Məhkəmə qərarları › İş №2(047)-403/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-403/2023

18.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-403/2023 18.07.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Laçın rayonu, Hacısamlı kəndində qeydiyyatda olmaqla 1992-ci ildən məlum Qarabağ hadisələri ilə bağlı Şəki rayonu, Orta Zəyzid kəndi ərazisində olan Muradbulağı adlanan fermada müvəqqəti məskunlaşaraq yaşadığı ərazidə heyvandarlıq təsərrüfatı ilə məşğul olur. Həmçinin xırda buynuzlu heyvanları kökəldib qazanc əldə etməklə ailəsinin maddi ehtiyaclarını ödəyir. Bu məqsədlə bazardan 150 manata zəif, kəskiyə yaramayan xırda heyvanlar, yəni quzu alıb ayrı-ayrılıqda hər birinə 50 manat pul xərcləyib 320-350 manata satır. Laçın rayon sakini özünə məxsus Kamaz markalı yük avtomobili ilə xırdavat malların satışı ilə məşğul olan iş üzrə Cavabdeh ilə onun əvvəlcədən tanışlığı olmuşdur. Cavabdeh işi ilə bağlı Şəki rayonu ərazisində olarkən tez-tez onlara gəlmiş və ona məxsus evdə qalmışdır. 2018-ci ilin iyul ayında Cavabdeh ona zəng edərək onlara qonaq gəlmək istədiyini bildirmiş, elə həmin gün də onlara gəldikdə onun bazardan alıb kökəltdiyi hər birinin qiyməti 350 manat olan 11 baş erkək qoyunu görüb həmin xırda buynuzlu heyvanları yaşadığı Sumqayıt şəhərində daha baha qiymətə sata biləcəyini ona demişdir. Həmin vaxt o, da Cavabdeh inanıb özünə məxsus hər birinin qiyməti 350 manat olan 11 baş erkək qoyunu Sumqayıt şəhərində satması üçün cavabdehə vermiş, Cavabdeh həmin xırda buynuzlu heyvanları özünə məxsus Kamaz markalı yük avtomobilinə yığaraq aparmış, aradan bir müddət keçdikdən sonra Cavabdeh zəng edib heyvanları satıb-satmaması barədə ondan soruşmuş, Cavabdeh isə heyvanları satdığını və pulunu verəcəyini ona bildirsə də, aradan xeyli meddət keçməsinə baxmayaraq pulunu verməmişdir. Cavabdeh hər birinin dəyəri 350 manat olan cəmi 3850 manat dəyərində 11 baş erkək qoyunu satmaq üçün vermiş, lakin yaranmış borc məsələsini cavabdehlə öz aralarında həll etməyə çalışsa da, cavabdeh hər dəfə onu aldatmış və borcunu verəcəyini bildirsə də qeyd edilən borc məbləğini ona qaytarmamışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq pulunun Cavabdeh alınıb ona verilməsi ilə bağlı Şəki ŞRPŞ-nə ərizə ilə müracət etmiş, həmin şöbədə ərizə ilə bağlı araşdırma aparılaraq 18 iyun 2022-ci il tarixdə Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh Şəki ŞRPŞ-də verdiyi ızahatında ona məxsus 11 baş erkək qoyunu özü ilə satmaq üçün Sumqayıt şəhərinə aparıb satdığını və pulunu ödəmədiyini etiraf etmişdir. Bundan başqa cavabdeh həmin pulu ona vaxtında qaytarmış olsaydı o, indiyədək həmin pulla xeyli qazanc əldə edə bilərdi. Belə ki, o, yuxarıda da qeyd etdiyi kimi aylıq ehtiyaclarını ödəmək üçün bazardan 150 manata quzu alıb hər birinə 50 manat pul xərcləməklə həmin quzuları 320-350 manata satıb hər birində 120-150 manat qazanc əldə edir. Həmin pulla o, hər birinin dəyəri 150 manat olan 23 quzu ala və həmin quzuların da hər birini 130 manatdan artıq qiymətə satmaqla cəmi 3000 manat qazanc əldə edə bilərdi. Cavabdeh ona məxsus olan pulu vaxtında qaytarmadığından o, yuxarıda qeyd etdiyi qazancdan məhrum olmuş, ona görə də hesab edir ki, cavabadeh tərəfindən ona bu səbədən 3000 manat əldən çıxmış fayda şəkildə əlavə pul ödənilməlidir. Beləliklə də hüquqları tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu da könüllü olaraq ona qaytarmaq istəmir. Artıq cavabdeh tərəfindən aldanıldığını başa düşmüş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 3850 manat borcun və əldən çıxmış faydanın əvəzi olaraq 3000 manat pulun, cəmi 6850 (altı min səkkiz yüz əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh izdhatında İddiaçı məxsus 11 baş erkək qoyunu özü ilə satmaq üçün Sumqayıt şəhərinə aparıb satdığını və pulunu ödəmədiyini etiraf etmiş, lakin İddiaçı qeyd edilən pul tələbi mülki xarakterli olduğundan Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olması bildirilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Bazar ASC tərəfindən İddiaçı verilmiş məktubdan görünür ki, bir baş erkək, təxmini diri çəkisi 50-55 kiloqram olan qoyunun 2018-ci ilin iyun ayı üçün orta satış bazar qiyməti 350 manat (11 baş x350 manat=3850 manat) təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MM-nin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Bundan əlavə, MM-nin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. MM-nin 780.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir. 780.1.1-vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2-tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3-icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. MM-nin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmçinin, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bundan əlavə, MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qəararına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Həmçinin, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı 2018-ci ilin iyul ayında özünə məxsus olan on bir baş xırda buynuzlu erkək qoyunun Sumqayıt şəhərində yerləşən bazarda satılması üçün tanışı Cavabdeh ilə şifahi formada tapşırıq müqaviləsi bağlamış və həmin tapşırıq müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, İddiaçı qeyd edilən xırda buynuzlu mal-qaranın hər birinin qiyməti 350 manat olmaqla ümumilikdə 3850 manata satılması tapşırığı almışdır. Bundan sonra Cavabdeh həmin xırda buynuzlu mal-qaranı Sumqayıt bazarına apararaq orada satmış, lakin qeyd edilən heyvanların satışından əldə etdiyi məbləği İddiaçı geri qaytarmamışdır. Bu fakt Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında da öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh Şəki ŞRPŞ-nə verdiyi izahatında 2018-ci ilin iyul ayında iddiaçıdan 3850 manat dəyərində on bir baş xırda buynuzlu erkək qoyun aldığını etiraf etmiş, lakin həmin qoyunları 1250 manata satdığını bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə Cavabdeh Şəki ŞRPŞ-nə verdiyi izahatında qeyd etdiyi bu xüsusatı, yəni iddiaçının tələb etdiyi 11 baş erkək qoyunu 1250 manata satmasını səmimi qəbul etmir. Bundan sonra iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən pul məbləğinin ona ödənilməsini tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan həmin pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş üzrə İddiaçı Cavabdeh əldə çıxmış fayda qismində 3000 manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etsə də öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, yəni iddiaçı vəsaitdən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut edə bilmədiyindən məhkəmə həmin hissədə iddia tələbinin rədd edilməli olduğunu bildirir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3850 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat borc pul alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3850 (üç min səkkiz yüz əlli) manat borc pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar