Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-89/2022 14.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2981 manat məbləğində vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəinin iştirakı olmadan keçrilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" ASC-nin iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-də 18.10.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "xxxx" markalı **-LM- *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 11.03.2018c-i il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan "Nissan Sunny" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkin avtomobilinin zədələnməsi əlaqədar 2981 manat məbləğində sığorta ödənişi verilmişdir. 11.03.2018- ci il tarixdə iş yoldaşı Cavabdeh2 adına "Ves Vay" Rent Car şirkətindən "xxxx" markalı, **-LM-*** d.n.n. avtomobilini Göyçay rayonuna getməkləri üçün götürdüyündən, hadisə zamanı avtomobil etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, "xxxx" markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil "Ves Vay" Rent Car şirkətindən onun adına götürülmüş, Cavabdeh1 həmin avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil Azsığorta ASC tərəfindən sığorta edilmişdir. Məhkəməyə təqdim edilmiş sığorta aktından görünür ki, Nissan Sunny markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2981 manat ziyan dəymişdir. Təqdim edilmiş 21.05.2018-ci il tarixli mədaxil qəbzindən görünür görünür ki, "xxxx" ASC X1 2981 manat pul ödəmişdir. Məhkəməyə təqdim edilmiş "Ves Vay" Rent Car şirkəti tərəfindən 11.03.2018-ci tarixdə verilmiş yol vərəqəsindən görünür ki, Cavabdeh2 "xxxx" markalı, **-LM-*** d.n.n. avtomobil 16.03.2018-ci il tarixədək sürüş üçün verilmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.03.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materiallar Səbail RPİ-nin DYPŞ-nin vasitəsi ilə Səbail rayon Məhkəməsinə göndərilsin. Sadalananlardan görünür ki, sığorta olunmuş Cavabdeh1 idarə etdiyi "Kia Rio" markalı **- LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Nissan Sunny" markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobilə toqquşmuş, nəticədə zərəçəkmişə 2981 manat məbləğində ziyan dəymiş və həmin ziyan Azsığorta ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC "Mercedes Benz" markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki idarə etmək üçün etibar olunan Cavabdeh2 və hadisə zamanı qeyd edilən avtomobili idarə edən Cavabdeh1 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada cəmi 2981 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnaməsinin icrası Cavabdeh1 yaşaşdığı ərazi üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2 yaşaşdığı ərazi Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə üzrə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-89/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-89/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver