Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-139/2025 03.04.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 2 il bundan öncə ondan 1700 manat məbləğində pulu bir həftə müddətində qaytaracağına dair söz verərək borc almış, lakin bu günə qədər müxtəlif bəhanələrlə borclu olduğu 1700 manat məbləğində pulu qaytarmaqdan yayınmışdır. O, dəfələrlə cavabdehin özünə və yaxın qohumlarına bu barədə bildirsə də bunun heç bir faydası olmamışdır. Eyni zamanda bildirir ki, ona məxsus 1 ədəd yeşikdə arı ailəsi də Cavabdeh arı təsərrüfatında qalmış və cavabdeh onun arı ailəsini də ona geri qaytarmamışdır. Qeyd edilən hallar ərizəyə əlavə etdiyi 1 ədəd diskdə olan səs yazısında tam şəkildə qeyd edilmişdir. Belə ki, həmin səs yazısında Cavabdeh ona 1700 manat məbləğində borcunun olmasını və ona məxsus 1 ədəd yeşikdə arı ailəsinin onda qalmasını etiraf etmişdir. Buna baxmayaraq nə pulunu, nə də ki, arı ailəsini bu günədək ona geri qaytarmamışdır. Qeyd edilən səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Cavabdeh 1700 manat məbləğində borc pulun və 1 ədəd yeşikdə arı ailəsinin alınıb ona verilinəsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş diskə baxış keçirilməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş, həmin danışıqlar zamanı Cavabdeh İddiaçı 1700 manat pulun borca aldığını və onun hal-hazırda İddiaçı 1700 manat borcu qaldığını və 1 ədəd yeşikdə arı ailəsinin onda qaldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorgusuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X1” Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, bir ədəd yeşikdə arı ailəsinin qiyməti ilə bağlı (2022-ci il və 2024cü il illər üzrə hesablanmaqla) ünvanlanan məktuba Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Tədqiqatlar Mərkəzində adiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Arıçlar Assosiasiyasının mütəxəssisləri və bir neçə arıçılardan əldə edilmiş məlumatlara əsasən, bir ədəd yeşikdə (8-10 ramkalı) arı ailəsinin qiyməti 2022-ci ildə 180-200 manat, 2024-cü ildə isə 250-300 manat aralığında olmişdur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, MM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları birbirinə uyğun olmalı və uzlaşmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyasının iştirakçısı və onu 15 aprel 2002-ci ildə ratifikasiya etmiş Dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikaı Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Cavabdeh 2022-ci ilədə ümumilikdə 1700 manat məbləğində borc pul vermiş, həmçinin iddiaçıya məxsus 1 ədəd yeşikdə arı ailəsi də Cavabdeh arı təsərrüfatında qalmışdır. Belə ki, bununla bağlı İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş və həmin danışıqlar zamanı Cavabdeh İddiaçı 1700 manat borc pul aldığını və iddiaçıya məxsus 1 ədəd yeşikdə arı ailəsinin də onun arı təsərrüfatında qaldığını etiraf etmişdir. Bundan sonra iddiaçı hər dəfə cavabdehdən 1700 manat borc pulunu və bir ədəd yeşikdə arı ailəsini geri qaytarmasını istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək həmin borc pulu ödəyəcəyinə və arı ailəsini geri qaytaracağına söz vermiş, lakin cavabdeh iddiaçıya olan 1700 manat borcunu, eyni zamanda hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi bir ədəd yeşikdə arı ailəsini də hal-hazıradək iddiaçıya geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc pul və dəyəri 250 (iki yüz əlli) manat olan bir ədəd yeşikdə arı ailəsinin özünün və ya həmin bir ədəd yeşikdə arı ailəsi qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə qeyd edilən arı ailəsinin ümumi dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1700 manat borc pul və dəyəri 250 manat olan bir ədəd yeşikdə arı ailəsinin özü və ya həmin bir ədəd yeşikdə arı ailəsi qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onun dəyəri olan 250 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc pul və dəyəri 250 (iki yüz əlli) manat olan bir ədəd yeşikdə arı ailəsinin özü və ya həmin bir ədəd yeşikdə arı ailəsi qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onun dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-139/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-139/2025
03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver