Məhkəmə qərarları › İş №2(046)-795/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-795/2022

30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-795/2022 30.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2720 manat əsas məbləğin və ödənilmiş 55 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 186 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, Kia Optima markalı, **-RX-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək günlük 60 (altmış) manat olmaq şərti ilə icarəyə verilmişdir. Avtonəqliyyat vasitəsi Cavabdeh istifadəsində olan zaman, xx.xx.2021-ci il tarixdə saat 17:05 radələrində Sumqayıt şəhər Səməd Vurğun küçəsində avtonəqliyyat vasitəsinə İXM-nin 333.1 və 336.1-ci maddələrinə əsasən 500 manat cərimə tərtib olunmuşdur. Cavabdehlə bağlanılmış icarə müqaviləsinin 8.3-cü bəndinə görə avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkaqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya digər güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunduğu təqdirdə 2500 manat cərimə nəzərdə tutulmuşdur. Cavabdeh ümumilikdə cərimə borcundan 280 manat ödəmiş, 2720 manat borc ödənilməmiş saxlanılmışdır. Beləliklə, Cavabdeh 220 manat cərimə, 2500 (iki min beş yüz) manat icarə müqaviləsi 8.3-cü bəndini pozduğuna görə ümumilikdə 2720 manat borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də, borcun ödənilməsindən yayınmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan Kia Optima markalı **-RX-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh 10 gün müddətinə, cəmi 660 manata icarəyə vermişdir. Məhkəməyə təqdim edilmiş X3 portal çıxarışından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 336.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati qaydada cərimə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 186 nömrəli icarə müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi “Kia Optima” markalı **-RX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər gün üçün 60 manat ödəmək şərti ilə icarəyə verilmişdir. İcarəyə verilmiş nəqliyyat vasitəsi Cavabdeh istifadəsində olan zaman sonuncu həmin nəqliyyat vasitəsini idarə etmək üçün tanışı X1 vermiş, bu zaman, yəni xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhər S.Vurğun küçəsində sonuncu tərəfindən nəqliyyat vasitəsi idarə edilərkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmış və müəyyən edilmişdir ki, Yasin Məmmədov nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edir. Baş vermiş inzibati xəta hadisəsi ilə bağlı Sumqayıt şəhər DYPŞ-nin əməkdaşları tərəfindən inzibati araşdırma aparılmış, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün Yasin Məmmədov barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə, Yasin Məmmədovun sərxoş olduğunu bilə-bilə nəqliyyat vasitəsini idarə etmək üçün sonuncuya verdiyinə görə Cavabdeh barəsində isə İXM-nin 336.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında onlar inzibati cərimə edilmişlər. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdehla aralarında bağlanmış icarə müqaviləsinin 8.3-cü bəndinə əsasən ondan 2500 manat cərimənin və inzibati protokol üzrə barəsində qəbul edilmiş qərar üzrə 220 manat inzibati cərimənin ödənilməsini xahiş etmişdir. İddianın hüquqi əsası kimi İddiaçı MMC Azərbaycan Respublikası MM-nin 442, 700.1, 700.2 və 705-ci maddələrinə istinad etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında öhdəliyin yaranması üçün ilk növbədə müqavilənin olması və həmin müqavilənin şərtlərində tərəflərin öhdəliyinin nədən ibarət olması, öhdəliyin pozulması nəticəsində tərəflərin məsuliyyətinin müəyyən edilməsi mühüm şərtdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, icarəyə götürən tərəfindən nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində idarə olunmasına görə 2500 manat cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından görünür ki, icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən icarəyə götürən Cavabdeh deyil, X2 olmuş və sonuncu bu əməlinə görə Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi qanunverici alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyəti müəyyən edən Azərbaycan Respublikası İXM-də xüsusi norma müəyyən etmişdir. Yəni, alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən şəxs mülki məsuliyyətə deyil, inzibati məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, əgər alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində nəqliyyat vasitəsinin mülkiyyətçisinə maddi zərər vurularsa, zərər çəkmiş şəxs zərər vuran şəxsdən vurulmuş zərərin əvəzini (delikt) tələb edə bilər. İddia tələbindən göründüyü kimi tərəflər arasında mübahisə əsas öhdəliyin təminatı ilə bağlı yaranmamışdır. Burada mübahisə yalnız, icarəyə verilmiş nəqliyyat vasitəsinin üçüncü şəxs tərəfindən sərxoş vəziyyətdə idarə edilməsinə görə yaranmış və iddiaçı, cavabdehlə aralarında bağlanmış icarə müqaviləsinin 8.3-cü bəndinə əsaslanaraq sonuncuda 2500 manat cərimə tələb etmişdir. İddiaçının iddia tələbini əsaslı saysaq belə, Cavabdeh xx.xx.2021-ci il tarixli “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nin 8.3-cü bəndi ilə götürdüyü öhdəliyi pozmamışdır. Belə ki, icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə Cavabdeh idarə etməmiş, yalnız müəyyən müddətə icarə müqaviləsi əsasında müvəqqəti istifadə etmək üçün verilmiş nəqliyyat vasitəsini sərxoş olduğunu bilə-bilə Yasin Məmmədova vermiş və bu hərəkətlərinə görə Azərbaycan Respublikası İXM-nin 336.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi Cavabdeh hərəkətlərində öhdəliyin pozulması və yaxud mülki hüquq pozuntusu törətməsi halı mövcud deyildir. Buna görə də cavabdehin mülki məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, cərimə (dəbbə) o halda tətbiq edilə bilər ki, borclu müqavilə üzrə götürdüyü əsas öhdəliyi icra etməmiş olsun. İşin hallarından göründüyü kimi icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi cavabdeh tərəfindən vaxtında iddiaçıya təhvil verilmiş, eləcə də tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş icarə haqqı istifadə gününə uyğun olaraq iddiaçıya ödənilmişdir. İddia tələbinin 220 manat inzibati cərimənin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh Bəkir Ömərovun sərxoş olduğunu bilə-bilə icarəyə götürdüyü nəqliyyat vasitəsini Yasin Məmmədova verməsinə görə barəsində tətbiq edilmiş inzibati cərimənin iddiaçı tərəfindən ödənilməsi iş materialları ilə sübuta yetirilmir. Əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli “kassa mədaxil orderinin qəbzi”ndən görünür ki, Cavabdeh tərəfindən 220 manat cərimə borcu kimi İddiaçı MMC-yə mədaxil etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Məhkəmə yekun olaraq qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənlmiş 55 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar