Məhkəmə qərarları › İş №2(047)-260/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-260/2025

03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-260/2025 03.06.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3650 manat pulun və ödənilmiş 56,50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin dəyişdirilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəldiyindən və ona görə də mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2018-ci ilin ortalarında Cavabdeh ilə istifadəsində olan bağ sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi üçün razılıq əldə etmiş, xidmət haqqı olaraq ona hissə-hissə 3650 manat pul vermişdir. O, qeyd edilən məbləği ona görə hissə-hissə verirmiş ki, cavabdeh işlərin görülməsini müxtəlif etaplarla əlaqələndirmiş, axırıncı dəfə cavabdehə pulu 2020-ci ildə vermiş, lakin cavabdeh sənədləşməni nə vaxt başa çatdıracağı barədə ona məlumat verməmişdir. Cavabdehdən bu barədə hər dəfə soruşanda narahat olmamağını söyləmiş, lakin vaxt ötdükcə onun səbri tükənmiş, nəhayət anlamışdır ki, cavabdeh dələduzluq edir və polisə müraciət etmişdir. Lakin Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi X1 xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötməsi səbəbi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh pul almasını inkar etmir, inkar etməsi də mümkün deyil ona görə ki, watsapp yazışmalarında və danışıqlarında borclu olduğunu, lakin ödəməyə imkanı olmadığını bildirmişdir. Ona görə də Cavabdeh 3650 manat məbləğində pulun, həmçinin iddia ərizəsinin verilməsinə görə 56,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş tərəflər arasında olan watsapp danışıqlarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş, həmin danışıqlar zamanı Cavabdeh İddiaçı pul aldığını və onun hal-hazırda İddiaçı borcu qaldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı müraciəti üzrə Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan əlavə, MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı axırıncı dəfə 2020-ci ildə olmaqla İddiaçı istifadəsində olan bağ sahəsinin sənədləşdirilməsi və özəlləşdirilməsi üçün müvafiq xidmətlərin göstərilməsi məqsədilə ümumilikdə 3650 manat pul almışdır. Belə ki, bununla bağlı İddiaçı ilə Cavabdeh arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş və həmin danışıqlar zamanı Cavabdeh İddiaçı borc pul aldığını və hal-hazıradək onun İddiaçı borclu qaldığını etiraf etmişdir. Bundan sonra Cavabdeh öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyindən iddiaçı hər dəfə cavabdehdən pulunu istədikdə cavabdeh ödəyəcəyinə söz vermişdir. Lakin hal-hazıra kimi cavabdeh iddiaçıya olan həmin pulu ödəməmişdir. Daha sonra iddiaçı Cavabdeh barəsində Sumqayıt ŞPİ-nə müraciət etmiş, lakin həmin idarənin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən, yəni cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən rədd edilmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 3650 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56,50 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 76.2-ci maddəsinə görə sübutlar şahidlərin ifadələri və işdə iştirak edən şəxslərin izahatları ilə də müəyyən edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam nəticəsində belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul və 56,50 (əlli altı manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul və 56,50 (əlli altı manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 3706,50 (üç min yeddi yüz altı manat əlli qəpik) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar