Məhkəmə qərarları › İş №2(047)-128/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-128/2025

14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-128/2025 14.05.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 22 yanvar 2022-ci il tarixdə, saat 15:50də etibarnamə ilə idarə etdiyi “X14” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Suraxanı rayonu, Əmircan qəsəbəsinin Zığ yolu istiqamətində hərəkət edərkən, 104 nömrəli xəttin marşrutu “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobus yolun qadağan olunan hissəsindən surətlə keçərək, idarə etdiyi maşının sol tərəfini əzmişdir. Bildirir ki, qəza baş verən yol, bir istiqamətlidir. Həmin yolda qadağanedici yol nişanı var. Yəni o yolda əks istiqamətdə avtomobil idarə oluna bilməz. Qəza zamanı tanımadığı bir şəxs avtobusu qəzanın baş verdiyi yerdən sürücüyə göstəriş verərək onun etirazına məhəl vermədən, hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerinə, Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı X5 gəlmişdir. Hadisəyə baxış keçirmiş, onu və qəza törədən avtobusun sürücüsü Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon DYPŞ-yə dəvət etmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı X5 xx.xx.2022-ci il tarixdə ondan və qəza törədən avtobusun sürücüsü Cavabdeh2 şöbədə izahat almışdır. xx.xx.2022-ci il tarixdə polis kapitanı X5 yol nəqliyyat hadisəsinin sxemini çəkmiş və sxemlə onları tanış etmişdir. Yol nəqliyyat hadisəsinin sxemindən görünürdü ki, avtobus sürücüsü qadağanedici nişana məhəl qoymamış, yol hərəkəti qaydalarını pozmuş və inzibati xəta törətmişdir. Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı X5 avtobusun sürücüsü Cavabdeh2 inzibati xəta törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edərək, qərar qəbul etmiş və sənədləri Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir. O, Dövlət Sığorta Kommersiya Şirkətindən avtonəqliyyat vasitəsinə dəyən ziyanın pulunun alınması üzrə sənədləşmə aparılan zaman ona sığorta şirkətindən bildirilmişdir ki, hadisə üzrə video görüntüdə günahkar və inzibati xətanı o, törətdiyindən hesablanmış sığorta pulu ödənilməyəcəkdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin əməkdaşı polis kapitanı Elvin Əsgərov onunla mobil telefon əlaqəsi yaradaraq, ona hadisə barədə video görüntü olduğu üçün avtobusun sürücüsü Cavabdeh2 barəsində qəbul edilmiş qərarı ləğv edib, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə tətbiq etmişdir. O, elektron qərardan narazı olduğu üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin polis kapitanı X4 yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron qərarının qanunsuz hesab edib ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 polis kapitanı X5 tərəfindən qəbul edilmiş 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə məlumat üçün, xx.xx.2023-cü il tarixdə isə icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. O, dəfələrlə qərarın icrası ilə bağlı Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 kapitanı Elvin Əsgərovun qəbuluna gedərək, işin onun iştirakı ilə baxılmasını tələb etmiş, polis kapitanı işin baxıldığı zaman onu yazılı çağırılacağını bildirmişdir. Lakin ona heç bir çağırış gəlmədiyindən o, xx.xx.2023-cü il tarixdə yenidən Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 gedərək qərarın nəticəsi ilə maraqlananda, ona qərarın onun iştirakı olmadan baxıldığı bildirilmiş və barəsində TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli elektron tərtib edilmiş protokolun dəyişirilmədən qanuni qüvvəsində saxlanıldığını bildirmişdir. O, X6 iştirakı olmadan baxılıb qəbul etdiyi qərara öz iradını bildirsə də, onun iradına əhəmiyyət verən olmamış, qəbul edilmiş qərarı tələb etdikdə, xx.xx.2023-cü il tarixli qərarı ona xx.xx.2023-cü il tarixdə toplanmış sənədlərin təqdim edilməsinə dair aktla rəsmi şəkildə təqdim etmişlər. O, həmin aktda protokol və qərarın onun iştirakı olmadan tərtib edilməsini bildirərək aktı imzalayıb tarixini qeyd etmiş, həmin aktın əsli Suraxanı RPİ-nin DYPŞ-nin YNH-də, surəti ona verilmişdir. Suraxanı Rayon Polis İdarəsinin Dövlət X13 rəisi vəzifəsini icra edən polis mayoru Rəşad Nağıyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə 3-13-54/2-7132/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, məhkəmə prosesi zamanı hakim onun şikayətini qəbul edərək, işi araşdırmış dəfələrlə keçirilmiş məhkəmə proseslərində yolun qadağan edilmiş əks istiqamət hərəkətinə qarşı tərəfdən rəsmi sənəd tələb edildikdə, həmin tələb edilmiş sənəd təqdim edilmədiyi üçün barəsində tərtib edilmiş protokol və qərar qanunsuz hesab edildiyindən məhkəmə şikayətini təmin etmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X12 göndərilməsi qərara alımışdır. Buna baxmayaraq, Suraxanı RPİ-nin DYPŞ-nin rəisi vəzifəsini icra edən polis mayoru Rəşad Nağıyev məhkəmənin qəbul etdiyi qərarı tam araşdırmadan, düzgün icra etmədən, qərarın müəyyən etdiyi hissədə bildirmişdir ki, İnzibati Xəta haqqında işə yenidən baxılarkən inzibati protokolun qərarı tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qərara almışdır. Halbuki, inzibati xəta haqqında protokol və qərar qəbul edildikdə onun iştirakı olmamışdır. Bu barədə tərtib edilmiş akta öz qeydini etmiş, qəbul edilmiş qərar qanunsuz olduğu üçün Suraxanı rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, 454418 nömrəli protokolu və inzibati xəta haqqında 3-13-54/2-7132/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə o, yenidən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməli olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, qərara əsasən Suraxanı Rayon Polis İdarəsinin Dövlət X13 rəisi vəzifəsini icra edən Rəşad Nağıyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli, 3-13-54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X15 göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1847/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı məhkəmənin 03 iyul 2023-cü il tarixli müşayətedici məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət X12 göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev 31 iyul 2023-cü il tarixdə 3-13-54/2-15838 nömrəli məktubla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət göndərərək barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını qüvvədə saxlamasına göstəriş verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev 31 iyul 2023-cü il tarixli məktubunda qeyd etdiklərindən narazı olduğu üçü, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 polis kapitanı X5 barəsində tətbiq etdiyi xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokolunu və TP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair vəsatətərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəsi təmin edilərək, barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edildiyi üçün Bakı şəhəri Suraxanı Rayon Dövlət X16 doldurulmuş forma-4 ilə birlikdə Dövlət Sığorta Kommersiya Şirkətinə ona sığorta pulunun ödənilməsi ilə bağlı məktub göndərmiş, lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2024-cü il tarixli, 65/xx-xx/2024 nömrəli məktubunda xx.xx.2024-cü il tarixli müraciətin araşdırıldığını, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, ərazisində tərəfindən idarə olunan “X14” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış Cavabdeh2 idarə etdiyi “İsuzu Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyini, Baş X17 idarəsinin Polis leytenantı X1 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında işə xitam verilməsi haqqında qərarı ilə “İsuzu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh2 barəsində başlanmış İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyini, “İcbari Sığorta haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının verdiyi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən və şəxsin təqsirini müəyyən edən yol-nəqliyyat hadisəsi haqqında sənəd əsasında şəxsin mülki məsuliyyəti və sığortaçının sığorta ödənişi həyata keçirmək öhdəliyinin yarandığını, sadalananlara əsasən Cavabdeh2 barəsində başlanılmış İXP ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, daha sonra da onun təqsirli olması ilə bağlı heç bir yekun qərarın qəbul edilməməsi və ya protokolun tərtib olunmaması qeyd olunaraq, “İsuzu Saz” markalı, **-RU- *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh2 təqsiri səlahiyyətli orqan tərəfindən qəbul olunmuş hər hansı aktla sübuta yetirilmədiyinə görə hal-hazırda ona sığorta ödənişinin həyata keçirilməsi üçün əsas mövcud olmadığı və sığorta ödənişinin verilməsi şirkətin imkanları xaricində olduğu bildirilmişdir. Bu səbəbdən də o, sığorta şirkətindən sığorta ödənişini ala bilmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı məhkəmənin xx.xx.2023-cü il tarixli müşayətedici məktubu ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı RPİ-nə məlumat üçün, xx.xx.2023-cü il tarixli müşayətedici məktubu ilə qərar qanuni qüvvəsinə mindiyi üçün xx.xx.2023-cü il tarixdə Arzərbaycan Respublikası DİN Bakı şəhəri Suraxanı RPİ-də qəbul edilmişdir. Həmçinin nəzərə çatdıraraq bildirmək istəyir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı, məhkəmənin xx.xx.2024-cü il tarixli müşayətedici məktubu ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə rəsmi qaydada təhvil verilmişdir. Bu müddət ərzində dəfələrlə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə eyni zamanda Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icra olunması ilə bağlı rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq, heç bir müsbət nəticə ala bilmir. Yuxarıda göstərdiyi səbəblərdən cavabdeh tərəflər ona 6030 (altı min otuz) manat maddi, həm də bu müddət ərzində ona 10000 (on min) manat mənəvi ziyan vurmuşlar. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 MMC və Cavabdeh2 bu müddət ərzində ona baş vermiş yol nəqliyyat hadisəsi zamanı 6030 (altı min otuz) manat maddi, 10000 (on min) manat mənəvi ziyan vurduqlarına görə, cavabdeh tərəflərdən müştərək qaydada cəmi 16030 (on altı min otuz) manat məbləğində pulu və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərardadına əsasən Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə cavabdehlər Cavabdeh1 MMC-nin nümayəndəsinə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə baxış iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 TP4822589 nömrəli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli XP1632529 nömrəli qərarından görünür ki, Cavabdeh2 barəsində çıxarılmış İXP4419372 saylı qərar ləğv olunmaqla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 xx.xx.2022-ci il tarixli TP4936141 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı idarə etdiyi X14 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomobillə İSUZU SAZ markalı 90RU532 dövlət nömrə nişanlı mikroavtobusun toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar mikroavtobusun sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP4419372 saylı inzibati protokol tərtib olunaraq inzibati tənbeh vermə haqqında TP4822589 saylı qərar tətbiq edilmişdir. Lakin hadisə ilə bağlı Baş X17 İdarəsinə təqdim edilmiş videogörüntülərə baxış keçirilərək müvafiq araşdırmalar aparılmış və İSUZU SAZ markalı nəqliyyat vasitəsinin sürücüsünün günahsız olması sübuta yetirilərək onun barəsində tərtib edilmiş İXP4419372 saylı inzibati protokolun TP4822589 saylı qərarına, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Həmin videogörüntülər əsasında, X14 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi tələb edilmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə X14 markalı 90RK110 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İXP4544418 saylı inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş “Azərsığorta” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair qusur aktından görünür ki, İddiaçı məxsus “X14” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği ümumilikdə 6030 manat həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- 3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki,İddiaçı barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. İş materiallarına əlavə olunmuş Ləğv Prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış İsuzu Saz" markalı, 90RU532 dövlət qeydiyyat nişanlı və X14” markalı, 90RK110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. X14 markalı, 90RK110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin sürücüsü İddiaçı şirkətə müraciət edərək əmlakına dəymiş zərərlə bağlı sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Aparılan araşdırma nəticəsində şirkətin İddiaçı garşısında hər hansı bir öhdəliyinin olmaması məlum olmuşdur. Belə ki, Suraxanı rayonu DYPŞ tərəfindən “İSUZU SAZ" markalı, 90RU532 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nazərdə tutulmuş inzibatı xatanı törətməkdə təqsirli bilinmişdir. Daha sonra qeyd olunan qarar ləğv edilmiş, "X14 markalı, 90RK110 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin hadisənin törədilməsində təqsiri olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibatı Xatalar Məcəlləsinin 327.1-ci maddəsi İtə məsuliyyətə cəlb edilmişdir. Vətəndaş tərəfindən verilmiş şikayət nəticəsində Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında icraata xitam verilmişdir. İddiaçı qeyd olunan qərardan məhkəmə qaydasında şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə şikayət təmin edilmiş, inzibati xəta haqqında icraata xitam verilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtoneqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. “İcbari sığortalar haqqında" Qanunun 13-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində isifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi itə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 924.1-ci maddəsinə əsəsən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna məlikdir. Sadalanan hüquq normalarının məzmunundan aydın olur ki, mülki məsuliyyətin icbari sığortasında sığortalanmış əmlakın, istismar edilməsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı isə baş vermiş hadisədə sığortalının və ya sığorta olunanın təqsirinin müəyyən edilməsi ilə öz təsdiqini tapır. Vətəndaş İddiaçı barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsə də digər sürücü Cavabdeh2 məsuliyyətə cəlb edilməmiş, inzibati xata haqqında icraata xitam verilmişdir. Şirkətdə sığortalanmış “İSUZU SAZ” markalı, 90RU532 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 qeyd olunan hadisənin baş verməsində təqsiri müəyyən olunmadığı üçün onun İddiaçı qarşısında mülki məsuliyyəti də yaranmamışdır. Ona görə de baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunmadığından vətəndaş İddiaçı sığorta ödənişinin verilməsi mümkün deyildir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru Nümayəndə və digər Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrin məzmunundan görünür ki, xx.xx- 2020-ci il tarixdən Cavabdeh2 rəsmi olaraq əmək müqaviləsi əsasında Bus Trans MMC-də sürücü vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 15:50 radələrində Suraxanı rayonu Əmircan qəsəbəsi Zığ yolu istiqamətində 104 saylı xətt üzrə işləyən İsuzu Saz markalı **- RU-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən zaman qəflətən ara yoldan X10 minik markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşın mərkəzi yolda qarşısına çıxması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş YNH-si üzrə Suraxanı rayon DYPŞ-əməkdaşı Elvin Əsgərov tərəfindən araşdırma aparılmışdır. O, qanunsuz olaraq İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Qarşı tərəf İddiaçı icbari sığorta ödənişini almaq istəyərkən sığorta təşkilatı tərəfindən əldə olunmuş video görüntü əsasında günahkarın qarşı tərəf olduğu üçün qərardan prokurorluğa şikayət verilmişdir. Şikayət əsasında prokurorluq tərəfindən barəsində tərtib edilmiş inzibati protokol ləvğ edilərək material yenidən araşdırılması üçün Suraxanı rayon DYPŞ-nə göndərilmiş və qarşı tərəf yəni, İddiaçı inzibatı qaydada baş vermiş YNH-nə görə məsuliyyətə cəlb edilmişdir. Sonradan İddiaçı ona tərtib olunmuş inzibati qərarın ləğv edilməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin xx.xx.2023-cü il tarixli, 3(010)-8/2023 saylı qərarı ilə 23 mart 2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Suraxanı rayon Dövlət X12 göndərilmişdir. Təkrar aparılan araşdırma nəticəsində İddiaçı barəsində tətbiq edilmiş inzibati protokol qüvvəsində qalmışdır. İddiaçı yenidən Suraxanı Rayon Məhkəməsinə şikayət etmiş, hakim Namiq Kərimov tərəfindən xx.xx.2023-cü il tarixli, 3(010)-1847/2023 saylı qərarla İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 54/2-7132/2023 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Suraxanı rayon Dövlət X12 göndərilmişdir. Suraxanı rayon X17 əməkdaşları tərəfindən İddiaçı barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP 493614 nömrəli, xx.xx.2023-cü il tarixli qərar qüvvədə qalmışdır. İddiaçı yenidən Suraxanı Rayon Məhkəməsinə şikayət vermiş və hakim Nərminə Rzayeva tərəfindən xx.xx.2023-cü il tarixli, 3(010)-3768/2023 saylı qərarla xx.xx.2023-cü il tarixli, İXP 454441 nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP 493614 nömrəli, xx.xx.2023cü il tarixli qərar ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin həmin fakt üzrə əlavə araşdırma aparılmayaraq hərəkətsiz qalmışdır. Yuxarıda göstərilənlərə baxmayaraq inzibati məsuliyyətə cəlb olunmadığı və barəsində inzibati protokol tərtib edilmədiyi halda əsassız olaraq İddiaçı mülki iddia ilə Bus Trans MMC-ni və onu Suraxanı Rayon Məhkəməsinə verərək 6030 manat avtomaşına dəyən ziyana,10000 manat isə mənəvi ziyan vurulduğuna görə təzminat tələb etmişdir. İddiaçı Bus Trans MMCyə və ona qarşı maddi təzminatın ödənilməsi barədə verdiyi iddia ərizəsi tam əsassız və qərəzlidir. Belə ki, dəfələrlə məhkəmə tərəfindən ləğv edilmiş və sonda xitam verilmiş qərarlara baxmayaraq, Suraxanı rayon Dövlət X16 tərəfindən sonda yenə də o, heç bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Ona görə də, İddiaçı xahiş etdi ki, şikayəti dayandırsın ki, ilkin olaraq aidiyyatı dövlət qurumu tərəfindən inzibati məsuliyyət müəyyənləşdirilsin və sonda əgər o, günahkar kimi inzibati məsuliyyətə cəlb olunarsa, avtobusun sığortası tərəfindən onun avtomaşınına dəymiş ziyan ödəniləcəkdir. Təkliflərinə baxmayaraq İddiaçı öz əsassız şikayətlərini davam etdirdi. İddiaçı sual olunmalıdır ki, aidiyyətı dövlət qurumları tərəfindən o, günahkar kimi inzibati məsuliyyətə cəlb olunmamışsa, o hansı haqla onu və MMC-ni mülkü idda tələbi ilə məhkıməyə veribdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb İddiaçı tərəfindən onun və Bus Trans MMC barəsində verilmiş mülki iddia ərizəsinin əsassız hesab edilməsini və tələbin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə yol qəzası baş vermiş, həmin gün saat 15:00 radələrində "İsusu Saz” markalı, ** RU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh2 avtobusu əks istiqamətdə hərəkət zolağına çıxmış olduğu üçün barəsində Suraxanı rayon DYPŞ-nin polis kapitanı Elvin Əsgərov tərəfindən İXP4419372 nömrəli protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə ******* nömrəli qərar qəbul etmişdir. Qərar qəbul edərək Cavabdeh2 inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edərək, onu 40 (qırx) manat məbləğində inzibati cərimə etmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə DİNnin BDYPl-nin polis leytenantı X2 İXP ******* nömrəli protokolu qeyri-qanuni ləğv etmişdir. Göründüyü kimi həmin protokoldan xx.xx.2022-ci il tarixdə qərar qəbul edilsə də, 3 gün ondan əvvəl DİN-nin polis əməkdaşı saxtakarlıq edərək, XP1632529 nömrəli qərarla, protokolu ləğv etmişdir. O, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə dəfələrlə müraciətlər etsə də DİN-nin BDYPl-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən xx.xx.2024-cü il tarixli məktubunda bildirir ki, onun müraciəti ilə bağlı DYPİ-nin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələbləri barədə ona məlumat verilmiş və Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən araşdırma aparılmış, həmin idarə tərəfindən yol nəqliyyat hadisəsi zamanı günahkarı o, olmuşdur. Tərtib olunmuş protokol İXP4544418 ləğv olunmuş, o, TP4936141 saylı, xx.xx.2022-ci il tarixli qərarla inzibati məsuliyyətə cəlb olunaraq 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə şikayət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-8/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş, icra olunması üçün Suraxanı Rayon DYPŞ-nə göndərilsə də, şöbə qərarı icra etməmiş, icra edilməməsinin səbəbi kimi, protokol və qərarın hər ikisi ləğv olunduğu halda icra olunacaqdır deyə bildirilmişdir. O, yenidən məhkəməyə ərizə ilə müraciət edərək qərar və protokolun ləğv olunmasını xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-3768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizə təmin edilərək barəsində Bakı şəhəri Suraxanı Rayon Dövlət X9 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol və TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İcrasının təmin edilməsini Suraxanı Rayon DYPŞ-dən tələb edən zaman, şöbədən və sığortadan cavab olaraq ona bildirilmişdir ki, yol qəzasını törədən Cavabdeh2 barəsində tərtib olunmuş protokol İXP ******* ləğv olunduğu üçün icra edə bilmirlər. Halbuki, DYPİ-nin rəis müravini Pərvin Səfərəliyev rəsmi qaydada bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müraciəti ilə bağlı aparılmış xidməti təhqiqatın nəticəsi barədə rəyə baxmış və inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılması haqqında qərar qəbul etmişdir. Lakin Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin polis leytenantı X3 İXP ******* nömrəli protokolu xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Göründüyü kimi, DİN və Sığorta idarəsi birləşərək, ona dəymiş ziyanı ödəməkdən yayınmış, müxtəlif bəhanələr gətirərək, bu günə qədər ona dəymiş ziyanı ödəməmişlər. Əlavə olaraq bildirir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən məhkəmə ekspertizası keçirilsə də, Suraxanı Rayon DYPŞ tərəfindən lazimi sənədləri bilərəkdən təqdim etmədiyi üçün, ekspertizasının aparılmasından imtina etmişdir. Yuxanda yazdıqlarını nəzərə alıb, qaldırdığı iddia tələbinin təmin edilməsini xahiş edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtoneqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s. ) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının ve ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində isifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi itə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.1-ci maddəsinə əsəsən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna məlikdir. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş çəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı ona məxsus olan “X14” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə “İsusu-Saz” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh2 tərəfindən maddi ziyan vurulduğunu bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış və beləliklə də Cavabdeh2 hər hansı bir inzibati məsuliyyətə cəlb edilməmişdir. Belə olan halda isə İddiaçı məxsus olan “X14” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyanın vurulmasında Cavabdeh2 və eyni zamanda Cavabdeh1 MMC-nin hər hansı bir mülki hüquqi məsuliyyəti də yaranmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, müvafiq sığorta hadisəsi baş vermədiyindən LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti də İddiaçı məxsus olan “X14” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə müvafiq sığorta ödənişi verməkdən haqlı olaraq imtina etmişdir. Bundan əlavə iş üzrə İddiaçı cavabdehlərdən mənəvi zərərə görə 10000 manat pulun tutulub ona verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMCnə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən də məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMCnə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İş üzrə ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu İddiaçı hesabına aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumu İddiaçı hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar