Məhkəmə qərarları › İş №2(046)-95/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-95/2022

22.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-95/2022 22.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay şəhəri Xəqani küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin naturada ½payda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi valideyinlərimdən miras payı olaraq qalmışdır. Hazırda ailəsi ilə birlikdə həmin ünvanda ən yaşayır. Cavabdeh hazırda sözügedən ünvanda yaşamır. Buna baxmayaraq sözügedən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinin cavabdehlə barəbər şəkildə yəni ½ hissədə hüquqi sahibdirlər. Həmin fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə paylı mülkiyyət hüquqları tanınmışdır. Lakin cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, aralarında razılığa gələ bilmirlər. Halbuki mübahisəli fərdi yaşayış evində hüquqları bərabərdir. Belə olan şəraitdə payların real bölünməsi zərurəti yaranmışdır. Həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin bölünməsində cavabdehlə könülü olaraq razılığa gələ bilmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə digər Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçı ilə paylı mülkiyyətlərində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin naturada ½ hissədə bölünməsinə etiraz etmir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 15.03.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 81.4 kv m2 fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0840 ha torpaq sahəsi paylı mülkiyyət kimi Cavabdeh və İddiaçı adına ½ hissədə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10.12.2021-ci il tarixli 10/4067 saylı rəydən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0840 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və həmin torpaq sahəsinin naturada təcrid olunmuş şəkildə 1/2 hissədə naturada bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. (Bölgü variantı ekspert rəyinə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir).Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 81.4 kv m2 fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0840 ha torpaq sahəsinin naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərci olan 50 manat iddiaçıdan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 15.03.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 81.4 kv m2 fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0840 ha torpaq sahəsi ½ hissədə naturada bölünməlidir. (Bölgü ekspert rəyinə əlavə olunmuş sxem üzrə aparılmalıdır.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 15.03.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 81.4 kv m2 fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0840 ha torpaq sahəsi İddiaçı və Cavabdeh arasında ½ hissədə naturada bölünsün. (Bölgü ekspert rəyinə əlavə olunmuş sxem üzrə aparılsın.) İş üzrə ekspertiza xərci olan 50 manat iddiaçıdan alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar