Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-86/2023 23.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Göyçay rayon notariat kontorunda notarial qaydada təsdiq edilmiş 12 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərini əşyaları ilə birlikdə çıxarılması və fərdi yaşayış evinin İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı qismində izahat vermiş "xxxx" ASC Bankın nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Göyçay rayon notariat kontorunda notarial qaydada təstiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evini nisyə alqısatqı qaydasında 55000 (əlli beş min) manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 17000 (on yeddi min) manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün satıcının - “Yelo Bank" ASC-nin hesabına ödəyir, qalan 38000 (otuz səkkiz min) manatı isə 95 ay müddətinə hər ay 400 manat olmaqla xx.xx.2026-cı il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 17000 (on yeddi min) manat məbləğində vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keşməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmişdir. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi qaydada ödəniş edilməmiş, ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evi boşaldılaraq Banka təhvil verilməlidir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, banka olan borcunu ödəyəcəkdir. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Təqdim edilmiş 12 sentyabr 2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC (Nikoyl İK ASC) tərəfindən ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evini nisyə alqı-satqı qaydasında 55000 (əlli beş min) manata Cavabdeh satılmış, Cavabdeh ilkin olaraq 17000 (on yeddi min) manat məbləğində pulu alğı-satqı müqaviləsi rəsmiləşdirilən gün "xxxx" ASC-nin xeyrinə ödəmiş, qalan 38000 (otuz səkkiz min) manatı isə 95 ay müddətinə hər ay 400 manat olmaqla xx.xx.2026-cı il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1 -ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 601.1 -ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 -ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinin tələbinə görə isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Göründüyü kimi Cavabdeh iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC iddiası təmin edilməli, Nikoyl” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Göyçay rayon notariat kontorunda notarial qaydada təsdiq edilmiş 12 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərini əşyaları ilə birlikdə çıxarılmalı və fərdi yaşayış evi İddiaçı ASC-yə təhvil verilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362- ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Nikoyl” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış və Göyçay rayon notariat kontorunda notarial qaydada təsdiq edilmiş 12 sentyabr 2018-ci il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1 ünvanında 0.05 hektar torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 145.6 kv.m olan fərdi yaşayış evindən Cavabdeh və ailə üzvlərini əşyaları ilə birlikdə çıxarılsın və fərdi yaşayış evi İddiaçı ASC-yə təhvil verilsin. 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-86/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-86/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver