Məhkəmə qərarları › İş №2(046)-867/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-867/2024

19.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-867/2024 19.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31.000 (otuz bir min) manat borcun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Qaraməryəm kəndində qeydiyyatda olan Cavabdeh ondan 2 gün müddətinə qaytarmaq şərti ilə 31.000 (otuz bir min) manat borc almış və bu barədə 26 sentyabr 2015-ci il tarixdə ona özü tərəfindən şəxsən yazılıb imzalanmış qəbz vermişdir. Cavabdeh həmin qəbzdə ondan 31.000 (otuz bir min) manat pul aldığını, pulu xx.xx.2015-ci il tarixdə geri qaytaracağını, pulu deyilən tarixdə qaytarmasa özünə məxsus olan “20 yanvar” metro stansiyası yaxınlığındakı 183 kv.metrlik mənzilini onun adına keçirəçəyinə dair öhdəlik götürdüyünü göstərmişdir. Lakın cavabdeh pul borcunu qaytarmaq barədə üzərinə götürdüyü öhdəliyi bu günədək yerinə yetirməmişdir. Baxmayaraq ki, o, cavabdehlə dəfələrlə görüşüb və telefon əlaqəsi saxlayaraq ona borcunu qaytarmaq barədə mütəmadi olaraq xəbərdarlıqlar etmişdir. Son bir neçə aydır ki, cavabdeh onunla görüşməkdən boyun qaçırır, telefon zənglərinə isə ümumiyyətlə cavab vermir. Bununla da cavabdeh öz hərəkətləri ilə ondan borc aldığı 31.000 (otuz bir min) manat pulu qaytarmaqdan boyun qaçırdığını açıq-aydın nümayiş etdirir. Bununla yanaşı, yuxarıda qeyd etdiyi kimi, cavabdeh ondan 31.000 (otuz bir min) manat borc alması barədə qəbzə borcunu xx.xx.2015-ci il tarixdə geri qaytarmayacağı təqdirdə “20 yanvar” metro stansiyası yaxınlığındakı 183 kv.metrlik mənzilini onun adına keçirəcəyinə dair üzərinə öhdəlik də götürmüşdür. Lakın sonradan ona məlum olmuşdur ki, cavabdehin pul öhdəliyinin təminatı kimi istinad etdiyi mənzilə mülkiyyət hüququ yoxdur və onun əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2015-ci ildə İddiaçı ona 10.000 manat faizə pul vermişdir. Aradan 3 gün keçdikdən sonra iddiaçı onun yanına gələrək atasının vəfat etdiyini və pula ehtiyacı olduğunu bildirmişdir. O, həmin vaxt iddiaçıya 1300 manat pul vermiş və iddiaçı Naxçıvana getmişdir. O, mərmər-qranit satışı ilə məşğul olduğundan, mal almaq üçün İrana gedib-gəlirdi. İddiaçının qaynı da mərmər-qranit mağazasında satıcı işlədiyindən, iddiaçı pulun yerinə ona mal verməsini bildirmişdir. O, da iddiaçı ilə razılaşmış və İrana gedib, mərmər-qranıt gətirsə də, iddiaçı malı almaqdan imtina etmişdir. Bir müddət sonra iddiaçı evini satdığını və ona mənzil varsa satmasını bildirmişdir. O, iddiaçıya “20 Yanvar” ərazisində mənzili olduğunu bildirmişdir. İddiaçı ilə aralarında mənzilin dəyəri ilə bağlı söhbət olduqda iddiaçıya onun borclu olduğu pulun çıxılmasını və qalan pulu isə hissə-hissə ona ödənilməsi barədə razılıq əldə olunmuşdur. Bir müddət sonra iddiaçı ona mənzilin pulunu ödəyə bilməyəcini bildirmiş və həmin mənzildən imtina etmişdir. İddiaçı ondan borcunun ödənilməsini tələb etdikdə, iddiaçıya şirkətdən alacağı olduğunu və həmin pulu sonra ödəyəcəyini bildirmişdir. O, iddiaçıya borclu qaldığı pulun yerinə 550 kv.m mərmər-qranit vermiş və iddiaçıya borcu qalmamışdır. İddiaçı tərəfindən təziq edildiyindən, qəbz yazmışdır. İddiaçının onu məhkəməyə məlumat verməsindən məlumatı olmamış və ölkə sərhədini tərk etmək istəyərkən məlum olmuşdur ki, iddiaçı onu məhkəməyə vermişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 göstərdi ki, Cavabdeh ilə dost olmaqla yanaşı birgə işləmişlər. Təxminən 2015-2016-cı illərdə cavabdeh Çingiz Ələkbərov İddiaçı 10.000 manat faizlə pul götürmüşdür. Cavabdeh iddiaçıdan aldığı pulu qaytara bilmədiyindən, İddiaçı pulun əvəzinə ona mərmər-qranit verməsini bildirmişdir. İddiaçı qaynı da mərmər-qranit mağazasında satıcı işlədiyindən iddiaçı ilə cavabdeh arasında daş alınması ilə bağlı söhbətdə o da orada olmuşdur. Cavabdeh iddiaçıdan aldığı pulun yerinə İrandan mərmər-qranit gətirib, iddiaçının qaynının həyətinə boşaltmışdır. Sonrdan Cavabdeh ona bildirmişdir ki, xəbəri olmadan Bilal onu məhkəməyə vermiş və ölkədən çıxışa üzərinə məhdudiyuyət qoyulmuşdur. İş üzrə cavabdehi, şahidin ifadəsini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Sadə yazılı formada tərtib edilmiş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 31.000 manat pul aldığını, pulu xx.xx.2015-ci ildə geri qaytaracağını, pulu deyilən tarixdə qaytarmasa ona məxsus olan “20 Yanvar” metrostansiyası yaxınlığındakı 183 kv.m mənzilini İddiaçı adına keçirilməsinə söz verdiyini qeyd etmişdir. Qəbzi Ələsgərov.Ç imzalamışdır. 01 iyul 2016-cı il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilmiş müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 407.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki,müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan mülki qanunvericiliyinin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Hazırki iş üzrə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox (31.000 manat) olduğundan bu növ müqavilə üçün Mülki Məcəllədə yazılı formada bağlanması tələbinə riayət edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq iddia tələbini müdafiə etməmiş, iddia təlbinin təmin olunmasını məhkəmədən xahiş etməmişdir. Belə olan halda məhkəmə borcun mövcud olmadığını mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ilə 31.000 manat məbləğində borc verilməsi barədə borc müqaviləsinin bağlanması müəyyən edilmədiyindən və iddiaçı istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia əsassız olduğuna görə təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 31.000 manat borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar