Məhkəmə qərarları › İş №2(046)-908/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-908/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-908/2024 30.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 onun xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Atatürk küçəsi ev 10-da yerləşən 47 saylı mənzildən, yəni yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Göyçay şəhəri Atatürk küçəsi 10 saylı binada 47 saylı 3 otaqlı mənzil vardır. Həmin mənzilə mülkiyyət hüququnu 02 aprel 2004-cü il tarixdə notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Mənzilə mülkiyyət hüququ ilkin olaraq 06 aprel 2004-cü il tarixdə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən, təkrarən isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 01 noyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Mülkiyyətində olan mənzildə qeydiyyatda olan keçmiş əri-Cavabdeh ilə nikahları sonuncunun tələbinə əsasən Göyçay rayon Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə 2013-cü ilin yayında faktiki ayrılmış və cavabdeh həmin vaxtdan onun mülkiyyətində olan mənzili tərk etmişdir. Cavabdeh nikahın pozulması haqqında şəhadətnaməni 13 mart 2014-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsindən almışdır. Nikahlarının pozulmasından ötən 10 ildən çox müddət ərzində cavabdeh yaşayış sahəsindən istifadə hüququ və əmlak tələbi ilə məhkəməyə müraciət etməmişdir. Lakin buna baxmayaraq dəfələrlə tələb etməyinə baxmayaraq onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Bu hal onun mülkiyyəti ilə bağlı müəyyən hüquqları həyata keçirməsinə mane olur. Bu səbəbdən də cavabdehin mülkiyyətində olan mənzildən, yəni yaşayış sahəsindən istifadə hüququnun itirilməsini istəyir. Cavabdehin əvvəlki qeydiyyat yeri ünvan 1 ünvanda yerləşən valideynlərinin evi olmuşdur və həmin evdə hazırda heç kəs yaşamır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektira Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 3819 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 3 otaqlı, ümumi sahəsi, 83,3 kv.m, yaşayış sahəsi 52,3 kv.m olan ev 12, 47 saylı mənzil (Maqsudova) X2 adına 06 aprel 2004-cü il tarixdə 6 nömrəli reyestr kitabına yazılmışdır. Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli 2 (046)-1103/2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında 14 iyun 2003-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmış 78 nömrə ilə qeyd edilmiş, AZ-İ № 061151 saylı nikah pozulmuş, boşanmadan sonra 16 yanvar 2006-cı il təvəllüdlü X3 anası X2 himayəsində qalması, aliment tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh 16 yanvar 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq, cavabdeh X2 xeyrinə verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 yanvar 2014-cü il tarixdə 03 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunduqdan sonra qadına Maqsudova soyadı verilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin 25 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə AZ-İ N 185260 saylı şəhadətnamə vətəndaş Cavabdeh verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 noyabr 2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göyçay rayon İcra Hakimiyyəti nəzdində “Çinar” mənzil tikinti kooperativinin idarə heyətinin 27 may 2024-cü il tarixli 267 saylı arayışından görünür ki, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh 2013-cü il tarixdən ünvan 3 ünvanında yaşamır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 4-də yaşayan İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ilə boşandıqdan sonra 2013-cü il tarixdən Cavabdeh ünvan 4 ünvanında yaşamır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİ bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına görə, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 оktyаbr 2013-cü il tаriхli qərаrındа fоrmаlаşdırılmış hüquqi mövqеyə görə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına sasən Mülki Məcəllənin 228.2-ci maddəsində həmçinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Hazırda İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbini cavabdehin 2013-cü ildən mübahisəli mənzildə yaşamaması, lakin qeydiyyatda qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılması ilə əsaslandırmışdır. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, Göyçay şəhəri, Atatürk küçəsi 10 saylı evin 47-ci mənzili ilə bаğlı hüquq münаsibəti xx.xx.2004-cü il tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah 14 iyun 2003-cü il tarixdə bağlanmışdır. İddiaçı birgə nikah dövründə, yəni 02 aprel 2004-cü il tarixdə notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Göyçay şəhəri Atatürk küçəsi 10 saylı binada 47 saylı 3 otaqlı mənzil almışdır. Həmin mənzilə mülkiyyət hüququ 06 aprel 2004-cü il tarixdə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən, təkrarən isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 01 noyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Mülkiyyətdə olan mənzildə Cavabdeh qeydiyyatda olmuşdur. Cavabdeh tələbinə əsasən Göyçay Rayon Məhkəməsinin 01 noyabr 2013-cü il tarixli 2 (046)-1103/2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında 14 iyun 2003-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmış 78 nömrə ilə qeyd edilmiş, AZ-İ № 061151 saylı nikah pozulmuşdur. Cavabdeh 2013-cü ilin yayından iddiaçıdan faktiki ayrılmış və həmin vaxtdan iddiaçının mülkiyyətində olan mənzilini tərk etmişdir. Cavabdeh 10 ildən çox müddət ərzində yaşayış sahəsindən istifadə hüququ və əmlak tələbi ilə məhkəməyə müraciət etməmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulur. Lakin işin faktiki hallarındanda müəyyən olunur ki, cavabdehin başqa yaşayış yeri olduğundan və uzun müddət başqa ölkədə yaşamasından və bununla da mənzildən istifadə hüququna ehtiyacı olmadığından kompensasiya verilmədən istifadə hüququna xitam verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı xüsusi mülkiyyətində olan Göyçay şəhəri, Atatürk küçəsi ev 10-da yerləşən 47 saylı mənzildən, yəni yaşayış sahəsindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar