdir. Cavabdehlərlə proflaktik söhbətlər apararaq alqı-satqı müqaviləsi əsasında aldığı fərdi yaşayış evindən qeydiyyatdan çıxmalarını xahiş etsə də, bir nəticəsi olmamışdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyestrindəki RX ******* seriyalı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə, evin tərkibi olan qaraja xx.xx.2012-ci il tarixdən İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və həmin əmlaka tam payı tanınmışdır. “Elektron Notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxsələrə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4, İddiaçı qeydiyyatda olmuş, hazırda status qrafasında “qüvvədən düşüb” göstərilmiş, Cavabdeh2, X2 və Hacıyev Xəzər oğlunun status qrafasında “aktiv” göstərilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-1150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər İddiaçı oğuna, Cavabdeh4 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdən, Cavabdeh3 isə xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. Göyçay Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək, Cavabdeh4 xx.xx.2008ci il tarixdən xx.xx.2012-ci il tarixədək, Cavabdeh5 isə xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək ünvan 2 ünvanda qeydiyyatda olmuşlar. Daşınmaz Əmlakın xx.xx.2012-ci il tarixli, ******* saylı alqı-satqı müqavilənin surətindən görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı 15800 manata satmışdır. Cavabdeh5 Göyçay Rayon Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış evinin satılmasına heç bir etirazı yoxdur. Cavabdeh4 Göyçay Rayon Notariat Kontoruna ünvanladığı xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış evini satılmaq qərarına gəlmişdir. Hal-hazırda subaydır. Gələcəkdə hər hansı bir məhkəmə qarşısında iddia qaldırılarsa bütün məsuliyyəti öz üzərinə götürür, özü cavabdeh olacaqdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir... Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, xx.xx.2012-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasənda Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı 15800 manata satmışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 evin əvvəki mülkiyyətçisi Cavabdeh4 ailə üzvləri deyildir. Cavabdeh2 xx.xx.2002-ci il tarixdə, Cavabdeh3 isə xx.xx.2005-ci il tarixdə, Cavabdeh1 xx.xx.2005-ci il tarixdə, Cavabdeh4 xx.xx.2008-ci il tarixdə, Cavabdeh5 isə xx.xx.2004-cü il tarixdə sözügedən evə pasport qeydiyyatına alınmışlar. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdehlərin istifadə hüququnun yaranmasına münasibətdə məhkəmə ilkin olaraq qeyd edir ki, Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün ya bu hüquq hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdır. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İşin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mübahisə obyekti olan mənzilə həmin mənzilin əvvəlki mülkiyyətçisinin vaxtında pasport qeydiyyatına alınmış, həmin mülkiyyətçinin ailə üzvü olmamış, həmçinin həmin mənzilə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh4 da evdən istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, sonuncu evi iddiaçıya 2012-ci ilə satmışdır və tərəflər arasında istifadə hüququnun yaranması ilə bağlı hər hansı razılaşma və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeyd müəyyən edilməmişdir. Cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından cavabdehlərin mübahisə predmeti olan mənzildən istifadə hüququnun yaranması üçün o, mülkiyyətçinin ailə üzvü olaraq həmin mənzildə mülkiyyətçi ilə birlikdə yaşamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkittəçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır. Lakin mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri (arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyytçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 digər cavabdeh və mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh4 qardaşının gəlinidir, Cavabdeh2 qardaşının oğludur, Cavabdeh3 qardaşının nəvəsidir, Cavabdeh5 isə qardaşının qızıdır. Cavabdeh4 isə 2012-ci ildə mənzili iddiaçıya satdıqdan sonra orada yaşamamışdır. Cavabdeh2 və Cavabdeh3 həmin evdə qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamırlar. Yuxarıda qeyd edilən qanunvericilik normalarının mahiyyətindən göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Həmçinin, Göyçay Rayon Polis şöbəsindən alınmış məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixdə, Cavabdeh4 xx.xx.2012-ci il tarixdə və Cavabdeh5 xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxmışdılar. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmış və cavabdehlər həmin ünvanda faktiki olaraq yaşamırlar, Cavabdeh2 və Cavabdeh3 oğlunun bu ünvandakı qeydiyyatları hazırda formal xarakter daşıyır, bu səbəbdən cavabdehlərin həmin ünvanda qeydiyyatda qalması iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırda mənzildə formal olaraq qeydiyyatda qalması mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2- ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09. 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Belə olan halda cavabdehlərin həmin mənzilə istifadə hüququ yaranmadığı üçün onların istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, cavabdehlərin mənzildə pasport qeydiyyatda qalmaları iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır. Məhkəmədə iddiaçı cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildə formal qeydiyyatda qalmaları səbəbindən mülkiyyətində olan mənzilə sərəncam, sahiblik hüquqlarını həyəta keçirə bilməməsi ilə əsaslandırmışdır. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə qeyd edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Hazırkı qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar