Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-839/2022 25.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyətin naturada ayrılması və tikililərin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsində cavabdehlərin uzun illər istifadə etdiyi hissədə olmaqla, onun, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 arasında 1/7 hissədə olmaqla naturada bölünməsi və torpaq sahəsinin onun uzun illər istifadə etdiyi hissədə Cavabdeh3 tərəfindən qanunsuz inşa olunmuş tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 08 dekabr 1997-ci il tarixli, 07 saylı qərarı ilə ona, bacısı X5, bacısı Cavabdeh2, qardaşı Cavabdeh3, X3, Cavabdeh5 və Cavabdeh6 Göyçay rayon Mallı-Şıxlı kəndində 0.53 ha həyətyanı torpaq sahəsi verilmişdir. Göyçay rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən onun, X4, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətində olan 0.53 ha torpaq sahəsinin 1/7 hissədə paylar müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sözügedən 0.53 ha torpaq sahəsi üzərində onun, X4, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 hər birimizin 1/7 hissədə paylarına dair mülkiyyət hüquqları 22 dekabr 2021-ci il tarixdə qeydə alınmış və çıxarış təqdim edilmişdir. Lakin Cavabdeh3 paylı mülkiyyətdə olan torpaq sahəsindən istifadə etməyə imkan verməyərək çətinliklər yaradır. Həyətyanı torpaq sahəsi üzərində payların naturada bölünmədiyindən torpaq sahəsindən istifadəyə görə aralarında mübahisə yaranır. Bu baxımdan ümumi birgə mülkiyyətində olan 0.53 ha həyətyanı torpaq sahəsi üzərində payların naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eləcə də Cavabdeh3 onun uzun müddət istifadəsində olan ərazidə qanunsuz olaraq tikililər inşa etmişdir. Bununlada mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə cavabdehlər Cavabdeh2 və X6 ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiklərini bildirmişlər. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 0.53 ha torpaq sahəsi İddiaçı, X4, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyəti kimi 1/7 hissədə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMCnin xx.xx.2022-ci il tarixli M/09 saylı rəyindən görünür ki, 1. Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən və **********34 nömrəli çıxarışla iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olan 0.53 ha torpaq sahəsinin naturada ayrılması mümkündür. 2. Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən və **********34 nömrəli çıxarışla iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olan 0.53 ha torpaq sahəsində iki ədəd fərdi yaşayış evi və iki ədəd köməkci tikililər möcvuddur. Mübahisəli torpaq sahəsində olan 2 ədəd fərdi yaşayış evinin ayrı-ayrı çıxış yolu vardır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Mallı-Şıxlı kəndində yerləşən 1/7 hissədə paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsinin baş planında İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi göstərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin hesabına mütəxəssis rəyinin verilməsi məqsədi ilə 200 manat pul ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətində olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş 0.53 ha torpaq sahəsinin baş planında göstərilmiş İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid torpaq sahəsində yerləşən 1/7 hissədə naturada bölünməsi mümkündür. Bundan başqa iddiaçının tələb etdiyi Cavabdeh3 tərəfindən inşa edilmiş tikililərin sökülməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh3 tərəfindən inşa edilmiş tikililərin İddiaçı 0.53 ha torpaq sahəsinin 1/7 hissəsində faktiki istifadə etdiyi hissəsində inşa edilməsi mütəxəssis rəyində göstərilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş 0.53 ha torpaq sahəsinin baş planında göstərilmiş İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid 1/7 hissədə naturada bölünməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən İddiaçı 1/7 hissədə paylı mülkiyyətində olan 0.53 ha torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin baş planında göstərilmiş İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinə aid 1/7 hissədə naturada bölünsün. Bölgü məhkəməyə təqdim edilmiş və mülki işin materiallarından saxlanılan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş paylı mülkiyyətdə olan 0.53 ha torpaq sahəsinin baş planına uyğun aparılsın. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 200 manat pul Cavabdeh3 alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-839/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-839/2022
25.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver