Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-127/2025 04.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə tiktok sosial şəbəkə portalında şəxsi tanış olmuş, bundan əlavə adının Zaur olduğunu ona demiş, amma həmin şəxsin əsl adının Pərvin olduğu ona gec məlum olmuşdur. Daha sonra Cavabdeh ilə münasibətləri yaxşılaşmış və o, cavabdehə inanmış, Cavabdeh ondan 800 manat məbləğində borc pul qaytarmaq şərti ilə istəmiş və o, da cavabdehə 2024-cü il avqust ayında bir ay müddətinə qaytarmaq şərtilə cəmi 800 manat pul borc vermiş, Cavabdeh pulunu qaytarmağına dair vəd versə də, geri qaytarmamışdır. Bu barədə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmiş, pulunun qaytarılmasını dəfələrlə Cavabdeh tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Cavabdeh onun telefon zənglərinə belə cavab verməmiş və pulunun qaytarılmasından boyun qaçırmışdır. Eyni zamanda o, cavabdehdən pulunu tələb etdikdə, telefon danışığında onu təhqir etmiş və ünvanına nəlayiq ifadələr işlətmişdir. Beləliklə, Cavabdeh günahı ucbatından o, maddi və mənəvi zərər çəkmişdir. Onun polis şöbəsinə müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, məsələnin mülki xarakterli olmaqla, məhkəmələr tərəfindən baxılmalı olduğu müəyyən edilmişdir. Belə ki, Cavabdeh ondan pul almasını inkar etmir. Cavabdeh ilə olan watsapp danışıqlarını və səs yazılarını sübut növü kimi iddia ərizəsinə qoşma şəklində əlavə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən də Cavabdeh 800 manat məbləğində pulun, mənəvi zərərə görə 1000 manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş tərəflər arasında olan watsapp danışıqlarına və diskə baxış keçirilməsindən, həmçinin müvafiq ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş, həmin danışıqlar zamanı Cavabdeh İddiaçı 800 manat dəyərində pulu aldığını və onun hal-hazırda İddiaçı 800 manat borcu qaldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tərəflər arasında olan məsələnin mülki xarakterli olmaqla, məhkəmələr tərəfindən baxılmalı olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankı- Hökmət ödəniş Portalının xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı 36 manat dövlət rusumu ödənişi etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Cavabdeh 2024-cü ilin avqust ayında bir neçə dəfə olmaqla bir ay müddətinə qaytarmaq şərtilə ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində borc pul vermişdir. Belə ki, bununla bağlı İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş və həmin danışıqlar zamanı Cavabdeh İddiaçı 800 manat borc pul aldığını və hal-hazıradək onun İddiaçı 800 manat borcu qaldığını etiraf etmişdir. Bundan sonra iddiaçı hər dəfə cavabdehdən qalan 800 manat borc pulunu qaytarmasını istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək həmin borc pulu ödəyəcəyinə söz vermiş, lakin cavabdeh iddiaçıya olan 800 manat borcunu hal-hazıradək ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş üzrə İddiaçı Cavabdeh mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etsə də öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, yəni iddiaçı ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini sübut edə bilmədiyindən məhkəmə həmin hissədə iddia tələbinin rədd edilməli olduğunu bildirir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, həmçinin iddia tələbi qismən təmin edildiyindən İddiaçı ödəmiş olduğu dövlət rüsumu hesabına Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan məbləği isə iddiaçının hesabına aid edilməlidir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 800 manat pulun və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatının alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 800 (səkkiz yüz) manat borc pul, 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun qalan 06 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissələrdə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat borc pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 06 (altı) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissələrdə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-127/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-127/2025
04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver