Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-887/2024 29.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oktay oğlundan 8000 manat maddi ziyan, 12.000 manat da mənəvi ziyana görə pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona məxsus maşını vuraraq bədən xəsarəti yetirmişdir. Barəsində ittiham verilmişdir. Beləki hadisə yerindən qaçdığı üçün CM nin 263.1 ci və 264-cü maddələri ilə təqsirli bilinmişdir və barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Lakin cavabdehin onun sağlamlığına az ağır zərər vurmasına baxmayaraq heç bir təzminat ödəməmişdir. Buna görə də ona 8000 manat maddi, 12.000 manat da mənəvi ziyan vurulmuşdur. 8000 manat maddi, 12.000 manat isə mənəvi ziyan cavabdehdən alınıb ona verilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəf bunların heç birini etmədiyi üçün o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh ona notarial qadada dəymiş ziyanın ödənilməsi ilə bağlı ərizə verməsini xahiş etmiş və sonra işləyib ona dəymiş ziyanı tam ödəyəcəyinə söz vermişdir. O, cavabdehin sözünə inanıb dəymiş ziyanın ödənilməsi ilə bağlı notarial qaydada ərizə vermişdir. Bundan sonra cavabdeh müayinəyə görə həkimə 400 manat məbləğində pul vermiş, daha sonra isə oğlunun bank kartına 100 manat köçürmüşdür. Sonraki dövrdə ona heç bir yardım göstərməmiş və ona aidiyyəti orqanlara şikayət verməyi təklif etmişdir. O, cavabdehin təqsiri üzündən xəsarətlər aldığından 03 dəfə əməliyyat olunmuş, əczanələrdən dava-dərmanlar alsa da, onların bəzilərinin çeklərini almış, özəl klinikalarda müayinə, müalicəcə olunmuşdur. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh Oktay oğlu məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Oktay oğlu məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixində gecə saat 23:00 radələrində ** RP *** assamant markalı maşınıla Masazır dairəsindən Xırdalana gedən yolda qəza törətmişdir. Qəzaya səbəb, Könül xanımın piyada keçidi olmayan yerdə qəfil ortaya çıxması olmuşdur. İdarə etdiyi maşının surət həddi maksimum 50 km olub. Hadisə zamanı məsafə az olduğu üçün idarəetməni yığışdıra bilməmişdir. Hadisə evlərinə yaxın olduğu üçün ətrafda olanlar ona dedilər ki, oğlanları gəlsə səni döyəcəklər. O. da bundan qorxub hadisə yerindən aralanmışdır. Dərhal Xırdalan rayon Polis Şöbəsinə gedib məlumat vermişdir. Polis bölməsində bilmişdir ki, xəstə Semaşka xəstəxanasına aparılıb və dərhal xəstəxanaya getmiş, həkimi ilə tanış olmuş və onlara 400 manat köməklik etmişdir. Könül xanımın vəziyyəti yüngül olduğuna görə 6 gündən sonra evə buraxdılar. O, evlərinə gedərkən nə lazımdırsa, köməklil edəcəyini bildirmişdir. Onlar Semaşka xəstəxanasında həkimin verdiyi sənədləri gizlətmiş və o, həkimin yanına gedib xəstənin vəziyyətini soruşmuşdur. Həkim demişdir ki, xəstənin vəziyyəti yüngüldür, 10-15 günə sağalacaq. Bütün bunlara baxamayaraq, Xırdalanda təzə tikilmiş Abşeron xəstəxanasına aparıb rentgen müayinəsindən keçirmişdir. Həkimlər demişlər ki, xəstənin heç bir ciddi problemi yoxdur. MRT isə yoxlanışı qəbul etmədi, çünki sənədləri gizlətmişlər. Həkim demişdir ki, xəstənin əvvəlki MRT nəticəsinə baxmalıdır. Buna baxmayaraq maddi və mənəvi tələblərini ödəmişdir. Buna əsasən ona notariat qaydada sənəd verib. Sənədi verməmişdən qabaq Könül xanım, anası ilə onu çağırıb dedi ki- “Qızımın toyudur, mənə 2000 manat verin. Məndə sizə notariat qaydada razılıq sənədi verim. Pul söhbətini də ailəm bilməsin”. Səhəri gün notarius nümayəndəsini evlərinə apardı. Nümayəndə ondan bir neçə dəfə ki: Razısan?” Hə deyərək qol çəkdi. O, iddiaçıya 2000 manatı ödəmişdir. Bir-iki gündən sonra, onlardan 100 manatda istədi. O pulu da oğlunun kartına atmışdır. Beləliklə ona 2500 manat pul vermiş olmuşdur. Könül xanım notarius sənədində bildirdi ki- “Cavabdeh mənə dəyən ziyanı tam ödəyib, mən heç bir məhkəmə və hüquqi orqanlara şikayət etməyəcəm”. Təxminən 3 ay istintaqdan sonra onu Xırdalan məhkəməsinə çağırdılar. Tanışlıq məhkəməsində ondan bu qədər pul almağına baxmayaraq ondan 4000 manat pul istəmişdir. O, isə bütün ziyanı ödəməyinə baxmayaraq, ona yenə 2000 manat verəcəyi bildirilmişdir. Könül xanım 4000 manatdan aşağı düşməmişdir. Hakim məhkəməni bir neçə dəfə təxirə salaraq barışmaqlarını istəyirdi. Hakim Sevinc xanım dedi ki, 2000 manat bunlardan al, 1500 manatda sığorta verəcək. Könül xanıma Hakim dedi ki, sən barışsan İlhamın bir maddəsi 263.1 götürülür, 264 maddəsi qalır. Könül xanım bu fikirlə razılaşmadı. Məhkəmənin qərarı ilə ona xx.xx.2023-cü il tarixində 2 il azadlığın məhdudlaşdırılması cəzasını verdi və 1 il 1 il 6 ay sürcülük vəsiqəsinə məhdudiyyət qoyuldu. Könül xanım bununlada razılaşmayaraq Apellasiya məhkəməsinə şikayət etdi. Sumqayıt Apellayasiya Məhkəməsində keçirilən məhkəmədə Könül xanım ondan 4000 manat yox, 3000 manat istəmişdir. Yenə də Xırdalanda keçirilən bir neçə məhkəmədə gətirdiyi 2000 manatı ona təklif etsə də istəməmişdir. Sumqayıt Məhkəməsinin hakimi Könül xanıma- “Sən bu pulu nə əsasla istəyirsən? Bu pulları hara və hansı hakimə xərclədiyini bizə bildir” dedi. Könül xanım bunların heç birini sübut edə bilmədi. Çünki əlində heç bir əsas yox idi. Apellyasiya məhkəməsinə Könül xanıma 2000 manatı götürüb İlhamla barışsanız İlhamın 263.1 maddəsini ləğv edilib, 264-cü maddəsi ilə 1 il azadlığın məhdudlaşması cəzası qüvvədə qalacağı bildirilmişdir. Könül xanım razılaşmadı. Hakim xx.xx.2023-cü il tarixində Xırdalan məhkəməsinin qərarını təsdiq etdi. xx.xx.2024-cü il tarixində onun cəzasının 1 ili tamam olur. Onun Bakı şəhərindən kənara çıxmağa icazəsi yoxdur. Buna görə də məhkəmədə iştirak edə bilmir. Könül xanımın bütün maddi və mənəvi cəhətdən xərcini ödəmişdir. Könül xanımın heç bir xəstələyi yoxdur. Bütün məhkəmələrdə sağlam canla özü iştirak edir. Hətta Bərdə rayonun Molla-Əhmədli kəndində yaşadığı evinə də getmişlər. Qaça-qaça gələrək qapını özü açıb. Könül bütün məhkəmə prosesində ondan 4000 manat istəmişdir. 1 il keçdikdən sonra şikayət verib, ondan heç bir əsası olmadan 20.000 manat pul istəyir. Bərdə rayon Bankından götürdüyü kredit pulla tikdirdiyi evin pulunu ona ödətdirmək istəyir. Onun anası 84 yaşlı xanımdır. Ondan başqa heç kəsi yoxdur. İki azyaşlı qız övladı var. Evi yoxdur, özü kirayədə qalır. On cəza verildiyinə görə heç bir yerdə işləmir. O, Könül xanımın bütün maddi və mənəvi xərclərini ödəmişdir. Buna baxmayaraq cəzasını çəkir, axıra kimi də çəkəcək. Könül xanıma heç bir pul ödəməyəcək. Məhkəmədən onun işinə ədalətli qərar verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edimiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Oktay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. X3 Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 11 may 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək X3 Mərkəzində müayinə və müalicə olunmuş, və həmin müddətdə müayinə və müalicə üçün 619 manat ödəniş etmişdir. X1 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X2 müraciət etmişdir.Ödəniş qəbzləri ödənilən vaxt xəstəyə təqdim edilmişdir. Təkrar həmin qəbzlərin verilməsinin icrası mümkünsüzdür. Ödəniş kimin tərəfindən icra olunduğu qəbzlər də öz əksini tapmır. "xxxx" Klinik MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vətəndaş xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nə sidik kisəsinin tumoru, klinik diaqnozu ilə biopsiya materiala gətirilib, müayinə olunan materialda qan elementləri və nekrotik toxuma aşkar olunub, müayinə üçün 42.50 manat ödəniş edilmişdir. “German” Hospitalın xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı müayinə üçün 80 manat ödəniş etmişdir. “X5”MMC-in xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı müayinə üçün 80 manat ödəniş etmişdir. Mərkəzi Klinika MMC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı müayinə üçün 9 manat ödəniş etmişdir. X1 xx.xx.2023-cü il tarixli qəbzlərindən görünür ki, İddiaçı müayinə üçün 78 manat, 40 manat və 28 manat ödəniş etmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı dərman peraparatlarının alınması üçün xx.xx.2024-cü il tarixdə 6.23 manat, xx.xx.2024-cü il tarixdə 15.44 manat, xx.xx.2024-cü il tarixdə 27.03 manat, xx.xx.2024-cü il tarixdə 72.39 manat, xx.xx.2024-cü il tarixdə 85.97 manat, xx.xx.2024-cü il tarixdə 75.41 manat, xx.xx.2024-cü il tarixdə 79.66 manat ödəniş etmişdir. Audio yazısına dair SD diskdən görünür ki, Cavabdeh İddiaçı dəymiş ziyanın ödənilməsi ilə bağlı notarial qaydada ərizə verməsini xahiş etmiş və gələcəkdə işləyib ona dəymiş ziyanının tam şəkildə ödənilməsini vəd vermişdir. Səs yazısında o, məhkəmədə barışıq olmadığı halda o işləyə bilməcəyini və dəymiş ziyanı ödəyə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 02 dekabr 2022-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi “Azsamand” markalı ** RP *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50 km/saat sürətlə Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsindən M.Ə.Rəsulzadə küçəsi ilə Abşeron rayon İcra Hakimiyyəti istiqamətində hərəkətdə olarkən, həmin istiqamətdə avtomobil yolunu soldan sağa keçən piyada İddiaçı avtomobilinin qabaq sol hissəsi ilə vuraraq, nəticədə İddiaçı ehtiyatsızlıqdan sağ tərəfli omba-qasıq və oturaq sümüklərinin, sol tərəfdə oturaq qasıq sümüklərinin qapalı yerdəyişmiş sınıqları, başın təpə nahiyəsinin qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi ilə müşaiyət olunan əzilmişcırılmış yarası, sağ əlin arxa səthinin və sağ milbilək oynağı nahiyəsinin sıyrıqları, sağ diz oynaq nahiyəsinin şişkinliyi və sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aid bədən xəsarətlərini yetirmişdir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İşdən görünür ki, tərəflər arasında 21 yanvar 2023-cü il tarixdə notarial qaydada ərizə təsdiq olunub və həmin ərizədə İddiaçı ona dəymiş ziyanın ödənildiyini və Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, iddiaçının özünün etiraf etdiyinə görə hadisə törədildikdən dərhal sonra cavabdeh tərəfindən ona 400 manat, sonra isə bank kartına 100 manat ödənilmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, cinayət mühakimə icraatı çərçivəsində zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı izahatında cavabdeh tərəfindən sonra digər ziyanı ödəyəcəyini vəd etdiyini göstərərək buna dair sübut kimi səs yazıların təqdim etmiş və həmin səs yazılarından da müəyyən olnmuşdur ki, Cavabdeh Oktay оğlu İddiaçı dəymiş ziyanın ödənilməsi ilə bağlı notarial qaydada ərizə verməsini xahiş edərək gələcəkdə işləyib ona dəymiş ziyanının tam şəkildə ödəcəyinə vəd vermişdir. Bununla da cavabdeh tərəfindən ziyanın tam şəkildə ödənilmədiyi və iddiaçı ilə qarşılqlı güzəştlər əsasında məsələnin həll edildiyi müəyyən olunmuşdur. Hal-hazırda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müayinə və müalicələrlə bağlı qəbzlər tərəflər arasında bağlanmış ərizədən (xx.xx.2023-cü il) sonrakı dövrü əhatə edir. İclаsdа toplаnmış və tədqiq olunmuş sübutlаrın məcmusu ilə təsdiq olundu ki, iddiаçıyа mаddi ziyаn məhz Cavabdeh Oktay оğlunun təqsirli hərəkəti nəticəsində vurulmuşdur və о, hаzırki iş üzrə mаddi məsuliyyət və mülki cаvаbdеhlik dаşıyır. Məhkəmə hesab edir ki, iddianın maddi ziyana görə Cavabdeh Oktay oğlundan 8.000 manat alınıb iddiaçının xeyrinə verilməsinə dair hissəsi qismən təmin edilməli, maddi ziyanın məbləği ödəniş qəbzlərdəki məbləğ qədər, yəni 1338 manat 63 qəpik müəyyən edilməlidir. Bеlə ki, iddiаçı cаvаbdеh tərəfindən еhtiyаtsızlıqdаn törədilmiş cinаyət nəticəsində аldığı хəsаrətlərin müаlicəsi üçün məhz 8.000 mаnаt məbləğində pul vəsаiti sərf еtməsini tam təsdiq еdən sübutlаrı məhkəməyə təqdim еtməmişdir. Mənəvi zərərə gəldikdə məhkəmə Cavabdeh Oktay oğlunun qanusuz hərəkətlərini, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, cavabdehin təqsirini, yalan vəd verməsini nəzərə alaraq bildirir ki, iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə bildirir ki, iddianın mənəvi zərərə görə cavabdehdən 12.000 manat tələb edilməsinə dair hissəsinin qismən təmin olunmalı və ağlabatan şəkildə qiymətləndirilərək 1500 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh maddi ziyana görə 1338 manat 63 qəpik, mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcləri Cavabdeh aid edilməli, iddianın təmin edilmiş hissəsinə əsasən 48 manat 38 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1338 manat 63 qəpik, mənəvi zərərin əvəzi olaraq 1500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48 manat 38 qəpik tutularaq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-887/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-887/2024
29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver