Məhkəmə qərarları › İş №2(046)-932/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-932/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-932/2023 12.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzi olaraq pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona verməli olduğu 10.000 (on min) manat pulu 11 il müddətinə gecikdirdiyi və özünün qanunsuz istifadəsində saxladığı üçün ona vurduğu maddi zərər əvəzi olaraq, illik faiz dərəcəsi 5 olmaqla, 11 ilə hesablanan 5500 (beş min beş yüz) manatın, mənəvi zərər olaraq hesabladığı 5000 (beş min) manatın və dövlət rüsumu olaraq köçürdüyü 120 (bir yüz iyirmi) manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə (bundan sonra cavabdeh) aralarında bağlanmış 09 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında **********31-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət üzrə 1/2 hissə, yəni 23 kv.metrlik sahəsi adına olan bir otaq cavabdehə satılıb. Həmin 09 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh ona borclu qaldığı on min manatı, müqavilədə göstərilən 09 iyul 2015-ci il tarixə qədər ona ödəməli idi və bu səbəbdən də məhz onun xahişi ilə aralarında razılaşma belə olmuşdur ki, o, pulu vəd olunan 09 iyul 2014-ci il tarixə kimi ona ödədikdən sonra mənzil tərəfindən boşaldılaraq ona təhvil veriləcəkdir. Hətta cavabdehə o zaman belə bir təklif də etmişdir ki, mənzilə görə ona olan 10000 manat qalıq borcunu vəd etdiyi tarixdə ödəyə bilməzsə, onlar mənzili satar və o, öz pulunu, cavabdeh də öz pulunu götürər. Lakin cavabdeh israrla bildirmişdir ki, 09 iyul 2015-ci il tarixə kimi ona qalıq məbləği ödəyəcək. Bu sövdələşmədən sonra 09 iyul 2015-ci il tarixə yaxın günlərdə yenə də cavabdehdən bu barədə soruşmuş və cavabdehə özünə ev almaq məqsədi ilə beh verdiyini bildirmişdir. Elə olsun ki, vəd olunan tarixdə onlar hesablaşmış olsunlar və o, problem yaşamasın. Cavabdeh isə yenə də israrla pulun ona yaxın günlərdə veriləcəyini bildirmişdir. Lakin həmin vəd olunan 09 iyul 2015-ci il tarixdə də cavabdeh evə görə ona ödəməli olduğu qalıq pulu verə bilməmiş və həmin tarixdən qısa müddət sonra da cavabdeh cinayət hadisəsi törətdiyi üçün həbs olunmuşdur. Hadisə ilə əlaqədar gedən istintaq ərəfələrində cavabdeh qardaşına etibarnamə verdiyini və bu məsələlərlə qardaşının məşğul olacağını ona desə də bütün bu ötən müddətdə heç kəs bu barədə ona müraciət etməmişdir. Nəticədə o, almaq istədiyi evi ala bilməmiş və verdiyi 1000 manat beh pulu batmışdır. Hazırda da evin dəyəri bu günkü bazara görə 50000 (əlli min) manatdan yuxarıdır. Bu isə o deməkdir ki, cavabdehin vədinə əməl etməməsi, qarşısında götürdüyü öhdəliyini vaxtında təmin etmədiyi üçün o, ağır maddi zərərlərə düşmüşdür. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış, 2(009)-2217/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, o, evi boşaldıb cavabdehə verməli və cavabdehdə ona borclu qaldığı 10000 (on min) manat pulu verməlidir. Eləcə də həmin qətnamə də pulun ona vaxtında ödənilmədiyi üçün əsassız saxlanmaya görə onun kompensasiya tələb etmək hüququnun olduğu bildirilib. Ona vurulan maddi zərərin hesablanmasını hesab edir ki, ona cavabdehə satılan evin hazırkı günə olan bazar qiyməti ilə müqayisədə müəyyən olunmalıdır. Mənəvi zərərə gəldikdə isə hesab edir ki, cavabdehin ona pulu vaxtında verməməsi və bu gün ona verilən pulun müqabilində ev ala bilməməyi, evsiz qalmağı, sözün əsl mənasında onun sarsıntı keçirməyinə səbəb olub və bunun təqsirkarı məhz Cavabdehdur. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Bakı şəhərində ev almaq üçün bankdan kredit götürmüşdür. Bakı şəhərində yerləşən bir çox mənzillərə baxmışdır. Maddi imkanına uyğun ev axtarmışdır. Xəbər tutmuşdur ki, İddiaçı adlı xanım ona məxsus olan Bakı şəhəri Buxta küçəsi 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağını, yəni 23 kv.metr hissəsini satır. Bununla əlaqədar olaraq həmin mənzilə baxmış və xoşuna gəlmişdir. Bu mənzilin 30000 (otuz min) manata satılmasına razılaşmışlar. İddiaçı ilə arasında ona məxsus olan Bakı şəhəri Buxta küçəsi 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağının, yəni 23 kv.metr hissəsinin satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09 iyul 2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-1 №0367410 daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09 iyul 2014cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-1 № ******* daşınmaz əmlakın alqısatqı müqaviləsinin aşağıda qeyd olunan şərtlərinə görə;4.satıcı(lar) daşınmaz əmlakı 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) qiymətinə satdı(lar), Alıcı(lar) isə həmin qiymətə aldı(lar). - Alıcı Cavabdeh satıcı İddiaçı - dan satdığı tam hissəni (23 kv/m) ondan 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) qiymətinə aldı. 5.tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya (satıcılara) nəğd ödəyir.6. tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğindən 10000 (on min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir, 20.000 (iyirmi min) manatı isə 09 iyul 2015-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürdü.7. Müqavilənin predmeti olan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı- satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir.8. Alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka aid sənədləri alıcıya verməyə borcludur.9. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür.10.Satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir.11. “Alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “satıcı ”-nın üzərinə düşür.12. “Satıcı(lar) ” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə “Alıcı(lar)”-nın bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə müqavilədə qeyd olunduğu tarixdən:- Satıcı İddiaçı xx.xx.2015-ci il tarixinədək Alıcı Cavabdeh faktiki sahibliyinə verməyi öhdəsinə götürür.13. Daşınmaz əmlakın “Alıcı”ya təhvil verilməsinin akt tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü tərəflərə izah olundu.14. Müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra: - Satıcı İddiaçı xx.xx.2015-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür.15. “Alıcı”-nın sahibliyinə və istifadəsinə verilənədək satılmış daşınmaz əmlakın təsadüfən məhv olması və təsadüfən zədələnməsi ilə bağlı məsuliyyət “Satıcı ”-nın üzərinə düşür.16. Müqavilənin notariat qaydasında təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini “Alıcı” çəkir.17. Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Həmin müqavilənin 6-cı bəndində ödənilməsi göstərilən tək 10.000 manat pulu deyil, həm də borclu qaldığı puldan da 10.000 manat həmin gün ödəmişdir. Onun cavabdehə müqavilədən irəli gələn cəmi 10.000 manat borcu qalmışdır. Qalan pulu 09 iyul 2015-ci il tarixə kimi ödəməli idi. Lakin 10 avqust 2015-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən qalan 10.000 manat pulu ödəyə bilməmişdir. 10 avqust 2020-ci il tarixdə həbsdən azad olunmuşdur. Bundan sonra dəfələrlə cavabdehə müraciət etdikdə hər dəfə yaxın vaxtlarda evi boşaldaraq ona verəcəyini vəd vermişdir. Həmin müqavilənin 12-ci bəndinin tələblərindən irəli gələn öhdəliyi cavabdeh yerinə yetirməmişdir. Belə ki, satıcı İddiaçı xx.xx.2015-ci il tarixinədək alıcı Cavabdeh faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Bu gün-sabaha salaraq mənzili ona təhvil verməyi yubatmışdır. Müqavilənin bu bəndində göstərilən öhdəliyi satıcı İddiaçı yerinə yetirməmiş, həmin tarixdən o, mənzildən istifadə edə bilməmişdir. Onun bu qanunazidd hərəkətləri nəticəsində o, maddi ziyana düşmüşdür. Sonradan yuxarıda qeyd etdiyi kimi başına gələn 10 avqust 2015-ci il tarixdə törərdiyi avtoqəza nəticəsində törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə 10 avqust 2020-ci il tarixdək həbsdə cəza çəkmişdir. Həbsdən azad olunduqdan sonra o, satıcı İddiaçı qalan 10.000 manat borcunu ona verməklə evi boşaldaraq ona təhvil verməyi xahiş etmişdir. Sonuncu dəfə satıcı İddiaçı ona bildirdi ki, evi satmır evin alınması üçün ödədiyi pulu qaytarmağa pulu da yoxdur. Onunla İddiaçı arasında bağlanmış ona məxsus olan Bakı şəhəri Buxta küçəsi 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otaq yəni 23 kv. metr hissəsinin satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsüsi Notariusunda 09 iyul 2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-1 № ******* daşınmaz əmlakın alqı -satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394, 567, 568, 646 və 647-ci maddələrinin tələblərinə tam əməl edilməklə bağlanmışdır. Buna görə də o, son çıxış yolunu məhkəməyə müraciət etməkdə görmüş və 22 iyul 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə cavabdeh İddiaçı qarşı mənzil tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin İddiaçı ona qarşı mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq borcunun müəyyən edilməsi, həmin borca uyğun ödənilməmiş pulun cavabdehdən alınması və yaxud mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pulun bölüşdürülməsi barədə qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(009)- 2217/2021 saylı qətnaməsilə “İlk iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri, 2 saylı notariat kontorunun Xüsusi X1 tərəfindən 4Ə-51 No-li reyestr üzrə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə “Alıcı” Cavabdeh “Satıcı” İddiaçı xeyrinə 10000 (on min) manat tutulmaqla Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzili (evin 1/2 hissəsi) boşaldılaraq Cavabdeh təhvil verilmişdir. Qətnamə Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manatın tutulması və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzili (evin 1/2 hissəsi) boşaldılaraq Cavabdeh təhvil verilməsi hissələrində eyni vaxtda icra edilsin. İddiaçı Cavabdeh xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən, **********31-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin 1/2 hissəsini təşkil edən 1 otağının məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcunun müəyyən edilməsi, bundan sonra cavabdeh tərəfindən ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsi, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi” qət edilmişdir. Həmin Bakı şəhəri Səbail rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(009)-2217/2021 saylı iş üzrə icra vərəqəsi verilmişdir. Məhkəmə qətnaməsi qeyd etdiyi kimi icraya yönəldilmiş, lakin borclu tərəfindən könüllü icra edilməmiş, nəticədə Bakı şəhər Səbail rasyon İcra şöbəsi tərəfindən məcburi icra tədbirləri görülərək 10 mart 2023-cü il tarixdə məhkəmə qətnaməsi icra olunaraq onun ödədiyi 10.000 manat pul ona verilməsi ilə onun mənzili boşaldaraq ona təhvil verməsi eyni gündə icra edilmişdir. Algı-satqı yolu ilə aldığı mənzilə görə 20.000 manat satıcı İddiaçı ödəmiş, həbs olunduğuna görə qalan 10.000 manatı ödəyə bilməmişdir. Satıcı İddiaçı 20.000 manat pulunu almasına baxmayaraq aldığı mənzili ona təhvil verməmiş, nəticədə 9 ilə yaxın həm verdiyi 20.000 manat puldan istifadə etmiş, həm də ona satdığı mənzili istifadəsində saxlamışdır.Hesab edir ki, iddiaçının ona qarşı ddiasının təmin edilməsini şərtləndirən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu da nəticə etibarı ilə iddiaçının iddia tələbinin rədd edilməsi barədə məhkəmənin qətnamə qəbul etməsi üçün əsas olmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Bakı şəhəri 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, ümumi sahəsi 43 kv.m., yaşayış sahəsi 23 kv.m. (1 otaq) olan 166 saylı evin 25 saylı mənzilini Cavabdeh 30.000 manata satmışdır. Müqavilənin 6-cı bəndinə əsasən tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı əmlakın bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğdən 10.000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəyir, 20.000 manatı isə xx.xx.2015-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür.Müqavilənin 12-ci bəndinə görə satıcı X4 mənzili xx.xx.2015-ci il tarixədək alıcı Cavabdeh faktiki sahibliyinə verməyi öhdəsinə götürür. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)- 2217/2021 saylı qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri, 2 sylı notariat kontorunun Xüsusi X2 tərəfindən 4Ə- 51 No-li reyestr üzrə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə "Alıcı” Cavabdeh "Satıcı” İddiaçı xeyrinə 10000 (on min) manat tutulmaqla Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzili (evin 1/2 hissəsi) boşaldılaraq Cavabdeh təhvil verilməsi, qətnamə Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manatın tutulması və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzili (evin 1/2 hissəsi) boşaldılaraq Cavabdeh təhvil verilməsi hissələrində eyni vaxtda icra edilməsi, İddiaçı Cavabdeh xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması, İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli alqısatqı müqaviləsinin predmetini təşkil edən, **********31-05101- 093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin 1/2 hissəsini təşkil edən 1 otağının məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcunun müəyyən edilməsi, bundan sonra cavabdeh tərəfindən ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsi, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-11109/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-3938/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11109/2021 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Bakı şəhəri Səbail rayonu İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-2217/2021-010 nömrəli icra sənədinə tam icra olunması əsası ilə xitam verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə əsasən Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 07 saylı qərarında (bənd 2) Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyini, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarının 10-cu bəndinə görə mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi,bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı,zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti,zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsi dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar), maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki,tərəflər arasında notariat qaydasında təsdiq edilərək bağlanmış 09 iyul 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə görə satıcı iddiaçı X4 özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən, ümumi sahəsi 43 kv.m., yaşayış sahəsi 23 kv.m. (1 otaq) olan 166 saylı evin 25 saylı mənzilini alıcı Cavabdeh 30000 manata satmışdır.Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə alıcı Cavabdeh ilkin olaraq 10000 manatı ödəmiş,qalan 20000 manat hissəni isə 09 iyul 2015-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.Ödənilməmiş 20000 manat puldan 10000 manat ödənilmiş,qalan 10000 manat məbləğində pulun 09 iyul 2015-ci il tarixədək ödənilməsi alıcı Cavabdeh tərəfindən təmin edilməmişdir.Satıcı iddiaçı X4 isə 31 mart 2015-ci il tarixədək satdığı mənzili alıcı Cavabdeh faktiki sahibliyinə vermək öhdəliyini yerinə yetirməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış 09 iyul 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə görə satıcı iddiaçı X4 tərəfindən 31 mart 2015-ci il tarixədək mənzili alıcı Cavabdeh faktiki sahibliyinə vermək öhdəliyinin icra edilməsi digər tərəfin alıcı Cavabdeh ödənilməmiş qalan 10000 manat məbləğində pulu 09 iyul 2015-ci il tarixədək ödəmək öhdəliyinin icra edilməsi ilə şərtləşdirilmiş,yəni qarşılıqlı icra iki öhdəlikdən ibarət olmuş,ilk icranı mükəlləfiyyətli tərəf satıcı iddiaçı X4 həyata keçirməlidir. Lakin satıcı iddiaçı X4 mənzili alıcının faktiki sahibliyinə vermək vəzifəsini icra etmədiyindən,Mülki Məcəllənin 441.2-ci maddəsində nəzərdə tutulan qaydalar (müqavilədə ayrı qayda nəzərdə tutulmadığından) tətbiq edilərək alıcı Cavabdeh üzərinə düşən ödənilməmiş qalan 10000 manatı satıcıya vermək öhdəliyin qarşılıqlı icrasını dayandırmaq hüququna malik olmuşdur. Və belə olan halda alıcı mənzili müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil almadığından onun Mülki Məcəllənin 600.5-ci maddəsi ilə nəzərdə tutulmuş mülki məsuliyyətə cəlb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Cavabdeh 09 iyul 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi mülki məsuliyyətə cəlb olunmasına əsas yaratmadığından ona qarşı irəli sürülmüş maddi və mənəvi zərərin əvəzi olaraq pulun alınması tələbinə dair iddiaçı X3 iddiası təmin olunmamalı,iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı X3 Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi olaraq 5500 manat,mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar